İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikasayağı Zəngəzur dalanı: “open”, yoxsa “closed...”

Azərbaycanın tələbi bəlli, Rusiyanın və ABŞ-ın istəyi də..; bəs çıxış yolu nədir - deputatdan ilginc proqnoz

Prezident İlham Əliyev ötən həftəsonu Xankəndindəki media forumda  Zəngəzur dəhlizi ilə bağlı mövqe bildirib. Prezidentin sözlərinə görə, təəssüf ki, son beş il ərzində Ermənistan Zəngəzur dəhlizi ilə bağlı heç bir iş görməyib: “Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək”.

Dövlət başçısı ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı mövqeyini də bildirib. Dövlət başçısı deyib ki, sual Ermənistan rəhbərliyinə verilməlidir: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarına dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda, vətəndaşlarımız təhlükə altında olacaqlar”. 

Bəllidir ki, Ermənistanın baş naziri son mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizinin icarəsi ilə bağlı təklifinin fəal müzakirə olunduğunu bildirib. “Biz bunda maraqlıyıq, lakin indiyədək bu məsələdə razılığa gəlməmişik. Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər”, - o vurğulayıb və əlavə edib ki, Amerika variantı hələ də əsas hesab edilsə də, digər ölkələrin də oxşar təşəbbüsləri müzakirə olunur.

Paşinyan həmçinin bildirib ki, o, əsas kommunikasiyaların üçüncü tərəfə ötürülməsində heç bir risk görmür. “Məsələn, Zvartnots hava limanının rəhbərliyi ekstraterritorialdır. Mən inanmıram ki, bu halda, Ermənistanın suverenliyi, yurisdiksiyası və ya ərazi bütövlüyü pozulsun. Bizim su təchizatı sistemimiz də ekstraterritorial idarə olunur”, - baş nazir qeyd edib.

Rusiyanın “İzvestiya” nəşri “Dəhlizdə fırtına: amerikalılar Cənubi Qafqaz uğrunda döyüşə başladılar” məqaləsində ABŞ-ın layihədə mümkün iştirakına Bakı və Ankaranın hələ reaksiya vermədiyini yazır: “Görünür, hər iki paytaxt bu variantdan o qədər də razı deyil, çünki onlar yolda heç bir nəzarətin olmamasını ideal hesab edirlər. Eyni zamanda üçüncü tərəfin iştirakı da onlar üçün məqbul görünür”. 

Ermənistan Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun elmi işçisi Sergey Melkonyan isə nəşrə deyib ki, təsəvvür etmək çətindir ki, hansısa kommersiya şirkətinin gömrük və sərhəd nəzarəti funksiyalarını öz üzərinə götürsün: “Burada cavabdan daha çox suallar var. Amma qeyd edirəm ki, Ermənistanda sərhəd və sərhəd təhlükəsi ilə bağlı çətin vəziyyət var. Yarı blokada vəziyyəti qalmaqdadır, sülhü qorumaq vəzifəsi son dərəcə çətin görünür”.

sergey melkonyan

 Sergey Melkonyan

Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 10 noyabr razılaşmasını regionda kommunikasiyaların açılmasında və  sərhədlərin müəyyənləşməsində Rusiyanın iştirakının nəzərdə tutulduğunu xatırladıb. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru əlaqəsi olan Zəngəzur dəhlizi ideyasını ilk dəfə məhz üçtərəfli bəyanatda əks olunurdu, Rusiya sərhədçiləri bu yolun təhlükəsizliyini təmin etməli idi.

Amma Rusiya da bu 5 ildə Zəngəzur dəhlizi məsələsində bir addım belə irəliləyə bilmədi. İndi isə Rusiya XİN Zəngəzur dəhlizinə nəzarətin Moskvaya aid olduğu köhnə sənədi yada salır. Azərbaycanın tələbi bəlli, Rusiyanın və ABŞ-ın istəyi də... Bəs çıxış yolu nədir?

Erməni analitik Ovannes Avetisyan isə maraqlı analogiya aparıb.  O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra eynilə Batumidəki proses təkrarlanacaq: “Məsələn, Batum. Türkdilliləri gətirib, işlədəcək və orada məskunlaşdıracaqlar”. Onun proqnozuna görə, Zəngəzur bu gün Ermənistanın ən az məskunlaşan bölgəsidir: “Dəhliz həyata keçirəndən sonra iqtisadi sənədlər imzalanacaq, Türkiyədən iş adamları bura gələcək, irimiqyaslı hotel və xidmət layihələri yaradacaqlar”.

Bəs Azərbaycan bu düyünün çözülməsini necə təsəvvür edir? Beş ildir həllini tapmayan dəhliz məsələsi daha neçə il uzana bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizi istənilən halda açılacaq. Parlamentin üzvü bildirdi ki, sadəcə olaraq, bu gün Zəngəzur dəhlizi uğrunda savaş gedir və mövqelərin toqquşması da əslində dəhlizə nəzarət uğrundadır: “İran hazırda istisnadır, ancaq istənilən halda, bu dəhliz onların maraqlarına xidmət etmir. İran daha böyük siyasi maraqlarını təmin etmək üçün bu yolun açılmasını istəmir. Ermənistanla sərhədinin nəzarətdən çıxacağı qənaətində olduğu üçün bu fikirdədir. Ancaq Rusiyanın 2020-ci il 10 noyabr bəyannaməsinə müvafiq olaraq həmin xəttə Rusiya Federal Xidmət orqanlarının nəzarətini hədəflədiyi məlumdur. Amma Ermənistan bu məsələdə mövqeyini artıq konkret şəkildə bildirib. Əslində bu, Azərbaycanın da maraqlarına tam uyğun deyil. Bu baxımdan, həmin kommunikasiya xəttinə nəzarətin Azərbaycan və Türkiyənin əlində olmasında maraqlıyıq. Azərbaycan və Türkiyə bu layihədə əsas rol oynayırlar. Həmçinin təhlükəsizlik mexanizmində də birbaşa iştirak etməlidirlər”.

A.Əlizadə Zəngəzur dəhlizinin açılmasında böyük türk dövlətlərinin də maraqlı olduğunu açıqladı: “Sözsüz ki, ABŞ da bu məsələdə maraqlıdır və hətta təklif də irəli sürüb ki, onların bir şirkəti həmin bölgəni 100 il müddətinə icarəyə götürməyə hazırdır. Həmçinin bu dəhliz Böyük Britaniya və Çin üçün də strateji maraq doğurur. Azərbaycan artıq texniki məsələlərin həlli istiqamətində ciddi işlər görüb, vəsaitlər ayırıb. Ermənistan da anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Türkiyə və Azərbaycanla kommunikasiya qurulmalıdır. Düzdür, bu gün Ermənistan Paşinyanın timsalında fərqli mövqe sərgiləyir. Ancaq Paşinyan seçkilərə qədər bu məsələ ilə bağlı konkret addım atmaq imkanına malik deyil. Çünki seçkiöncəsi bu məsələ müxalif qüvvələri qıcıqlandırar və onların əlini gücləndirə bilər”.

Deputat vurğuladı ki, Paşinyanın Türkiyə səfərində və Prezident İlham Əliyevlə Əbu-Dabidə baş tutan 5 saatlıq görüşündə bu məsələ müzakirə olunub: “Məlumdur ki, sülh müqaviləsinin bağlanması üçün əsas şərtlərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bu, rəsmi şəkildə səslənməsə də, bütün danışıqların əsas predmetidir. Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərindən sonra həm sülh müqaviləsinin imzalanması, həm də Zəngəzur dəhlizi ilə bağlı ciddi addımlar atılacaq. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının qaldırılması ilə bağlı referendumun keçirilməsi fonunda da önəmli addımların şahidi olacağıq. Sadəcə, zamana ehtiyac var”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR