İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ siyasətində radikal dəyişiklik - Bakı üçün önəmi

“Wall Street Journal” nəşrinin əldə etdiyi ABŞ Dövlət Departamentinin daxili sənədi Vaşinqtonun xarici ölkələrdə keçirilən seçkilərlə bağlı illərdir tətbiq etdiyi müdaxilə siyasətindən rəsmi şəkildə geri çəkildiyini ortaya qoyur. Sənəd dövlət katibi Marko Rubio tərəfindən imzalanıb və Tramp administrasiyasının yeni strateji yanaşmasını əks etdirir:

ABŞ-ın xarici seçkilərlə bağlı mövqeyi yalnız təbrik mesajları ilə məhdudlaşacaq, pozuntu, saxtakarlıq və şəffaflıqla bağlı heç bir tənqidi rəy bildirilməyəcək. Sənəddə Tramp administrasiyasının “milli suverenlik prinsipi”nə verdiyi önəm vurğulanır. Qeyd olunur ki, ABŞ daha əvvəl digər ölkələrin seçkilərinə qarışaraq səhvlər edib və bu siyasət artıq dəyişir. Yeni kursa görə, qeyri-strateji maraq kəsb etməyən ölkələrdə keçirilən seçkilərlə bağlı açıqlamalar tamamilə dayandırılır.

Ekspertlər hesab edir ki, bu yanaşma ABŞ-ın son onilliklərdə “məxməri inqilablar”, “narıncı çevrilişlər”, “rəngli üsyanlar” və “seçki ixracatçılığı” ilə formalaşdırdığı qlobal demokratiya layihəsinə ölüm zərbəsidir. Artıq Vaşinqton bu cür proseslərdə “demokratiya nizamlayıcısı” rolu oynamayacaq və suveren ölkələrin daxili siyasi proseslərinə neytral qalacaq.

Bu qərar Rusiya, Türkiyə, Azərbaycan, Macarıstan, Orta Asiya ölkələri və Latın Amerikası kimi ABŞ müdaxiləsindən narahat olan dövlətlər üçün ciddi geosiyasi rahatlama hesab olunur. Qeyri-Qərb ölkələrinin siyasi elitaları artıq “State Department bəyanatı gələcəkmi?” gərginliyi ilə yaşamayacaq.

Ekspertlər bildirirlər ki, bu sənəd Qərb mediasının və QHT-lərin də fəaliyyət sərhədlərinə dolayısı ilə zərbə vurur, çünki bu qurumlar uzun müddətdir ABŞ-ın siyasi dəstəyinə arxalanaraq daxili proseslərə təzyiq göstərirdilər. Tramp dövləti dünyaya faktiki olaraq deyir: “Hər kəs öz seçkisini özü aparsın - Vaşinqton qarışmayacaq!”

Bu sənədin tətbiqi ilə ABŞ xarici inqilabların sponsoru statusundan çıxır, demokratiya “ixracatçılığını” dayandırır və beynəlxalq siyasi mənzərədə yeni bir mərhələ başlayır.

Aydın Hüseynov: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir"

 Aydın Hüseynov

Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın bu qərarı qəbul etməsi düzgün addımdır: “Əslində belə bir qərar çoxdan qəbul edilməli idi. ABŞ-ın başqa ölkələrin daxili işi olan seçkilərə müdaxilə etməsi, hakim rolunda çıxış etməsi, bir sıra hallarda seçkilərdən istifadə edib ölkələrin daxilində ciddi gərginliklərə yol açan prosesləri dəstəkləməsi əslində dünya üçün yeni problemlər meydana gətirirdi. Bəzən ölkələrin daxilində vətəndaş müharibəsinə qədər gətirib çıxaran hallara da rast gəlinib, seçkilərdən sonra hakimiyyət çevrilişləri, inqilablar olub ki, Amerikanın barmağı olmadan bu mümkün deyildi. Belə halların yaşandığı ölkələr on illərlə geri düşürdü, böyük sarsıntılar keçirirdi, xalqı məhrumiyyətlər yaşayırdı”.

Deputat dedi ki, bu addımlar ABŞ-a etimadsızlığı gücləndirirdi: “İndi prezident Donald Tramp bu zərərli ənənəyə xüsusi qərarla son qoymaq istəyirsə, müsbət və təqdir olunan addımdır. Biz həmişə bəyan etmişik ki, seçki dövlətlərin daxili işidir. Buna kənardan müdaxilə etmək daxili işlərə müdaxilədir. İndi ABŞ da nəhayət bu nəticəyə gəlir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR