Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda istehlakçıların ən çox üzləşdiyi problemlərdən biri məhsul qablaşdırmasında təqdim olunan vizual görüntü ilə real məzmunun uyğun gəlməməsidir. Alıcılar mağazada məhsulu qablaşdırmadakı görüntüyə əsasən alır, lakin açanda tamam başqa tərkiblə qarşılaşırlar. Bu hallar ən çox dondurmalarda müşahidə edilir. Alıcı məhsul paketinin üzərində “şokolad örtüklü dondurma” sözlərini oxuyur, örtükü açanda isə sadəcə şokoladlı dondurma ilə qarşılaşır. Yəni istehlakçıya həm yanlış vizual təqdim olunur, həm də etiketdəki məlumat gerçəkliyə uyğun gəlmir. Məsələ təkcə görüntü ilə məhdudlaşmır. Etiketlərdə düzgün olmayan məlumatlar (malın tərkibi, istehsal yeri və s.) istehlakçıları aldadır və onların hüquqlarını pozur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, istehlakçının hüquqları belə hallarda açıq şəkildə pozulur:
“İstənilən malın etiket məlumatları ilə tərkibi eyni olmalıdır. Hətta etiketdəki vizual görüntü ilə də məhsul üst-üstə düşməlidir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin əvvəlindən bu məsələləri diqqətlə təqib edir. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu malların etiket məlumatları haqqında standart qəbul edir. Texniki komitənin üzvü olaraq təkliflərimizi vermişik. Birmənalı şəkildə məhsulun etiket məlumatları ilə şəkli eyni olmalıdır. Əks halda bu, istehlakçının aldadılmasıdır. Buna görə də müəyyən cəza tədbirləri görülür”.
Sədr onu da vurğulayıb ki, Azad İstehlakçılar Birliyinə bu mövzuda şikayətlər daxil olur:
“Bunlardan biri də Rusiya istehsalı olan “Батончик” konfetləridir. Hazırda həmin konfetlər Azərbaycanda eyni ad altında istehsal olunur. Nəticədə adı mənimsənir, insanlar isə aldanır. Üstəlik, etiket məlumatları rus dilində markalanıb və alıcıda məhsulun Rusiya istehsalı olması təəssüratı yaranır. Bu isə açıq şəkildə istehlakçıların hüquqlarının pozulması və aldadılmasıdır”.
Eyyub Hüseynov vətəndaşlara müraciət edərək qeyd edib ki, belə hallarla üzləşdikdə mütləq şəkildə rəsmi qurumlara müraciət etsinlər:
“Alıcılar belə hallarla qarşılaşanda məsələni diqqətdən kənarda qoymamalıdırlar. İstehlakçılar aldadıldığını düşündükdə AQTA-nın 1003 nömrəli qaynar xəttinə müraciət edib şikayətlərini bildirsinlər”.
Mənzər Novruzlu,
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ