Onlayn ictimai-siyasi qəzet
BBC Fars xidmətinin baş müxbiri Pərham Qobadi son günlərdə ABŞ və İsrailin İrana qarşı artan hərbi təhdidləri fonunda Tehranda yaşayan valideynlərini şəhəri tərk etməyə razı sala bilmədiyini bildirib. Jurnalist bununla bağlı şəxsi müşahidələrini və emosional narahatlığını BBC-də yayımlanan yazısında bölüşüb.
“Donald Tramp Tehrandakı mülki əhalini dərhal təxliyəyə çağırsa da, valideynlərimi bu qərara inandıra bilmədim” – deyə Qobadi qeyd edir.
Onun sözlərinə görə, atasının cavabı belə olub:
“Bu yaşda, müxtəlif sağlamlıq problemləri içində saatlarla tıxacda qalmaq və daha da pis – başqa bir şəhərdə elementar ehtiyacları tapa bilməmək bizim üçün mümkün deyil. Tehrandan çıxmaq bir seçim deyil.”
Jurnalistin həm atası, həm də anası şəkər xəstəsidir. Anası isə bir aydır ki, şiddətli başgicəllənmə səbəbilə evdən çətinliklə çıxa bilir və yalnız başqasının köməyi ilə yeriyir.
Musavat.com xəbər verir ki, Parham Qobadi bu şəxsi etirafı ilə Yaxın Şərqdə hərbi böhranın mülki insanlar, xüsusilə də yaşlı və xəstə əhali üzərində yaratdığı təzyiqləri ön plana çıxarır. Onun ailəsi bu gün milyonlarla iranlının timsalında savaş və təxliyə çağırışları qarşısında nə qədər aciz duruma düşdüyünü göstərir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp son çıxışlarında İranın paytaxtı Tehranda yaşayanlara “dərhal şəhəri tərk edin” çağırışı etmiş və hücum ehtimalının yüksək olduğunu bildirmişdi. Bu çağırışlar isə hələ də çoxsaylı insanın reallıqda tətbiq edə bilmədiyi təxliyə ssenarilərinə çevrilib.
Musavat.com-un əldə etdiyi fotolarda Parham Qobadinin valideynləri ilə çəkilmiş, lakin kimlik qorunması məqsədilə bulanıqlaşdırılmış görüntülər yer alır.
Bu yazı həm də bir sualı gündəmə gətirir: təhlükədən qaçmaq imkanı olmayan milyonlarla insanın taleyi necə olacaq?
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ