Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiyanın “Burevestnik” adlı nüvə mühərrikli raket sınaqlarına münasibət bildirərək, “Putin müharibəni bitirməlidir, raket sınaqları ilə deyil” deyib. Tramp əlavə edib ki, “ABŞ-ın onların sahilləri yaxınlığında atom sualtı gəmiləri var, ona görə 8 min mil uçan raketlərə ehtiyac yoxdur”.
Bəs “Burevestnik” (rusca “fırtına quşu”) adlanan bu nüvə mühərrikli raket nədir, niyə bu qədər təhlükəli hesab olunur və niyə hələ də silahlanmaya qəbul edilməyib?
Musavat.com xəbər verir ki, bununla bağlı dünya mətbuatında ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ilk dəfə bu raket haqqında 2018-ci ilin martında çıxışı zamanı danışmışdı. O, “Burevestnik”i aşağı hündürlükdə uçan, radarlara görünməyən, nüvə başlıqlı və “demək olar ki, sonsuz məsafəyə” uçma qabiliyyətinə malik raket kimi təqdim etmişdi.
Putinin sözlərinə görə, “Burevestnik” heç bir ölkənin raketdən müdafiə sisteminə tuş gəlmədən hədəfə çata bilir.
Lakin reallıq fərqli olub. “Nuclear Threat Initiative” təşkilatının məlumatına görə, 2017–2019-cu illər arasında “Burevestnik” üzrə 13 sınaq keçirilib, lakin heç biri uğurlu olmayıb. 2019-cu ilin avqustunda Norveç dənizi yaxınlığında sınaq zamanı partlayış baş verib, radioaktiv maddələrin sızması nəticəsində “Rosatom”un 5 əməkdaşı həlak olub. Qərb ekspertləri o vaxtdan bəri bu layihəni “uçan Çernobıl” adlandırmağa başlayıblar.
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov dünən Putinə raketin “uğurla sınaqdan keçdiyi” barədə məruzə edib. Onun sözlərinə görə, raket 14 min kilometr məsafə qət edib və 15 saat havada qalıb.
Ancaq Müdafiə Nazirliyi sınağın görüntülərini ictimaiyyətə təqdim etməyib. Qeyri-rəsmi məlumatlara görə, raket Tu-95 bombardmançısından buraxılıb.
Üstünlükləri
- Demək olar ki, məhdudiyyətsiz uçuş məsafəsi - bu, raketdən müdafiə sistemlərini asanlıqla yan keçməyə imkan verir.
- Aşağı hündürlükdə uçduğundan radarlara düşməsi və izlənməsi çətin olur.
Çatışmazlıqları və risklər
- Raketin istənilən qəzası və ya vurulması halında radioaktiv sızma və geniş ərazi çirklənməsi mümkündür.
- Hətta uğurlu uçuş zamanı belə, raket mühərrikindən radioaktiv tullantıların çıxması qaçılmazdır.
Məhz bu səbəbdən ABŞ mətbuatı və ekspertlər onu “Uçan Çernobıl” (Flying Chernobyl) adlandırır.
Rusiyalı mütəxəssislər də etiraf edirlər ki, raketin “radioaktiv iz buraxmadan işləməsi texnoloji cəhətdən mümkün deyil”.
Analitiklərə görə, “Burevestnik” layihəsi strateji təbliğat və nüvə psixoloji üstünlüyü məqsədi daşıyır. Raketin tam təhlükəsiz işləməsi üçün daxili soyutma və radiasiya izolyasiyası texnologiyaları hələ mövcud deyil.
Müstəqil hüquq-müdafiə layihəsi Gulagu.net öz araşdırmasında yazır ki, bu raket yalnız potensial düşmən üçün deyil, onu istehsal edən rus mühəndislər üçün də təhlükə mənbəyidir.
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ