Onlayn ictimai-siyasi qəzet
Rusiya teleqram kanallarında Adnan Əhmədzadə ilə bağlı müxtəlif məlumatlar paylaşılmağa başlanıb.
Musavat.com xəbər verir ki, kanallarda Əhmədzadənin hansı səbəbdən məsuliyyətə cəlb edildiyi barədə şərhlər və təhlillər aparılır.
Məlumatlara görə, Adnan Əhmədzadə SOCAR-ın investisiya departamentinin sabiq rəhbər müavini olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə, iqtisadi təhlükəsizliyə qarşı təxribat və külli miqdarda vəsaitin mənimsənilməsi ilə ittiham olunur. Ən son yayılan məlumatlara əsasən, Adnan Əhmədzadə Rusiya neftinin Avropaya ixracı üçün saxta sertifikatlar hazırlayıb və şirkətlər şəbəkəsi qurub. Həmçinin, "kölgə donanması" ilə əlaqələr qurduğu bildirilir.
Hadisədə adı hallanan Rusiya şirkətləri arasında “Lukoil”, “Tatneft”, “Sibur” və “Surgutneftqaz” kimi iri enerji nəhəngləri də yer alır. Məlumatı, xüsusi xidmətlərə yaxınlığı ilə tanınan ВЧК-ОГПУ yayıb.
Onu da bildirək ki, Bakı şəhəri Səbail rayon məhkəməsində keçirilən iclasda Adnan Əhmədzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə elan edilən ittihamda qeyd olunub ki, Adnan Əhmədzadənin fəaliyyəti dövlətin maliyyə maraqlarına ciddi ziyan vurmaqla yanaşı, həm də iqtisadi sabitliyi hədəf alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişi üçün zəruri addım kimi qiymətləndirilir. İstintaq davam edir və əlavə detallar yaxın günlərdə açıqlanacaq.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ