İnsanlara hürriyət, millətlərə istiqlal!

5 saylı xəstəxanada qalmaqal - Tibb bacısı 10 nəfəri necə işə düzəldə bilərdi?

5 saylı şəhər kliniki xəstəxanasında qalmaqallı hadisə baş verib. 10 nəfərdən artıq şəxs xəstəxananın yanıq şöbəsində müxtəlif vəzifələrdə işə qəbul olunmaq üçün pul verərkən aldadılıblar.

Musavat.com xəbər verir ki, həmin şəxsləri aldatmaqda ittiham olunan şəxs xəstəxananın yanıq şöbəsində kiçik tibb bacısı işləmiş Lalə Məmmədovadır. Lakin Lalə Məmmədova bildirir ki, aldığı pulları xəstəxananın Dəstək Xidmətləri şöbəsinin müdiri Anar müəllimə verib. Onun sözlərinə görə, Anar müəllim də bu işi xəstəxananın direktoru Fazil müəllim vasitəsi ilə həll etməli imiş.

İstintaq materiallarından məlum olur ki, Lalə Məmmədova yanıq şöbəsinə sürücü, xadimə və tibb bacısı vəzifələrinə adam qəbul etdirmək üçün 10 nəfərdən pul alaraq vədinə əməl etməyib.

Lalə Məmmədovanın və şahidlərin ifadəsinə görə 3 nəfər müxtəlif məbləğlərdə pul verərək işə qəbul ola bilib. Bundan sonra Lalə Məmmədova daha çox insanı işə düzəltmək üçün onlardan pul almağa başlayıb. Pul aldığı şəxslərin əksəriyyəti öz yaxın qohumları olub.

Təqsirləndirilən Lalə Məmmədovanın ifadəsində diqqət çəkən məqamlar olub. Onun sözlərinə görə, aldığı pulları Anar müəllimə şəxsən xəstəxananın sanitar qovşağında verirmiş. Onunla Anar müəllim arasında telefon danışıqları yalnız “whatsapp” üzərindən olurmuş. Lalə Məmmədova qeyd edib ki, Anar müəllimə pul verdiyini sübut edəcək heç bir yazışması yoxdur.

Lalə Məmmədova əlavə edib ki, Anar müəllimə pul verdikdən sonra işə qəbul ediləcək şəxslərin sənədlərini də şəxsən ona təqdim edib: “Mən pulu verəndən sonra Anar müəllim xəstəxananın direktorunun yanına gedib məsələni danışırdı. Mən camaatdan pulu alıb Anar müəllimə verdim. İlk üç nəfəri işə düzəltdi. Buna görə də ona inamım artdı. Lakin sonradan pul alıb verdiyim şəxslərin işi alınmırdı. Onlar mənə zəng edəndə mən də Anar müəllimə zəng edirdim. Bu gün, sabah deyə-deyə işi uzadırdı. Mən artıq camaatın zənglərini aça bilmirdim. Sonra gedib polisə şikayət etdim. Mənim bu işdə heç bir maddi marağım olmayıb. Öz qohumlarıma kömək etmək niyyəti ilə etmişəm. Əgər maddi marağım olsaydı, məbləği artıq deyərdim”.

Məlum olub ki, Lalə Məmmədova polisə şikayət edəndən sonra özü məsuliyyətə cəlb edilib.

Lalə Məmmədovanın ittiham etdiyi Anar adlı şöbə müdiri isə bildirib ki, ona qarşı səsləndirilən ittihamlar əsassızdır: “Lalə Məmmədovadan şikayətlər artandan sonra işdən çıxarıldı. İşdən çıxarılmasında günahkar məni gördüyü üçün bu cür şər, böhtan atmağa başladı. İşdən çıxarılandan sonra xəstəxanaya gəlib işə bərpa olunmasını istəyəndə müsbət cavab almadı. Buna görə də xəstəxanada səs-küy salmağa başladı”.

Maraqlıdır ki, tibb bacısı hansı səlahiyyət və cəsarətlə işə adam düzəltmək adı ilə insanlara vəd verə bilib? Onun bu işləri özbaşına görə biləcəyi nə qədər inandırıcıdır?

İstintaq materiallarında göstərilir ki, Lalə Məmmədova işə düzəlmək istəyən şəxslərdən 30 min manata yaxın pul alıb. Digər diqqət çəkən məqam isə Lalə Məmmədovanın “almamışam” dediyi pulları zərərçəkmiş şəxslərə qaytarmasıdır. 2 ilə yaxındır işsiz olan Lalə Məmmədovanın bu qədər məbləği zərərçəkmişlərə necə ödəməsi də sual doğuran məqamdır.

Araşdırmaların nəticəsində Lalə Məmmədova qeyd edilən dələduzluq əməlini törətməkdə təqsirli bilinib. Məhkəmənin hökmü ilə onun barəsində 2 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR