İnsanlara hürriyət, millətlərə istiqlal!

50 yerə 500 namizəd – adının şurada olmasından qorxanlar

Bu gün ayın 4-dür və Ramiz müəllimin dövlət çevrilişinə cəhddə ittiham olunmasından 20 gün keçir. Kriminal mövzuda yazan həmkarlara zarafatla deyirəm ki, bu 20 gündə Əmirovdan başqa heç kimi tutdura bilməmisiniz.

Hə, bir də Vüqar adlı bir jurnalist tutulub, bəziləri deyir ki, onun saxlanması da Mehdiyev işi ilə dolayısı ilə bağlıdır. “Bu mövzuda çox danışırmış, ona görə tutulub” deyirlər. Yazırlar ki, tərsinə danışırmış, konstruktiv danışmırmış. Bu xüsusda hələlik qeyri-müəyyənlik var.

Ən böyük qeyri-müəyyənlik isə Mehdiyevin “50 nəfərlik dövlət şurası”nın tərkibi ilə bağlıdır. 50 yerə 500 namizəd var. Yəni, azı 500 nəfər qeyri-müəyyənlik içindədir ki, görəsən, adları o şuraya salınıbmı, salınmayıbmı. Dəqiq bilmirlər. Proses bir az da uzun çəksə, bəziləri ürəkdən gedəcək. Yaşlı adamlardır, indi onların istintaqda sorğu-suala çəkilən vaxtlarıydımı?

Qeyri-müəyyənlik pis şeydir. Dünən internet resurslarında qarşıma sırf bu xüsusda bir pritça çıxdı. İndi onu iqtibas edirəm, görün, qeyri-müəyyənliyin nə kimi fəsadları var.

Nəql edirlər ki, bir gün bir nəfər destruktiv ünsür ağır cinayət törədir. Onu ənsələyir, kralın hüzuruna mühakimə olunmağa aparırlar. Məlum olur ki, onun əməlinin cəzası edamdır. Lakin kral humanist davranır, ona öz taleyini özünün seçməsini təklif edir, deyir, seç: ya dar ağacından asılmaq, ya da böyük, qara, qorxunc polad qapının arxasına aparılmaq.

Cinayətkar düşünür, düşünür və dar ağacını seçir. Böyük ehtimalla qara qapının arxasında pazlanacağından qorxur.

Adamı gətirirlər dəzgahın altına, ilgəyi boğazına keçirəndə maraqlanır:
— Yaxşı, bəs o qara qapının arxasında nə var?
Kral gülür:
— Mən bu seçimi canilərin hamısına təklif edirəm və hər kəs dar ağacını seçir.
Cani əl çəkmir, yalvarır ki, kral qorxunc qapının sirrini desin.
- Onsuz da bir kəsə deyən deyiləm, - deyə o, ilgəyi göstərir.
Kral sakitcə cavab verir:
- Orada azadlıq var. Amma insanlar qeyri-müəyyənlikdən o qədər qorxurlar ki, ipi üstün tuturlar!

Yəni qeyri-müəyyənlik belə şeydir. Ona görə də adlarının “dövlət şurası” siyahısında olmasından qorxanlar gərək toxtaq olsunlar, bəlkə də o “böyük, qara, qorxunc polad qapı”nın arxasında qorxulu heç nə yoxdur, eləcə villadır, bağdır, maşın qarajlarıdır, restoranlardır və bank hesabıdır.

Hərçənd nə bilmək olar? Qapıdan qapıya fərq var. Bu, Avropa qapısı deyil ki, cəza şərti işlə, ev dustaqlığı ilə məhdudlaşa. Bəlkə Çin qapısıdır? Bildiyiniz kimi, Çində başqa cürdür, dövlətə xəyanətdə, korrupsiyada ittiham olunan adamları məhkəmənin qara qapısından keçirib başqa yerə aparırlar və onları orada 2 dollarlıq güllə gözləyir. Seçim imkanı-filan da yoxdur, heç kim 5 dollarlıq güllə tələb edə bilməz. Hətta deyilənə görə, peysər nahiyəsindən dəyən güllənin pulunu da məhkumun ailəsindən alırlar ki, dövlət məsrəf etməsin.

Bizdə elə şey yoxdur, edam hökmü 30 il öncədən ləğv olunub. O gün Rusiyanın eks-prezidenti Medvedyevin oğlu İlya da kefikök halda demişdi ki, Rusiyada korrupsiyaya görə edam yoxdur. O, ürəyində “yaxşı ki, yoxdur” da demiş olmalıydı, çünki Rusiyada korrupsiyaya görə edam cəzası olsaydı, İlya papasına görə 2 dollar ziyana düşərdi.

Xətri əziz həmkarlarımız da yeni tutulan İH başçıları üçün sual qoyurlar, soruşurlar ki, sizdən qabaq qaramaskalı qardaşlar tərəfindən ənsələnən həmkarlarınızın aqibətindən niyə ibrət götürmədiniz.

Çətindir axı. Bir neçə min ildir ki, bu ətrafdalı istənilən dövlətdə vəzifəyə adamlar təyin edilir, amma heç bir xələf öz sələfinin acı aqibətindən ibrət dərsi götürmür.

Bu saat 10 kristal kadr tapaq, İH başçısı kimi orta ranqlı, amma pullu vəzifələrə qoyaq və bir ildən sonra yoxlayaq, məlum olacaq ki, doqquzu xirtdəyə qədər kanalizasiya sisteminin içindədir. O yerdə qalan 1 nəfər var ha, onu da bilmək olmaz. Ola bilər, o, gözütox yetimxana uşağıdır, harama əl uzatmayıb. Yox, adam yetim deyilsə və idealist olduğu üçün əliəyrilik etməyibsə, demək, ən azı, qohum-qardaşına varlanmaq üçün şərait yaradıb.

Bu işlər belədir. Bu məsələdə qeyri-müəyyənlik yoxdur. Hər şey müəyyəndir. Özümdən bilirəm. Uzun illər öncə bir dəfə adım “kölgə kabineti”ndə 30-cu dərəcəli bir vəzifəyə namizəd göstərilmişdi. Həmin siyahı qəzetdə çıxan gündən sonra qohum-əqrəba və dost-tanış xeyir-şərdə rastlaşan kimi soruşurdular ki, bizə nə vəzifəsi verəcəksən. Özü də elə adamlar idi ki, “yox” demək olmazdı. İndi idealist qardaş, di get, vəzifələri böl və təmiz işlə, görüm.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR