İnsanlara hürriyət, millətlərə istiqlal!

4 günlük iş həftəsi - insan da qazanır, biznes də...Niyə bəzi ölkələrdə və şirkətlərdə bu model hələ də tərəddüdlə qarşılanır? 

Dünyada əmək münasibətləri yeni mərhələyə qədəm qoyur. Dördgünlük iş rejimi bir müddət əvvəl müzakirə obyekti idisə, bu gün artıq bir çox ölkədə tətbiq olunan real iş modelinə çevrilib. Son araşdırmalar da bu sistemin həm işçilər, həm də şirkətlər üçün effektiv olduğunu ortaya qoyur.

“4 Day Week Global” beynəlxalq təşkilatının alimləri tərəfindən aparılan və nüfuzlu “Nature Human Behavior” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, dördgünlük iş rejimi maaşlar azalmadan tətbiq olunduqda həm əmək məhsuldarlığı artır, həm də işçilərin stress səviyyəsi əhəmiyyətli dərəcədə azalır. Sınaq prosesində iştirak edən 33 şirkətin heç biri dördgünlük sistemə qarşı çıxmayıb, əksinə bu modeldən məmnun qaldıqlarını bildiriblər.

DORD.jpg (45 KB)

Tədqiqat göstərib ki, əlavə istirahət günü işçilərin həm fiziki, həm də psixoloji vəziyyətinə müsbət təsir edir. Bu isə öz növbəsində onların daha motivasiyalı, enerjili və məhsuldar çalışmasına gətirib çıxarır. Şirkətlərin gəlirlərində artım müşahidə olunması isə bu modeli yalnız sosial deyil, eyni zamanda iqtisadi baxımdan da sərfəli edir.

Dördgünlük iş sistemi artıq bir sıra ölkələrdə qanunvericiliklə təsdiqlənib və tətbiq olunur. Belçika Avropa İttifaqı ölkələri arasında bu sistemi tanıyan ilk dövlətdir. Burada işçilərə həftəlik 38 saatlıq normanı dörd gün ərzində tamamlamaq imkanı verilib. Bu da onlara əlavə istirahət günü qazandırır. Niderland isə uzun illərdir bu rejimə keçən ölkələrdən biridir və gündəlik orta iş saatı burada 7 saat 30 dəqiqə təşkil edir. Fransada və İrlandiyada isə rəsmi iş həftəsi 35 saatla məhdudlaşdırılıb.

MDB məkanında isə bu sahədə ilk addımı Qazaxıstan atıb. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkənin Əmək Məcəlləsinə dəyişikliklər olunub və dördgünlük iş rejiminə hüquqi baza yaradılıb. Yeni mexanizm işçilərin istirahət hüququnun genişləndirilməsi ilə yanaşı, işəgötürənlərə də daha çevik planlaşdırma imkanı verir.

TOKA.jpg (82 KB)

Bununla belə, bəzi ölkələrdə və şirkətlərdə bu model hələ də tərəddüdlə qarşılanır. Bəzi insanlar bu sistemin faktiki olaraq iş saatlarını azaltmayacağını, əksinə qısa müddətdə daha çox iş yükü ilə nəticələnəcəyini düşünürlər. Amma aparılan tədqiqatlar bu yanaşmanın əksinə nəticələr ortaya qoyur: daha az iş saatı, daha yüksək məhsuldarlıq və daha çox rifah.

Azərbaycanda isə hazırda qanunvericiliklə beşgünlük iş rejimi müəyyən olunub və bu, istər dövlət, istərsə də özəl sektorda əsas norma kimi tətbiq olunur. Lakin dünya təcrübəsi göstərir ki, dəyişən reallıqlar əmək münasibətlərinin də yenidən qurulmasını zəruri edir. Əgər bu model Azərbaycanda pilot layihə kimi bir neçə şirkətdə sınaqdan keçirilsə, nəticələr əsasında geniş tətbiqi müzakirə oluna bilər. Xüsusilə IT, dizayn və digər kreativ sahələrdə bu rejimin faydalı ola biləcəyi istisna deyil.

Dördgünlük iş sistemi artıq təkcə əmək rejimi deyil, iş həyatının fəlsəfəsini dəyişən bir trendlir. İnsanlar yalnız işləmək üçün yox, yaşamaq üçün də zaman qazanmaq istəyirlər. Bu model də məhz buna xidmət edir – daha sağlam, balanslı və məhsuldar bir həyat üçün.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a danışıb.

AKİF.jpg (31 KB)

O bildirib ki, 4 günlük iş həftəsinə keçmək üçün ölkə iqtisadiyyatı yüksək səviyyədə inkişaf etməlidir:

“4 günlük iş həftəsinə keçid adi bir bəyanatdan ibarət deyil. Bunu təsdiq etmək üçün həm də imkanlar olmalıdır. Yəni ölkənin iqtisadiyyatında mexanikləşmə, avtomatlaşdırma prosesi getsin və maddi nemətlər istehsalında insan əməyi kifayət qədər aşağı salınsın ki, insan əməyi çatışmadıqda maddi nemətlər istehsalı ara verməsin, dayanmasın, istehsal zənciri qırılmasın.

İş həftəsinin qısaldılması texnologiyalarla bağlıdır. Dünyada hansı ölkədə texnologiya, ictimai imkanlar və sənayenin avtomatlaşdırılması prosesi genişlənibsə, orada insanın istirahətinə daha çox vaxt qalır. İnsanların gördüyü işi artıq texnologiya yerinə yetirir. Biz əgər 4 günlük iş həftəsinə keçmək istəyiriksə, ölkəyə yenilənmiş və inkişaf etmiş texnologiya, konveyerləşdirilmiş istehsal prosesi gəlməlidir. Bunun nəticəsində insanların istirahətinə daha çox vaxt qalmalıdır. Məsələn, bu gün Azərbaycanda 4 günlük iş həftəsi tətbiq edilərsə və insanlar 4 günlük işləyib, 3 gün istirahət edəcəksə, bəs bu 3 gün ərzində onların əvəzinə kim işləyəcək?!

Doğrudur, Qərbin inkişaf etmiş ölkələrində bu realdır, tətbiq edilir və heç bir problem yaşanmır. Bir neçə il bundan əvvəl  bəzi bayram günlər ölkəmizdə iş günü elan edildi. Çünki təqvimdə istirahət günlərinin artması ümumi istehsal prosesinə mane olurdu. İstirahət günlərinin sayı çoxalırdı, iş günlərinin sayı isə azalırdı, nəticədə ölkədə maddi nemətlər axını zəifləyirdi. Bu zəifləməni isə ancaq texnologiya ilə aradan qaldırmaq olar”.

Ekspertin sözlərinə görə, MDB ölkələri arasında bu kriteriyalara cavab verən ölkə yoxdur:

“Yalnız Pribaltika ölkələrində bu məsələ mümkün ola bilər. Amma həmin ölkələrin avtomatlaşdırılma prosesi haqqında da dəqiq məlumatım yoxdur”.  

Azərbaycanın reallığında bu məsələnin nə qədər əlçatan olduğunu iqtisadçı Natiq Cəfərli qiymətləndirib.

NATİQ CEFERLİ.jpg (27 KB)

Ekspertin sözlərinə görə, 4 günlük iş sistemini iqtisadiyyatın əsasını özəl sektorun təşkil etdiyi ölkələrdə tətbiq etmək daha rahatdır. Çünki bu ölkələrdə əmək bazarı daha çevik və adaptasiya olunmağa daha meyllidir. Azərbaycan isə bu mənada fərqli strukturda iqtisadiyyata malikdir.

“Azərbaycanda muzdla – yəni əmək müqaviləsi ilə çalışanların sayı təxminən 1 milyon 900 min nəfər təşkil edir. Bu rəqəmin 900 mini dövlət sektorunda, əsasən də büdcə təşkilatlarında çalışanlardır. Belə olan halda, dövlət qurumlarında iş rejiminin 4 günə endirilməsi ümumi daxili məhsula – yəni ÜDM-ə nəzərəçarpacaq təsir göstərməyəcək. Nə artım olacaq, nə də azalma. Amma bu dəyişiklik iş prosesinə mənfi təsir edə bilər.

Büdcə təşkilatlarında çalışanların iş rejiminin dəyişməsi daha çox xidmətin keyfiyyətinə və əlçatanlığına təsir edəcək. Məsələn, həkimlər, müəllimlər, polis əməkdaşları, ASAN xidmət və ya DOST xidməti kimi ictimai platformalar dördgünlük iş rejiminə necə keçə bilər? Xidmət sahəsində fasiləsiz fəaliyyət tələb edən sahələrdə bu dəyişiklik çətinlik yarada bilər”, – deyə Natiq Cəfərli qeyd edib.

Ekspert hesab edir ki, bu rejim özəl sektor üçün də düşündüyümüz qədər asan deyil. Xidmət sektorunda – məsələn, kafe, restoran, otellərdə işin dörd günlə məhdudlaşdırılması üçün ilk növbədə əmək müqavilələrinə dəyişiklik edilməlidir. Bununla yanaşı, daha çox işçi qüvvəsinə ehtiyac yaranacaq, bu isə işəgötürənlərin xərclərini artıracaq və rentabelliyi azaldacaq.

“Ona görə də 4 günlük iş rejiminin tətbiqi bu mərhələdə olduqca çətindir. “Bu məsələni reallaşdırmaq üçün ilk növbədə iqtisadiyyatda struktur islahatları aparılmalı, əmək bazarı çevikləşdirilməlidir. Ancaq bundan sonra belə bir rejimə keçid barədə ciddi düşünmək olar”, - deyə iqtisadçı vurğulayıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR