Onlayn ictimai-siyasi qəzet
“Bayden müharibənin baş verəcəyini bilib, amma onun yaratdığı nəticələrdən faydalanmağa ümid bəsləyib”
ABŞ prezidenti Donald Trampın son açıqlamaları həm ölkə daxilində, həm də xaricində ciddi skandal yaradıb. AĞ Ev sahibi Rusiyanın “Burevestnik” adlı nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirməsinə münasibət bildirərkən ənənəvi olaraq Rusiya-Ukrayna müharibəsinə də toxunub və şok iddia irəli sürüb.
Sitat: “Bu müharibə bir həftə davam etməli idi, amma tezliklə 4-cü ilinə daxil olur. Putin raket sınağı keçirmək əvəzinə müharibəni dayandırmalıdır”.
Burada hüç şübhəsiz ki, əsas diqqətlər bir həftə məsələsinə yönəlib. Hamıya məlumdur ki, 2022-ci ilin fevralında Putin Ukraynaya hücum edərkən AĞ Evin sahibi qocaman demokrat Co Bayden idi. Əslində Tramp bu fikirlərlə sələfini ittiham edir. Yəni ABŞ Rusiyanın hücumundan xəbərdar olub, sadəcə hərbi əməliyyatların bir həftə davam edəcəyini düşünürmüş...
Rusiya ilə ABŞ arasında gizli “Ukrayna sövdələşməsi” olub?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a deyib ki, Co Baydenin 2022-ci ilin əvvəlində Rusiya-Ukrayna müharibəsinin başlayacağından əvvəlcədən xəbərdar olması faktına artıq indi, 2025-ci ilin geosiyasi mənzərəsində təkcə kəşfiyyat uğuru kimi deyil, həm də strateji məsuliyyət məsələsi kimi yanaşılmalıdır:
“Müharibənin ilk günlərində Bayden administrasiyasının davranışı göstərirdi ki, Vaşinqton bu hücumu əvvəlcədən proqnozlaşdırıb, lakin onun qarşısını almaq üçün effektiv siyasi və diplomatik mexanizmlər tətbiq etməyib. Hələ 2021-ci ilin son aylarında ABŞ kəşfiyyatı Rusiya qoşunlarının Ukrayna sərhədlərində cəmləşdiyini, genişmiqyaslı hərbi əməliyyatın “yaxın aylarda” başlaya biləcəyini bəyan etmişdi. Baydenin özü və o vaxtkı dövlət katibi Antoni Blinken dəfələrlə “Rusiya istənilən an hücuma keçə bilər” kimi davamlı bəyanatlar verirdilər. Bu bəyanatlar, bir tərəfdən, Qərb ictimaiyyətini mümkün müharibəyə hazırlamaq məqsədi daşısa da, digər tərəfdən, Moskva tərəfindən “təhrikedici ritorika” kimi qiymətləndirilirdi.
Bütün bunlar isə müharibənin ilk günündən hər kəsi düşündürən bir sualın təkrar xatırladılmasına zəmin yaradır: Bayden administrasiyası bu məlumatlara malik olduğu halda, hansı səbəblərdən Rusiya ilə münasibətdə diplomatik kanallarını tam gücü ilə işə salmadı və müharibənin qarşısını almağa çalışmadı?
Ehtimallardan biri ondan ibarətdir ki, Vaşinqtonun həmin dövrdəki məqsədi müharibəni dayandırmaqdan daha çox, onun nəticələrini öz geosiyasi maraqları çərçivəsində yönləndirməkdən ibarət olub. Bu o deməkdir ki, Bayden müharibənin baş verəcəyini bilib, amma onun yaratdığı nəticələrdən faydalanmağa ümid bəsləyib.
Trampın son açıqlamasında “müharibə bir həftə davam etməli idi” deməsi də bu kontekstdə əhəmiyyətlidir. O, bu fikirlə Bayden administrasiyasının müharibə ərəfəsindəki fəaliyyətsizliyinə və bəlkə də “razılaşdırılmış susqunluğuna” işarə edir. Əgər ABŞ həqiqətən də müharibənin qaçılmazlığını əvvəlcədən bilirdisə, bu, həm etik, həm də strateji baxımdan ciddi suallar doğurur. Yəni həmin dövrdə ABŞ Rusiyanın müharibəyə başlayacağını bildiyi halda hansı səbəblərdən Moskvanı çəkindirə biləcək ciddi addımlar atmadı? Bayden adminstrasiyası üçün Ukrayna müharibəsi geosiyasi balansın yenidən qurulması vasitəsi kimi düşünülə bilərdimi? Bu suallar hələ də açıq qalır.
Lakin artıq aydındır ki, Vaşinqtonun 2021-2022-ci illərdəki məlumatları və qərarları münaqişənin gedişatına birbaşa təsir göstərib. ABŞ-ın “xəbərdarlıq edən, amma müdaxilə etməyən” mövqeyi həm Ukrayna, həm də Avropa üçün ağır nəticələr doğurub.
Nəticə etibarilə, Baydenin müharibənin başlayacağından öncədən xəbərdar olması faktı təkcə kəşfiyyat məlumatı deyil, həm də siyasi məsuliyyət məsələsidir. Trampın son bəyanatında bu məqamın qabardılması isə onun yeni administrasiyasının Bayden dövrünün xarici siyasət səhvlərini ön plana çıxarmaq və özünü “müharibəni dayandıran prezident” kimi təqdim etmək strategiyasının bir hissəsi kimi də qəbul oluna bilər”.
Cavanşir ABBASLI
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ