Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Rusiyalı həmkarı Vladimir Putinə “50 gün vaxt” verməsi və Ukraynaya ABŞ silahlarının çatdırılması ilə bağlı qərarı Rusiyanı “danışıqlar masasına əyləşməyə və razılaşmaya məcbur etmək” aktı kimi görünsə də, müəmmalı məqamlar da diqqət çəkir.
Musavat.com xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı bu fikirdədir.
O, müəmmalı hesab etdiyi məqamları qeyd edib: "1.Vaşinqtonda üç illik müharibənin yekununda Moskvanı bu yolla geri addım atmağa sövq etməyin çətin olduğunu anlayırlar: Kiyevə silahların verilməsi müharibənin uzanması və ABŞ-ın sülh planının arxa fona keçməsinə səbəb ola bilər; 2.Rusiyanı razılaşmaya məcbur etmək istəyən ABŞ bunu niyə indi yox, 50 gün sonra edir: Moskvaya nəyin zamanını verirlər?
Mümkündür ki, Tramp bir tərəfdən Ukraynaya silahların çatdırılması qərarı ilə Rusiyaya təzyiq edir, digər tərəfdən, zaman verməklə Moskva ilə bərpa olunan təmas kanallarının tamamilə bloklanmasını istəmir. Lakin bu şübhəli məqamlar fonunda diqqətçəkən bir nəticə var: ABŞ silah satışından milyardlarla dollar vəsait qazanır;
Anlaşmaya görə, NATO ölkələri pulunu ödəmək şərti ilə ABŞ-dan silahları alacaq (Patriot sistemləri və raketlər) və Ukraynaya verəcəklər. Beləliklə:
- Silahların çatdırılmasında problemlər yaşanmasa (anlaşmanın praktiki müstəvidə tam icra ediləcəyinə dair birmənalı fikir yoxdur), Ukrayna Rusiya qarşısında ciddi müqavimət imkanı qazanır, həm də siyasi cəbhədə mövqeləri güclənir;
- Silahlanan Ukrayna qarşısında istədiyinə nail ola bilməyən Rusiyanın masaya gəlməsi ehtimalı yüksəlir;
- ABŞ bu gedişlə həm danışıqları bərpa edir, həm də müdafiə sənayesindən yeni gəlirlər əldə edir";
A.Nərimanlıya görə, burada ən önəmli məsələ Trampın Putini sülhə məcbur etmək üçün 50 gün vaxt verməsinin arxasındakı plandır: "Bu, Ukrayna cəbhəsində döyüşlərin şiddətləndirilməsi hədəfinə hesablanmış kimi görünür.
Bu prosesdə bütün ssenarilər ABŞ-ın təklif etdiyi danışıqlar masasına çıxır.
Ssenari 1: 50 gün müddətində Rusiyanın cəbhədə maksimum irəliləməyə çalışacağı, danışıqların növbəti raundunda mövqeyini gücləndirmək üçün Ukraynana total hücuma keçəcəyi istisna edilməməlidir. Moskva istədiyinə nail olarsa, Tramp Kiyevin masada güzəştə getməsini istəyəcək. Daha öncə də bir neçə dəfə Ukraynanı “qalib gələ bilməyəcəyi müharibə” aparmaqda ittiham edib. Mümkün “yay hücumu” Rusiyanın üstünlüyünü gücləndirsə, Vaşinqton eyni mövqeyə qayıdacaq.
Ssenari 2: Ukrayna Rusiyanı dayandıra bilsə, Tramp Moskvanın maksimal tələblərdən geri çəkilməsini və təqdim olunan təkliflərlə razılaşmasını istəyəcək, bu istiqamərdə təzyiq göstərəcək.
Ssenari 3: “Yay döyüş”lərində heç bir tərəf ciddi üstünlük qazanmasa, ABŞ hər iki tərəfə öz şərtlərini diktə etməyə və yeni danışıqlar mərhələsinə start verməyə çalışacaq.
Hazırda Ukrayna ətrafında baş verənlər ABŞ-ın mövqeyini dəyişməsindən daha çox, yeni şərtlər formalaşdırmaq istəyindən qaynaqlanır. Və belə görünür ki, bu şərtlərin yetişməsi döyüş meydanından keçir".
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ