Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Aerokosmik Agentliyi (NASA) Ay üçün təhlükəli sayılan yeni bir asteroidlə bağlı ciddi xəbərdarlıq yayıb.
Musavat.com xəbər verir ki, 2024 YR4 adı verilən kosmik obyektin Ayla toqquşma riski artıb. Son hesablamalara görə, toqquşma ehtimalı 4,3 faizə yüksəlib.
Bu, bu ölçüdəki məlum asteroidlər arasında qeydə alınan ən yüksək risk göstəricisidir.
Mütəxəssislərin bildirdiyinə görə, diametri təxminən 60 metr olan bu asteroid Ay səthinə çırpılacağı halda, son 5 min ilin ən güclü kosmik hadisəsi baş verə bilər. Toqquşmanın nəticəsi Ay səthindən 100 min tona qədər qaya parçalarının kosmosa atılması, bir kilometrə yaxın zərbə kraterinin yaranması və Yer orbitindəki peyklərə ciddi ziyan vurulması ilə müşayiət oluna bilər.
NASA-nın ekspertləri hesab edirlər ki, belə bir partlayış Yerdən aydın şəkildə görünəcək və teleskopsuz da müşahidə oluna bilər. Hətta bəzi mütəxəssislər bu hadisəni “kosmosda atəşfəşanlıq” kimi qiymətləndirirlər. Lakin məsələ təkcə vizual şoudan ibarət deyil – Yer orbitində fəaliyyət göstərən rabitə peykləri və elmi cihazlar da bu toqquşmadan zərər görə bilər.
NASA rəsmisi məsələ ilə bağlı bildirib:
“Bu hadisə baş verərsə, Ayda geoloji baxımdan böyük dəyişikliklər olacaq və texnoloji infrastruktur üçün təhlükə yarana bilər.”
Xatırladaq ki, asteroid ilk dəfə 2025-ci ilin əvvəlində qeydə alınıb və o vaxtdan etibarən beynəlxalq müşahidə sistemləri tərəfindən diqqətlə izlənir.
Kosmosla maraqlananlar bu hadisəni diqqətdə saxlamalıdır – çünki bu dəfə Ayın özü hədəfdədir.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ