Onlayn ictimai-siyasi qəzet
Yeni Klinikaya ictimai nəqliyyatla getmək bir zülmə çevrilib.
Musavat.com-un redaksiyasına müraciət edən paytaxt sakinləri bildirirlər ki, xəstəxananın qarşısında avtodayanacaq olmadığı üçün avtobuslar klinikadan təxminən 300 metr aralıda dayanır. Bu məsafə yaşlı və xəstə insanlar üçün ciddi çətinlik yaradır. Sakinlər qeyd edirlər ki, insanlar həmin yolu piyada qət etməli olurlar ki, klinikaya daxil ola bilsinlər.
“Ötən dəfə avtobusla yaşlı anamı xəstəxanaya aparırdım. Təsəvvür edin, əsa ilə gəzən anam avtobusdan düşdü və neçə yüz metrlik yolu piyada getdi. Klinikaya çatanda halı pisləşdi. Olmazmı ki, avtodayanacaq birbaşa klinikanın qarşısında quraşdırılsın? Xəstə və yaşlı insanlar niyə nəzərə alınmır?”, - deyə sakinlər bildiriblər.
Onların sözlərinə görə, ictimai nəqliyyatla klinikaya gələn pasiyentlər və yaşlı insanlar üçün dayanacaq elə klinikanın qarşısında yerləşdirilə bilər.
Sakinlər həmçinin qeyd edirlər ki, yeraltı piyada keçidi iki dayanacaq arasında quraşdırılıb, çox güman ki, ətrafdakı digər qurumlar nəzərə alınıb. Lakin klinikaya gedən vətəndaşların rahatlığı prioritet olmalıdır. Klinikanın çıxışında dayanacaq olsa da, prospektin digər hissəsində vəziyyət fərqlidir.

Məsələ ilə bağlı Musavat.com-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, şəhərdən “Koroğlu” metrostansiyasına gedərkən klinikanın qarşısında avtobus dayanır. Lakin “Koroğlu” stansiyasından şəhər istiqamətinə gedən marşrutda sərnişinlər Dövlət Neft Fondunun yaxınlığındakı dayanacaqdan piyada getməli və yeraltı keçiddən keçməlidirlər.

Ekspert əlavə edib ki, yeraltı keçiddə eskalatorların bəzən işləməməsi xəstə və yaşlı sərnişinlər üçün əlavə çətinlik yaradır.
“Ümumi olaraq “Koroğlu” stansiyasından başlayaraq axınlar sakitləşdirilməli, işıqforlarla nizamlanmalı, hissə-hissə buraxılma sistemi tətbiq edilməlidir. Zebralı keçidlər təşkil olunmalı, səkilər abadlaşdırılmalı və dayanacaqlar klinikanın yaxınlığında yerləşdirilməlidir. Nəqliyyat əlçatanlığı təkcə avtobusun ora gəlməsi ilə bağlı deyil, həm də səkilərin vəziyyəti və keçid imkanları ilə ölçülür”, - deyə R. Ağamirzəyev vurğulayıb.
Ekspert bildirib ki, şəhər daxilində 300 metrdən bir dayanacağın təşkili, xüsusən həssas yerlərdə, nəqliyyat əlçatanlığını artırar. Eyni zamanda səkilər işıqlı, rəvan və panduslarla təchiz olunmalı, yolun digər tərəfinə keçid rahat təmin olunmalıdır:
“Bu məsələlər bir qurum tərəfindən deyil, bir neçə aidiyyəti qurumun koordinasiyalı fəaliyyəti ilə həll olunmalıdır: AYNA dayanacaqları quraşdırır, svetoforları DİN, səkilərlə isə icra hakimiyyəti təmin edir”.
Ağamirzəyev vurğulayıb ki, TƏBİB məsələni aidiyyəti qurumların diqqətinə çatdırmalıdır. Onun sözlərinə görə, “Ulduz” metrostansiyasından Yeni Klinikaya gələn səkilərin vəziyyəti də bərbaddır, bəzi yerlərdə isə ümumiyyətlə səki yoxdur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Musavat.com-a məsələ ilə bağlı bildirilib ki, Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyası istiqamətində Yeni Klinakanın qarşısında dayanacaq məntəqəsi mövcuddur:
“AYNA tərəfindən şəhər istiqamətində sərnişin tələbatı və infrastruktur şərait öyrənilərək dayanacaq məntəqəsinin təyin olunması məsələsinə baxılacaq”.
Şahanə Rəhimli
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ