İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian hamımız üçün şans deyilmi?..

“Siyasətçi uzağı, konsensus, filosofsa həmişə və hər yerdə həqiqət axtarır” – deyəsən, belə deyiblər ağıllı insanlar.

Açığı, özümüzü birmənalı şəkildə, büsbütün bu düşərgənin heç birinə aid etmirik – real və praktiki siyasətdən xeyli müddətdir uzaq düşmüşük, filosoflara və fəlsəfəyə gəldikdəsə, necə deyər, tonlarla kitab oxusaq da, özümüzü tamam bu sahəyə də aid bilməmişik və elə fəlsəfəyə də daha çox siyasətlə bağlı məqamları başa düşməkçün bir vasitə kimi baxmışıq.

Amma bir məsələ var ki, adamların hamısı bir balaca “filosof” olur, xüsusən ahıl vaxtlarında: adam var, bunu müdrikcəsinə qəbul edir, adam da var, tamam - kamal, ciddi bir şəkildə inanmağa başlayır ki, o, deyəsən həqiqətən də filosof imiş...

Biz yazı–pozu adamlarının işi bir az da qəlizdir: əzəldən peşəmiz həqiqət axtarmnaqdır, fərqi yoxdur, böyük, ya kiçik, fəlsəfi və ya qeyri-fəlsəfi! Odur, növbəti yazıya keçməzdən bu kiçicik girişi etdik.

Qərəz, indi də keçək mətləbə. Düzü, doktor Məsud Pezeşkian hakimiyyətə gələndə müəyyən şübhələr və tərəddüdlər vardı. Çoxu belə düşünürdü ki, bu da yəqin “fars qafalı” cənublulardandır və islahatçılığı da siyasi blefdən savayı bir şey deyil.

Ona görə ki, məşhur islam inqilabından sonra (əslində bunu İranın faciəsi adlandırmaq lazımdır!) İranda “islahatçı” adı altında çox adam hakimiyyətə gəlibdir və onların “islahatları” göz qabağındadır.

Bəli, sübut-dəlil üçün uzağa getmək lazım deyil, İran sözün əsl mənasında “izqoy” dövlətə çevrilib, hamı ondan üz döndərib, ən əsası isə ölkə vətəndaşlarının ən elementar tələblərini, hətta işığa, suya, daha nə bilim nəyə, tələbatını təmin edə bilmir. Odur ki, bir daha deyirik: Pezeşkianla bağlı da müəyyən şübhələr vardı. Nəinki adi siyasi müşahidəçilər, hətta prezident Ərdoğan kimi təcrübəli, necə deyər, quşu dimdiyindən tanıyan siyasətçilər İranın yeni, doktor prezidentini bir azca soyuq qarşıladılar.

Nəticələrlə tələsmək fikrində olmasaq da artıq xeyli əsas var ki, onlar Pezeşkianın İranın siyasətini, tək regional yox, hətta daxili siyasətini də dəyişmək istədiyini deməyə əsas verir.

COP29 zamanı o, Bakıya gəlmədi və hamımız çox məyus olduq. Amma sonradan Pezeşkian Azərnbaycana səfərini reallaşdıra bildi.

Üstəlik, bizim Azərbaycanla, regionla, cənublularla bağlı çox xoş sözlər dedi və hazırda da deməkdədir.

Təkcə onun ölkəsinin region dövlətləri, Azərbaycanla münasibətlərilə bağlı dediklərini diqqətə gətirmək yetər.

Bu adam deyir ki, Azərbaycanla bağlı problemimiz varsa bu, ilk növbədə bizim günahımızdır. Necə olur ki, uzaq İsrail Azərnbaycanla normal, sıx əlaqələr qurur, bizsə bunu burdan-bura edə bilmirik?..

Bəli, digər bəyanatları və milli-cənublu jestləri kimi Pezeşkianın son sözləri də iranlı mühafizəkarların, fars şovinistlərinin böyük müqavimətilə qarşılaşdı. Həqiqətən də çətindir. Xüsusən də ona görə çətindir ki, fars təfəkkürlü insanları başa düşürük, amma bizim cənublu ruhani elitasını, xüsusən də indiki ali dini lider Seyyid Əli Xameneyini başa düşə bilmirik ki, bilmirik!

Lap sırf milli hislər bir tərəfə qalsın, bu adamlar fasiləsiz şəkildə müsəlmançılıqdan, dindən-islamdan, dini qardaşlıqdan danışırlar. Amma yarım əsrlik islam inqilabı dövründə real olaraq ortalıqda nə var?

Müsəlman dövlətlərinin əksəriyyətilə, ö cümlədən şimal Azərbaycanı ilə, hətta şimallı azərbaycanlılarla da açıq-.aşkar düşmənçilik aparılır. Onların cənublu azərbaycanlılarına normal müasibəti varmı? Əsla! Ruhani elitası, iranlılar cənublulara milli köklərini unutdurmaq üçün  hansı təzyiqləri etmirlər! Budurmu “müsəlman qardaşlığı”?..

Belədə isə, İran ruhani rejimi yarım əsrdir ki, mövcuddur. Bu illər ərzində bunlar nəinki region dövlətlərinə, az qala, bütün dünyaya savaş açıblar. Nəyin davasını, savaşını aparırlar? İnanın ki, şəxsən mən bunu anlamağa çətinlik çəkirəm: axı nəyin düşmənçiliyini aparırlar bunlar?

Başa düşmək olmur. Götürək elə bunların dini ekspansiya siyasətini. İndi nə edək? 21-ci əsrdə şiə-sünni savaşı aparaq? Gülünc deyilmi? “Şiə qövsü” və s. kimi ifadələri eşidəndə şəxsən müsəlman kimi xəcalət çəkirəm: axı hamımızın bir Allahı, bir peyğəmbəri və bir də Quranı var! İndi nə edək? Bunlardan indi imtina edib 1400-1500 il əvvəl baş vermiş hadisələrə görə sünni müsəlmanları qılıncdan keçirək? Gülünc deyilmi?

Səhv etmirəmsə, elə bu günlərdəcə Təbriz imamı vay-şivən qopardı ki, bəs dinimiz, daha doğrusu, guya şiəlik əldən gedir! İndi nə edək? Durub digər dini təriqətlərə, məsələn, sünnilərə “Varfolomey gesəci” quraqmı? Adama gülməzlərmi?   

Başa düşürəm, indi də bütün dünyada dinlərin yaxınlaşması (ekumenizm) kimi proseslərə cəhd edilsə də dini cərəyanlar daha çox öz təsirlərini artırmağa çalışırlar. Amma ümumi islam haqqında düşünmək, müxtəlif təriqətlər arasındakı fərqləri, qarşıdurmaları azaltmağa çalışmaq daha yaxşı olmazdımı?

Quranda nə şiə söhbəti var, nə sünni, bütün bunların hamısını sonradan mollalar yaradıb, hətta bir az da şişirdib-uydurublar...

Dində buyurulur ki, müsəlman müsəlmanı qul etməz. Cənublular, digər İran xalqları məni bağışlasın, onları qul adlandırmaq fikrim yoxdur, gəl, on milyonlarla cənublu türkün niyə milli-mədəni hüquqları təmin olunmasın? Axı onlar etnik azlıq da deyil, əhalinin böyük əksəriyyətini təşkil edən xalqdır. Niyə İranda türk dilinə xüsusi status verilməsin? Niyə iranlı ruhani dəstəsi bunu istəmir? Budurmu müsəlman qardaşlığı?

Yaxud da götürək regional problemləri, şimali Azərbaycana münasibəti, Yaxın Şərqdə yürüdülən siyasəti.

Bizim Azərbaycanla bağlı siyasət haqda çox yazılıb və deyilib, amma hətta indinin özündə, demək olar ki, hamı Azərbaycanın qanuni haqlarını və ərazi bütövlüyünü tanıyandan sonra da bunların İrəvandakı səfirləri hələ ermənipərəst bəyanatlar verir, iranlı diplomatlar Moskvaya cumurlar ki, necə edək, birlikdə bu Zəngəzur layihəsinin qarşısını alaq?..

Və yaxud da götürün ən klassik problemi – Fələstin məsələsini. Doğrudanmı Fələstini və fələstinliləri yalnız İran (guya!) müdafiə edir? Hazırda Fələstini tanımaqla bağlı aparıcı Qərb dövlətləri arasında yeni böyük dalğa müşahidə olunur. Qəzzaya görə Beynəlxalq Cinayət Məhkəməsi İsrail baş naziri haqqında qərar qəbul etdi! Tramp birinci idarəçiliyi dövründə Yerusəlimi İsrailin bölünməz paytaxtı elan edib səfirliklərini ora köçürərkən demək olar ki, iki-üç dövlətdən savayı heç kim, heç bir Avropa dövləti buna dəstək vermədi! Və yaxud da Türkiyə fələstinliləri və Fələstini azmı müdafiə edir? İran, ümumiyyətlə, Fələstini ürəkdən müdafiə edirmi? Bu, daha çox iranlı mollaların əlində hakimiyyətlərini uzatmaq üçün bir alət deyilmi? Bir daha soruşuruq: axı iranlı mollalar dünya ilə nəyin savaşını aparır? Niyə İranı bütün dünya ilə düşmən ediblər? Rusiya, Şimali Koreya kimi “izqoy” ölkələr bəs etmirmi bəşəriyyətə? Yaxşı olmazdımı ki, bunlara Qumda bir məscid verilsin və qoy, orada nə qədər istəyirlər danışınlar Azərbaycana, İsrailə, hətta Dünyaya qarşı!..

Hiss olunur, prezident Pezeşkian bu problemlərin ağrısını yaşayır. Öz vətəndaşlarının elementar ehtiyaclarını belə təmin edə bilməyən, üstəlik, otuz milyondan çox cənublu türkün, bəli, hüququ pozulan on milyonlarla türkün prezidenti başqa cür düşünə bilərmi?..

Odur, gərək, hamımız başa düşək ki, Pezeşkian şimal Azərbaycanı üçün də, cənub türkləri üçün də, İranın özü və mütərəqqi insanları üçün də bir şansdır. Gərək, ona dəstək olaq. Xüsusən də Təbriz. Çünki deyilənə görə, vaxtilə hətta Xomeyni deyirmiş ki, Təbriz dəstək verməyincə İrana gedə bilmərəm...

Ən sonuncu prezident seçkilərinin İranın coğrafi müstəvisinə proyeksiyasını dəqiq bilmirik, amma düşünürük Təbriz doktora səs verməkdə öndə gedən bölgələrdən biri olubdur. Bu dəstəyi bir az da artırmağın vaxtı və məqamıdır, təkcə prezident Pezeşkianın yox, hamımızın buna böyük ehtiyacı vardır, bu şansı əldən vermək olmaz.

Xüsusən də nəzərə alaq ki, iranlı mühafizəkarlar və əsas da ruhani elitası indi də olmasa, növbəti seçkilərdə revanş götürməyə çalışacaqlar, çünki bunlar belə hesab edir ki, bunların tarixi, fövqəlbəşər “inqilab”ları üçün çox böyük təhlükə var. Odur ki, bütün mütərəqqi iranlıların, xüsusən də təbrizlilərin dəstəyinə böyük ehtiyac duyulur...

Söhbət separatist tendensiyalardan, nə bilim, İranı “bölüb-parçalamaq”dan getmir, yetər ki, qonşu ölkə dəyişsin, orta əsr idarəçilyindən qurtulub müasir dövlətə çevrilsin, ən əsası da milyonlarla cənublu türkün də mədəni haqları tanınsın, türk dili də ikinci dövlət dili olsun.

Hətta 90-cı illərdə arabir belə fikirlər səslənirdi ki, Dağlıq Qarabağ probleminin həlli də Təbrizdən keçir. Amma belə olmadı, biz Qarabağı Təbrizsiz, hansısa regional təlatüm yaratmadan da azad edə bildik və bu, həqiqətən də tariximizə böyük hərflərlə yazılacaq hadisədir.

Amma elə məsələlər də var ki, onların fundamental, necə deyər, birdəfəlik həlli üçün elə həqiqətən də Təbrizin iştirakı, İranın dəyişməsi vacibdir.      

Bəlkə də ötən əsrin əvvəllərində böyük Məhəmməd Əmin Rəsulzadə bunu nəzərdə tutaraq Türkiyə, İran və Azərbaycan arasında konfederativ bağlardan danışırdı. İran demokratik ölkə olsa, yenidən həm də türklərin dövlətinə çevrilsə, niyə də yox?..

Doktor Pezeşkianın idarəçliyi dövründən tamam uzağa gedən ekstrapolyasiyalar qurmaq fikrində deyilik. Amma hərə bircə addım atsa, bir də gördün, bir xeyli irəli getdik  Odur ki, hamımız doktordan konkret, praktiki addımlar gözləyirik, çünki real siyasətçilər təkcə siyasi maarifçiliklə məşğul olmur, onların əvəzinə bunu filosoflar, politoloqlar, jurnalistlər edə bilər. Böyük siyasət adamlarındansa nəsə konkret addım gözləyir hamı – bəli, mollaların yarım əsrlik hakimiyyətinə son verəcək heç olmasa, kiçicik bir addım...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR