Onlayn ictimai-siyasi qəzet
DİM tərəfindən abituriyentlərin ixtisas seçiminin nəticələrinin açıqlanmasından sonra məlum oldu ki, imtahanlarda yüksək bal toplayan (500-600) bir sıra gənclər arzuladıqları ixtisaslar üzrə universitetlərə qəbul ola bilməyiblər, kənarda qalıblar.
Bu, kütləvi olmasa da, bəzi şəxslərə tutaraq verib ki, test üsulu ilə qəbulun naqisliyi, yarıtmazlığı barədə təbliğat aparsınlar.
Bəs yüksək bal toplayan abituriyentlərin kənarda qalması öz yanlış seçimləri üzündəndir, yoxsa test üsulu ilə qəbulun çatışmazlığıdır?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb.
Ekspertin fikrincə, Azərbaycanın ali təhsil sistemində hər il təkrar olunan paradokslardan biri ondan ibarətdir ki, yüzlərlə abituriyent yüksək nəticə – 500-600 bal topladığı halda universitetlərə qəbul ola bilmir:
"Bu, cəmiyyətdə çaşqınlıq yaradır və dərhal “test üsulu qüsurludur” kimi mülahizələr ortaya çıxır. Əslində isə məsələni daha dərindən təhlil etdikdə, problemin kökü nə test imtahanlarının mexanizmində, nə də qiymətləndirmənin obyektivliyindədir. Problem daha çox planlaşdırmada, ixtisas seçimi prosesində və bu prosesi müşayiət edən maarifləndirmənin yoxluğundadır.
Rəqəmlərə nəzər yetirsək, bu il ali təhsil müəssisələrinə qəbul üçün ərizə verənlərin sayı 88 mindən çox olub, onlardan cəmi 57 min nəfəri qəbul olunub. Deməli, 30 mindən çox gənc ali təhsil hüququ qazana bilməyib. Ən diqqət çəkən məqam odur ki, həmin gənclərin arasında yüksək bal toplayanlar da var. Yəni bilik göstəriciləri yüksək olsa da, onların arzularına uyğun fakültələrdə oxumaq imkanı yaranmayıb. Burada “Təhsil haqqında” Qanunun 19-cu maddəsinin tələbi yada düşür – qanun açıq şəkildə ali məktəblərə qəbulda şəffaflıq, bərabər imkanlar və ədalətlilik prinsipini dövlətin öhdəliyi kimi müəyyən edir. Kağız üzərində bu təminatlar var, amma praktiki mexanizmlərdə bərabər imkan şagirdlərin yalnız balı ilə ölçülmür, seçimin rasional aparılması ilə də sıx bağlıdır".
Kamran Əsədov qeyd edir ki, yüksək bal toplayanların kənarda qalmasının əsas səbəbi yanlış ixtisas seçimi mexanizmi və maarifləndirmə boşluğudur:
"Bir çox abituriyentlər yalnız ən prestijli fakültələri yazır, alternativ seçimlərə yer vermir. Nəticədə rəqabət böyük olur, plan yerlərinin sayı tələbi ödəmir və həmin abituriyentlər qəbul ola bilmir. Başqa ölkələrin təcrübəsinə baxanda bu halın minimuma endirildiyini görürük. Məsələn, Türkiyədə tələbələr həm balla, həm də məktəb göstəriciləri, xüsusi qabiliyyət imtahanları və motivasiya məktubları ilə qiymətləndirilir. Qərbi Avropa ölkələrinin əksəriyyətində isə qəbul yalnız test nəticəsi ilə məhdudlaşmır, əlavə meyarlar tətbiq olunur. Bu isə tələbənin yalnız bir-iki seçim üzərində risk etməsinin qarşısını alır. Azərbaycanda isə qəbul sistemi sırf test və ixtisas seçimi üzərində qurulduğu üçün kiçik bir səhv, yüksək bal toplayan abituriyenti də sistemdən kənara ata bilir".
Ekspert həmçinin vurğulayıb ki, plan yerlərinin qeyri-bərabər bölüşdürülməsi də ciddi problemdir:
"Məsələn, bəzi ixtisaslarda yerlər tələbədən çox olur və boş qalır, digərlərində isə yerlər azdır və yüzlərlə yüksək nəticəli abituriyent yarışdan kənarda qalır. Bu balanssızlıq əmək bazarının real tələbləri ilə uyğunlaşdırılmadığı üçün daha da kəskinləşir. Əgər plan yerləri bazarın ehtiyaclarına və abituriyentlərin maraqlarına uyğun formalaşdırılsa, bu qədər boşluq yaranmazdı.
Bütün bunların fonunda Elm və Təhsil Nazirliyinin fəaliyyətsizliyi açıq şəkildə görünür. Nazirlik hər il yalnız statistik nəticələri açıqlamaqla kifayətlənir, amma nə orta, nə də uzunmüddətli proqnoz verir. Abituriyentlərə ixtisas seçimi mərhələsində professional məsləhət xidməti göstərilmir, məktəblərdə peşəyönümü sistemi formal xarakter daşıyır. Nazirlik “maarifləndirici kampaniya” anlayışını ümumiyyətlə gündəmdən çıxarıb. Halbuki cəmiyyətə əvvəlcədən elan edilməli idi ki, hansı ixtisaslarda bal yüksək olacaq, hansı qruplarda yerlər daha azdır və hansı istiqamətlərdə abituriyentlərin seçim etməsi real nəticə verə bilər. Belə proqnozların olmaması, valideynlərin və şagirdlərin doğru yönləndirilməməsi yüzlərlə gəncin illərini itirməsinə səbəb olur.
Müsbət tərəf ondan ibarətdir ki, test üsulu özü bilikləri obyektiv qiymətləndirir. Bu, şəffaflıq baxımından ciddi nailiyyətdir. Amma mənfi tərəf ondan ibarətdir ki, sistemin yalnız obyektiv imtahanla məhdudlaşması, ixtisas seçiminin idarəsizliyə buraxılması nəticədə ciddi sosial ədalətsizlik yaradır. Yüksək bal toplayan gənc cəzalandırılmış kimi kənarda qalır, orta nəticəli amma daha ağıllı seçim edən başqa bir gənc universitetə qəbul olunur. Bu isə imtahanın və təhsil siyasətinin əsas məqsədi – bilik və bacarıqlara görə bərabər imkan yaratmaq prinsipini faktiki olaraq zədələyir.
Əgər dəyişiklik baş verməsə, gələcəkdə də eyni mənzərə təkrar olunacaq. Hər il yüzlərlə gənc yüksək bal toplasa da, arzularından məhrum olacaq və cəmiyyətdə imtahan sisteminə qarşı narazılıq artacaq. Əgər dəyişməlidirsə, ilk növbədə plan yerləri əmək bazarına uyğunlaşdırılmalı, ixtisas seçimi prosesində abituriyentlərə professional dəstək verilməli, məktəblərdə karyera yönümlü xidmətlər real işləməlidir. Nazirlik yalnız statistikanı açıqlamaqla deyil, qabaqcadan maarifləndirmə aparmaqla məsuliyyət daşımalıdır.
Bu gün Elm və Təhsil Nazirliyi nə proqnoz açıqlayır, nə də ictimaiyyətlə dialoq aparır. Onların planı yoxdur, təhlili yoxdur, hesabatlılığı yoxdur. Yalnız rəqəmləri sadalamaqla problem həll olunmur. Bu fəaliyyət tərzi sadəcə “idarəçilik görüntüsü” yaratmaqdan başqa bir şey deyil. Əslində isə gənclərimizin gələcəyi itir, valideynlər məyus olur, cəmiyyətdə isə təhsilə olan etibar zədələnir. Təhsil siyasətində ən təhlükəli hal odur ki, sistem insanın zəhməti ilə topladığı yüksək balı belə dəyərsizləşdirir. Bu isə artıq təkcə texniki problem deyil, sosial ədalət məsələsidir".
Xalidə Gəray
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ