İnsanlara hürriyət, millətlərə istiqlal!

Anadoluda UNİKAL TAPINTI: Tarixdə başqa örnəyi yoxdur - FOTOLAR

Əskişəhirdə tapılan 5 minillik çörək eyni reseptlə yenidən istehsal edildi

Türkiyənin Əskişəhər vilayətinin Seyitqazi rayonunda yerləşən və 1996-cı ildən bəri davam edən Küllüoba arxeoloji qazıntılarında təxminən 5 min il əvvələ aid çörək nümunəsi tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.

Ekspedisiya rəhbəri, professor doktor Murat Türktekinin sözlərinə görə, "tapılan bu çörək mayalanmış və bişirilmiş vəziyyətdə, tam forması ilə əldə edilmiş ilk nümunədir. Başqa bir bənzəri yoxdur".

Əskişəhər Böyükşəhər Bələdiyyəsinin sədri Ayşə Ünlücə Küllüoba qazıntılarında ilk çörək nümunəsinin aşkar edilməsinin böyük həyəcan doğurduğunu bildirib. O qeyd edib ki, həmin çörək laborator analizlərin nəticələrinə əsaslanaraq oxşar məhsullardan istifadə olunmaqla yenidən istehsal edilib və sabahdan etibarən şəhərin yerli marketlərində satışa çıxarılacaq.

“Başqa bir nümunəsi yoxdur”

Küllüoba qazıntılarına rəhbərlik edən Bilecik Şeyx Edebali Universitetinin Arxeologiya fakültəsinin professoru Murat Türkteki bildirib ki, qazıntılar zamanı təpənin altında yerləşən evin arxa otağı araşdırılıb və evin kandar hissəsində çox nadir hallarda rast gəlinən çörək nümunəsi aşkar edilib.

“Çörək üzərində araşdırmalar apardıq. Təxminən 2,5 sm qalınlığında və 12,5 sm enindədir. Boru formasındadır. Bu, formasını bildiyimiz, mayalanmış və bişirilmiş ilk çörək nümunəsidir. Başqa belə bir nümunə yoxdur. Çörək bişirildikdən sonra xüsusi olaraq həmin yerə yerləşdirilib. Arxa hissəsində görünən ağ izlərə biz “fitolit” deyirik. Bunlar bitki qalığı – konkret olaraq yarpaq qalıqlarıdır. Çörək mayalanarkən üzərinə zaman-zaman yarpaq qoyulub. Bu izlər də həmin prosesi əks etdirir. Bu istiqamətdə də tədqiqat aparacağıq. Çörəyin digər analizləri də həyata keçirilib”, – deyə Türkteki bildirib.

Sürətlə bişib və eyni anda mayalanıb

Türkteki çörəkdə iri dənəli buğda qalıqları aşkar edildiyini bildirib. O əlavə edib ki, mikroskopik müşahidələr çörəyin tez bişdiyini, qismən yandığını və eyni zamanda mayalanma prosesinin baş verdiyini göstərib.

“Buğdanın növünü müəyyən etdik. “Gernik buğdası” adlanan və bu gün də mövcud olan, lakin çox az miqdarda yetişdirilən bir buğda növü ilə qarşılaşdıq. “Gernik buğdası” çörəyin tərkibində təxminən 90 faiz yer tutur. Ancaq iri hissələr halındadır. Həmin dövr üçün üyütmə prosesi çətin olduğu üçün buğda bazalt daş üzərində əzilib və nəticədə iri dənələr qalıb”.

Prof. Dr. Türkteki həmçinin qeyd edib ki, çörəyin tərkibində “Gernik buğdası” ilə yanaşı mərci qalıqları da aşkarlanıb. Aparılan tədqiqatlar çörəyin 150 dərəcə və daha yüksək temperaturda bişirildiyini göstərib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR