Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Bakıya gələn ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Donald Trampın ən yaxın tərəfdarlarındandır”.
Musavat.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert xatırladıb ki, 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib:
“Bundan əvvəl isə o, ABŞ-ın aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olub. Bu səbəbdən Ağ Ev sahibi xarici və təhlükəsizlik siyasətində Stiv Deynsinin imkanlarından istifadə edir.
Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Kiyevə gedən ilk konqresmen Stiv Deynsi olub. Senator Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində törətdikləri qətliamla yerindəcə tanış olub. Bu səbəbdən senator Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçilərindəndir. O, Ukraynaya hərtərəfli hərbi dəstəyin tərəfdarlarından biridir”.
Elxan Şahinoğlu: “Birincisi, Stiv Deynsi Azərbaycan-Ermənistan danışıqlarının və iki ölkə arasında sülh sazişinin imzalanması ilə maraqlanıb. Böyük ehtimalla bu məsələdə Vaşinqtonun hansı rol oynaya biləcəyi də onun diqqət mərkəzində olub.
İkincisi, ABŞ Konqresini narahat edən mövzulardan biri Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını artıması ehtimalıdır və mümkündür ki, Stiv Deynsi bu mövzuyla bağlı da Azərbaycan rəsmilərinin mövqeyini öyrənib. Üçüncüsü, Stiv Deynsi Azərbaycan-İsrail əməkdaşlığının mövcud vəziyyəti ilə maraqlanıb.
Təsadüfi deyil ki, amerikalı senator Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşüb. Görüşdə İsrail-Azərbaycan münasibətlərinin regional sülhə töhfəsi, habelə Amerika xalqının maraqlarına uyğun güclü iqtisadi və təhlükəsizlik tərəfdaşlığının davam etdirilməsi ilə bağlı ortaq məqsəd və prioritetlər müzakirə olunub”.
E.Şahinoğlu əmindir ki, Vaşinqton Azərbaycan-İsrail əməkdaşlığından məmnundur:
“Önəmli olan bu amilin amerikalı konqresmenlərin əksəriyyətinin anlaması və nəhayət ki, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ortadan qaldırılmasıdır.
Əlbəttə, bir senatorun Azərbaycana səfəri ilə bu məsələ həll olunmayacaq. Hər halda Bakıda görüşlər keçirən Stiv Deynsi geri qayıtdıqdan sonra Azərbaycanla əməkdaşlığın ABŞ üçün faydalı olacağını həmkarlarına anladacaq”.
Musavat.com
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ