Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, tanınmış müğənni və iş adamı Emin Ağalarov biznes fəaliyyətini Orta Asiyada da genişləndirir. O, Özbəkistanın paytaxtı Daşkənddə yeni restoran – *“Birbaşa”*nı açıb.
Ağalarov sosial şəbəkə hesabında paylaşdığı video ilə açılışı ictimaiyyətə təqdim edib. O bildirib ki, “Birbaşa” elə bir məkandır ki, burada insanlar xoş atmosfer, səmimi ünsiyyət, yaxşı mətbəx və məhz həmin yerdə hazırlanan xüsusi içkilərlə qarşılanacaq:
“Biz elə bir məkan yaratdıq ki, ora atmosferinə, ünsiyyətinə, mətbəxinə və burada yerindəcə hazırlanan brend içkilərinə görə dönmək istənilsin. Komandaya gördükləri iş üçün, gələcək qonaqlara isə maraq və dəstəyə görə təşəkkür edirəm”.
Musavat.com xatırladır ki, Emin Ağalarov təkcə restoran biznesi ilə kifayətlənmir. Onun məşhur Xəzər sahilindəki “Sea Breeze” kompleksinin analoqunu Özbəkistanın Çarvak gölü sahilində inşa etməyi planlaşdırdığı, hətta bu məqsədlə ölkə hakimiyyətindən təxminən 5 milyardlıq kredit aldığı barədə iddialar dolaşır. Layihəyə kazino və turizm infrastrukturunun da daxil ediləcəyi gözlənilir.
Daşkəndin rusdilli mediası Ağalarovun bu layihələrini hədəfə götürərək tənqid etmişdi. Lakin o, cavab açıqlamalarında məqsədinin ölkəyə turizm axınını artırmaq və yeni sərmayələr cəlb etmək olduğunu vurğulamışdı.
Görünən budur ki, Emin Ağalarovun Özbəkistandakı biznes fəaliyyəti dayanmaq bilmir və yeni layihələrlə davam edir.
Musavat.com Emin Ağalarovun Daşkənddə açdığı “Birbaşa” restoranından videosunu təqdim edir.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ