Onlayn ictimai-siyasi qəzet
ABŞ Donbasın bütün ərazisinin Rusiyanın nəzarətinə keçməsi ideyasını dəstəkləmir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.
Rubioya bütün Donetsk, Luqansk, Xerson, Zaporojye və Krımın Rusiyanın nəzarətinə keçməsi məsələsinin müzakirə edilib-edilmədiyi soruşulub.
O, cavabında vurğulayıb ki, ukraynalılar belə güzəştlərə hazır deyillər və heç kimin onları güzəştə getməyə məcbur etməyə haqqı yoxdur.
Rubio əlavə edib ki, sülh sazişi bağlansa belə, bu ərazilərin verilməsi nəzərdə tutulmayacaq:
“Ukraynalılar bunu etiraf etməyə hazır deyillər və heç kim Ukraynanı güzəştə getməyə məcbur etmir. Sülh müqaviləsi bağlansa, bu belə olmayacaq”.
Dövlət katibi qeyd edib ki, ərazilər məsələsi ABŞ prezidenti Donald Trampın avqustun 18-də Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə müzakirə olunacaq.
Rubio həmçinin bildirib ki, Ukrayna ilə bağlı razılığa gəlmək cəhdləri nəticə verməsə, Rusiya “əlavə nəticələrlə” üzləşəcək. O, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb:
“Mən düşünmürəm ki, prezident fikrini dəyişib. Əgər bütün bu səylər uğursuz olarsa, Rusiya əlavə nəticələrlə üzləşməli olacaq. Lakin biz sülh sazişi imzalamaqla bunun qarşısını almağa çalışırıq və bu asan olmayacaq. Çox iş tələb edir”.
Rubio qeyd edib ki, məqsəd düşmənçiliyi dayandırmaq və sülhün təmin olunmasıdır:
“Bizim məqsədimiz budur. Prezident bu istiqamətdə böyük işlər görür və tərifə layiqdir”.
Rubio həmçinin qeyd edib ki, sülh sazişi əldə olunmaya da bilər:
“Sonda bəlkə də sülh əldə etmək mümkün olmayacaq. Biz bunu bilmirik. Biz heç vaxt deməmişik ki, Alyaskadakı görüş nəticəsində dərhal razılaşma olacaq, çünki orada ukraynalılar iştirak etməyib”.
Dövlət katibi ABŞ-ın Rusiyanın tələblərini qəbul edib-etməyəcəyi ilə bağlı suala da münasibət bildirib:
“ABŞ heç nəyi qəbul etmək və ya rədd etmək iqtidarında deyil. Nəhayət, bu qərarı ukraynalılar verəcək və Rusiya onlarla sülh danışıqları aparmalıdır”.
Rubio əlavə edib ki, müharibəni dayandırmaq üçün Rusiya nümayəndələri ilə ünsiyyət zəruridir:
“İnsanların xoşuna gəlməsə də, bu müharibəni dayandırmağın yeganə yolu rusların sülh sazişinə razılıq verməsidir. Eyni zamanda yeni sanksiyalar tətbiq etdikdə Rusiya ilə dialoq imkanları xeyli azalır”.
O, Vladimir Putinin mövcud geosiyasi roluna da diqqət çəkərək bildirib ki, onun iştirakı olmadan sülh danışıqları mümkün deyil:
“Putin dünya səhnəsindədir və ən böyük taktiki nüvə arsenalına sahibdir. Ona görə də müharibəni dayandırmaq üçün Rusiya ilə ünsiyyət qurmaq vacibdir”.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ