Onlayn ictimai-siyasi qəzet
2025-ci ilin ilk 6 ayı - yanvar-iyun ayları ərzində narkomanlıqla və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində dövlət strukturlarının apardığı intensiv mübarizə tədbirləri ilə yadda qaldı.
Musavat.com xəbər verir ki, Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aparılan ümumiləşdirilmiş təhlili təqdim edib.
Azərbaycan narkotiklərin sızmasına qarşı sərt və çoxşaxəli mübarizə strategiyasını davam etdirir. Hesabat dövründə hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti nəticəsində ümumilikdə 4 min 675 narkotik cinayəti qeydə alınıb. Bunlardan 1484 fakt qanunsuz satış, 3 min 92 fakt narkotiklərin satış məqsədi olmadan əldə edilməsi və saxlanması, 97 fakt narkotik tərkibli bitkilərin kultivasiyası, 2 fakt isə digər xarakterli narkotik cinayətləri ilə bağlıdır.
Bu faktlar üzrə ümumilikdə 4 ton 290 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə edilmiş narkotiklərin tərkibində 3,7 ton marixuana, 226 kiloqram heroin, 87 kiloqram tiryək, 42 kiloqram həşiş, 134 kiloqram digər narkotik vasitələr, 96 kiloqramdan çox psixotrop maddə olub. Bununla yanaşı, hüquq-mühafizə orqanları tərəfindən 5 min 183 ədəd metadon həbi, 12 min 222 ədəd çətənə bitkisi, həmçinin güclü təsirə malik 95 həb, 39 kapsul və 588 qram maddə də qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə olunmuş narkotiklərin bazar dəyəri 109 milyon 706 min manatdan artıq qiymətləndirilir. Bu məbləğ bir tərəfdən narkobiznesin iqtisadi dövriyyədəki miqyasını göstərirsə, digər tərəfdən bu maddələrin cəmiyyətə çatmadan tutulmasının real təhlükənin qarşısını aldığına dəlalət edir. Bu cinayət əməlləri ilə bağlı 2 min 838 nəfər cinayət məsuliyyətinə cəlb olunub – onların 2 min 745-i kişi, 93-ü qadındır. Həmin şəxslər arasında 52 nəfər xarici ölkə vətəndaşı da var. Onlardan ümumilikdə 722 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə, əlavə olaraq 198 qramdan artıq çətənə kolu götürülüb.
Qaçaqmalçılıqla mübarizə istiqamətində aparılan əməliyyatlar çərçivəsində 120 qaçaqmalçılıq faktı aşkarlanıb. Bu faktlar üzrə 1 ton 627 kiloqramdan çox narkotik və psixotrop maddə, 5 min 183 metadon həbi, 13 mindən artıq güclü təsirə malik dərman həbi dövriyyədən çıxarılıb.
Aşkarlanan cinayətlərin 140-ı qrup halında törədilib və həmin hallarda ümumilikdə 1 ton 289 kiloqram narkotik vasitə müsadirə olunub. 1308 fakt isə əvvəllər məhkum olunmuş şəxslərin iştirakı ilə törədilib, həmin şəxslərdən 973 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.
Təhlillər göstərir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2025-ci ildə aşkar edilmiş narkotik cinayətlərin sayı ümumilikdə azalıb. Belə ki, cinayət faktları üzrə ümumi fakt sayı 1000, qanunsuz satışla bağlı faktlar 250, saxlanma ilə bağlı faktlar 730, kultivasiya faktları 19, qaçaqmalçılıq 3 fakt, qrup halında törədilən cinayətlər 29 fakt, cinayət məsuliyyətinə cəlb edilənlər 1043 nəfər azalıb.
Lakin müsadirə olunan narkotiklərin ümumi çəkisi 567 kiloqram artıb, bu da daha iri partiyaların tutulduğunu göstərir. Müqayisə göstərir ki, heroinin dövriyyədən çıxarılmasında 204 kiloqram, tiryəkdə 6 kiloqram, psixotrop maddələrdə isə 34 kiloqramdan çox azalma müşahidə olunub. Buna baxmayaraq, marixuana hələ də siyahının başında yer alır. Müsadirə edilmiş maddələrin 86 faizini marixuana təşkil edir və onun 91 faizi xarici mənşəlidir.
2025-ci ilin yanvarında və mayında məhkəmə qərarları əsasında 10 tona yaxın müxtəlif növ narkotik və psixotrop maddə, eləcə də minlərlə çətənə bitkisi rəsmi olaraq məhv edilib. Əlavə olaraq, 31 rayon və şəhərdə keçirilmiş tədbirlərdə 1301 məhkəmə qərarı ilə 33 kiloqramdan çox narkotik və güclü təsirə malik dərman preparatları məhv edilib. Bu tədbirlər çərçivəsində ümumilikdə 8644 ədəd çətənə bitkisi də yandırılıb.
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə 46 min 420 nəfər narkoloji müayinəyə göndərilib, onların 2 min 531 nəfəri narkotik istifadəçisi kimi müəyyən olunub və onlara münasib tədbirlər görülüb. Hazırda metadonla əvəzləyici müalicə proqramı üzrə 3 mərkəzdə (RİM, QİÇS-lə Mübarizə Mərkəzi, Sumqayıt) 786 nəfər müalicə alır. Sevindirici haldır ki, İİV-yə yeni yoluxmalarda inyeksion narkotik istifadəçilərinin sayı azalıb. Bu il bu göstərici cəmi 29 nəfər və ya 4,5 faizdir.
Yarım il ərzində “802” qaynar xəttinə 451 müraciət daxil olub. Onlardan 46-sı narkotik dövriyyəsi, 38-i narkotik asılılıqdan müalicə, qalan 367-si isə digər məsələlərlə bağlı olub. Hər bir müraciət üzrə tədbirlər görülməsi üçün 84 məktub aidiyyəti qurumlara göndərilib. Bütün bu rəqəmlər – tonlarla müsadirə, minlərlə cinayət faktı, yüzlərlə məhkəmə hökmü – yalnız statistik göstəricilər deyil. Bunlar Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında dayanan real təhlükənin portretidir.
Narkotiklərlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının vəzifəsi deyil. Bu, ailənin, məktəbin, cəmiyyətin, medianın və vətəndaşın ortaq məsuliyyətidir. Çünki bu zəhər, əgər qarşısı alınmazsa, növbəti statistikanın içində bizim yaxınlarımızın adı da ola bilər...
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ