İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzaya beynəlxalq qüvvələrin yeridilməsi ideyası reallaşır

ABŞ rəsmiləri BMT Təhlükəsizlik Şurasının (TŞ) bir sıra üzv ölkələrinə Qəzza zolağında ən azı iki il müddətinə beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan qətnamə layihəsini təqdim ediblər.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb və jurnalistlər sənədlə tanış olduqlarını bildiriblər.

Məlumata görə, layihə ABŞ-a və digər iştirakçı dövlətlərə Qəzza zolağının idarə olunması və təhlükəsizliyin təmin edilməsində 2027-ci ilin sonuna qədər geniş səlahiyyətlər verilməsini nəzərdə tutur, həmçinin bu mandatın uzadılması imkanını da saxlayır.

ABŞ administrasiyasından bir vəzifəli şəxs qeyd edib ki, sənəd yaxın günlərdə BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Vaşinqton qətnamənin üzrə səsvermə daha sonra keçirilməsini, lakin beynəlxalq qüvvələrin Qəzzaya yerləşdirilməsinin yanvar ayına qədər başlamasını istəyir.

Sənəd layihəsinə əsasən, beynəlxalq qüvvələr Qəzzanın İsrail və Misirlə sərhədlərində təhlükəsizliyi təmin edəcək, mülki şəxsləri və humanitar dəhlizləri qoruyacaq, həmçinin əməkdaşlıq edəcəkləri yeni Fələstin polis qüvvəsini hazırlayacaqlar.

Bu qüvvələrin vəzifələri arasında həmçinin Qəzza zolağının demilitarizasiyası, hərbi, terrorçu və hücum infrastrukturlarının məhv edilməsi və onların bərpasının qarşısının alınması, eləcə də anklavda fəaliyyət göstərən silahlı qruplardan silahların müsadirə olunması yer alacaq.

Xatırladaq ki, 29 sentyabrda Ağ Ev ABŞ prezidenti Donald Trampın “Qəzzadakı münaqişənin həlli üçün hərtərəfli planını” açıqlamışdı. 20 maddədən ibarət bu sənəd anklavda müvəqqəti xarici idarəçiliyin tətbiqini və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.

9 oktyabrda tərəflər Trampın sülh planının birinci mərhələsinin icrasına dair saziş imzalayıblar, 10 oktyabrda isə Qəzzada atəşkəs razılaşması qüvvəyə minib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

04 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR