İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağsaqqalın işdən çıxarılması

Respublikamızda Lenin-Şaumyan irsinin sonuncu davamçısı İmişlidə aşkar olundu, yəqin xəbəriniz vardır. Sovet bayrağı qaldırdığı üçün onu işdən azad etmişlər. Hansı işdən soruşsanız, gülməli bir vəziyyətdir: həmin tip İmişli Ağsaqqallar Şurasının sədri imiş. Məhz oradan çıxarılıb.

Ancaq məsələnin tragikomikliyi, hətta, daha dəqiq yazsam, gicbəsərliyi bununla bitmir ki. Saleh müəllimi (SSRİ-yə sahib çıxan yoldaşın ismi belədir), ümumiyyətlə, Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən azad etmişlər. İndi nə oldu? Adam daha ağsaqqal sayılmır? Ağsaqqallıqdan çıxarmaq proseduru necə baş verir? Ağbirçəkliyə namizədlik deyə mərhələ də varmı?

Camaatın süni intellekti inkişaf və müzakirə elədiyi dövrdə bizim müzakirəyə çıxardığımız məsələyə baxın. Axı ağsaqqal nə deməkdir, bunu hansı keyfiyyətlə əldə edirlər? Yaşı keçən hər adam ağsaqqal adlanaraq camaata səfeh-süfeh məsləhətlər vermək hüququ qazanırmı? Dəyərli dostum Yalçın İslamzadə bu temada yaxşı yazılar yazmışdır. Deyir ki, əslində ağsaqqal institutu qədim zamanların, biliyin yalnız yaşla, təcrübəylə qazanıldığı ibtidai quruluşların məhsuludur. O çağlarda biliklər adamdan adama, şifahi üsullarla ötürülürdü. Kitab-dəftər, yazı-pozu, xüsusilə kompüter texnologiyaları çıxandan sonra 20 yaşlı gənc 80 yaşlı qocadan min dəfə artıq bilik əldə edə bilər, onun məsləhətləri də ağsaqqal-ağbirçəkdən daha dəyərli olar.

Fikrimi daha aydın izah etmək üçün misal verim. İki gənc evlənməlidir. Hesab edək bir-birinə aşiq olmuşlar. Lakin əmiuşağıdırlar. Qədimdə ağsaqqallar bu münasibətlə nə deyirdi? “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib”. Buyur. Nəticədə əlillərdən, talassemiya xəstələrindən ibarət nəsil yaranırdı, neçə adam həyatını bunu aradan qaldırmağa sərf edirdi. İndi isə genetika elmi var, qohum evliliyi qadağan edilir, hər bir aşiq-məşuqun irsi xəstəliklərini öyrənmək, bunu kökündən aradan qaldırmaq imkanları var. Hətta dölün genlərində dəyişiklik edib sağlamlaşdıra bilirlər. Bunun üçün ağsaqqal çağırılmır.

Yaxud indi neçə terabayt yaddaşlı kompüteri olan adama deyə bilərsinizmi ki, filan söhbəti Dədə Qorqud gələcək, danışacaq, öyrənəcəksən? Adama bir yeri ilə gülərlər.

Birmənalı olaraq, gəldiyim qənaət budur: hazırkı dövrdə hansı adam özünə “ağsaqqal, ağbirçək” deyirsə, yalnız yaşına görə hörmət tələb edirsə, dələduzun yekəsidir (əlbəttə, indiki çətin dövrdə müəyyən yaşa çatmaq özü bəlkə müəyyən hörmət tələb edir, ancaq mövzumuz bu deyil - elə şəxslər qoy ekstremal idman yarışlarında münsiflər heyətində otursun). İnsanları yaşına görə fərqləndirmək, hörmətli və ya hörmətsiz saymaq mahiyyətcə faşizmin bir növüdür. Xronoloji irqçilikdir. Mənim 24 yaşlı dostum var ki, onun söhbətlərini bəzi 70 yaşlıların söhbətinə dəyişmərəm. Əlbəttə, cavanlar arasında da səfehlər yetərincədir, yenə yazıram, insana yaşına görə dəyər vermək arxaizmdir.

Beş-on il qabaq olardı, bütün respublikamız üzrə Ağsaqqallar Şurasının sədri olan akademik var idi (ölüb deyə adını çəkmirəm), bir gün ortaya çıxdı ki, bunun dost-doğma nəvəsi camaata narkotik satır. Özü də belə bahalısından, ot-mot yox. Təxminən o serialda kimya müəllimi qayıran maddələr kimi həblərdən söhbət gedirdi. Nəvəni tutmuşdular. O zaman mən yazmışdım ki, öz nəvəsinə öyüd verməyi bacarmayan şəxs bütöv respublikanın ağsaqqallığını nə cür edə bilər? Elə təkcə bu fakt ağsaqqal söhbətinin, mövzusunun mənasızlığını göstərmirmi?

Təsəvvür elə, süni intellektlər, kompüterlər, robotlar arasında da ağsaqqallar ola. Məsələn, Apple şirkətinin işi çətinə düşəndə Maykrosoft-dan məsləhət istəyə. Ya da, nə bilim, Open Aİ-nin şefi Sem Altman Bill Geytsi elçiliyə apara... Çox idiot işlərlə məşğuluq, yoldaşlar, biləsiniz.  

Hərçənd uca millətimiz bu ağsaqqal temasının dəqiq qiymətini çoxdan verib - fikir versəniz, ağsaqqal məsləhətləri haqqında çoxlu lətifələr var. Bilənlər bilməyənlərə danışsın, mənim yerim bitdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR