Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Alyaskada keçirilən Tramp-Putin görüşünün nəticələrinə dair sərt açıqlama ilə çıxış edib. O, Rusiyanın bu müharibəni tezliklə bitirmək niyyətində olmadığını bildirib: “Prezident Trampın sülh razılaşmasına nail olmaq əzmi son dərəcə vacibdir. Aİ və bizim tərəfdaşlarımız görüşdən əvvəl ABŞ Prezidenti ilə koordinasiya üzərində işləyirdilər. Bununla belə, sərt reallıq ondan ibarətdir ki, Rusiyanın bu müharibəni tezliklə bitirmək niyyəti yoxdur. Putin qətlləri dayandırmaq üçün heç bir öhdəlik götürmədən Ankoricdən ayrılıb”, – Kallas yazıb.
O, əlavə edib ki, ABŞ Rusiyanı ciddi danışıqlara məcbur etmək gücünə malikdir və Avropa İttifaqı Ukrayna ilə birlikdə bu istiqamətdə çalışacaq. Eyni zamanda, Ukrayna xarici işlər naziri Andrey Sıbiqa türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı bildirib ki, “indiyədək Rusiya müharibəni bitirmək istəyinin heç bir real əlamətini nümayiş etdirməyib”. Nazir qeyd edib ki, yaxın günlərdə Zelenski ilə Tramp arasında keçiriləcək görüş həlledici olacaq. Xatırladaq ki, bu gün, avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ lideri Donald Trampla görüşəcək.
Politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, Alyaska görüşünün nəticələri bir daha göstərdi ki, Rusiya bu müharibəni sona çatdırmaq istəmir: “Putin vaxt qazanır, danışıqları uzadır və hər gün yeni qətllərə imza atır. Onun üçün sülh yalnız öz şərtləri ilə kapitulyasiya deməkdir. Məhz buna görə Zelenskinin Trampla görüşü sıradan diplomatik hadisə deyil. Bu görüş Ukraynanın, dolayısı ilə də Avropanın və bütün postsovet məkanının taleyini müəyyən edə bilər”.
Politoloq deyir ki, bu gün Ukraynanın müqavimət gücü ordunun təslim olmamasıdır: “Ukraynanın məğlubiyyəti Baltik və Polşanın hədəfə çevrilməsi deməkdir. Qara dəniz marşrutu və ərzaq təhlükəsizliyi qlobal əhəmiyyətli məsələdir. Əgər ABŞ Rusiyaya qarşı real təzyiq mexanizmləri işə salmasa, bu, təkcə Ukraynanın deyil, bütün postsovet məkanının məğlubiyyəti olacaq. Gürcüstan, Moldova, Mərkəzi Asiya dövlətləri Moskvanın təzyiqlərini daha sərt hiss edəcəklər. Əksinə, əgər Tramp Putini masaya oturmağa məcbur edərsə, bu, postsovet ölkələri üçün tarixi şans olacaq. Hər kəs anlayacaq ki, Kremlin “gücü” mifdir və ABŞ-ın dəstəyi ilə onun təsirindən çıxmaq mümkündür. Zelenskinin Trampla görüşü bu mənzərədə xüsusi əhəmiyyət kəsb edir. Ukrayna lideri ABŞ-a sadəcə dəstək istəməyə getmir, həm də Qərbin tarixi seçim qarşısında olduğunu xatırlatmaq üçün gedir”.
Politoloq deyir ki, hazırda əsas məsələ Trampın mövqeyidir: “O, hər zaman müharibə əleyhinə ritorikadan çıxış edib, indi də sülh razılaşması imzalayan lider kimi tarixə düşmək istəyir. Əgər söhbət Ukraynanın maraqlarını nəzərə almadan, yalnız Putinin şərtlərinə uyğun “saziş”dən gedirsə, bu, sülh olmayacaq. Bu, sadəcə Rusiyanın aqressiyasına “yaşıl işıq” yandırmaq deməkdir. Unutmaq olmaz ki, bu müharibə Ukrayna ilə məhdudlaşmır. Əgər Qərb geri çəkilərsə, Gürcüstan, Moldova və hətta Mərkəzi Asiya dövlətləri də Rusiyanın təzyiqlərinin hədəfinə çevriləcək. Bu, domino effekti kimi bütün postsovet məkanını silkələyə bilər”.
Politoloq bildirib ki, ABŞ və Avropa birgə və sərt mövqe ortaya qoyarsa, bu, Kremlin güc mifini dağıdar və postsovet ölkələrinə yeni nəfəs verər: “Zelenski Trampla görüşə sadəcə bir dövlət başçısı kimi yox, həm də bütün postsovet məkanının təmsilçisi kimi gedir. Bu görüşdə Ukraynanın taleyi ilə yanaşı, regionun gələcəyi də həll olunacaq. Qərb ya tarixi məsuliyyətini yerinə yetirib Rusiyanı dayandıracaq, ya da bütün bölgə Putinin əsarətinə sürüklənəcək”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ