Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, azərbaycanlı həkim Tural Sultanov 1 aydır ki, itkin düşüb.
33 yaşlı T. Sultanov "BUE CASPİAN LTD" şirkətinə məxsus gəmidə çalışıb. Onun itkin düşməsi ilə bağlı xəbəri ailəsi gəmi Xəzər dənizində olarkən alıb. İtkin həkimin əmisi qızı Ağanisə Sultan bildirib ki, Tural hadisədən bir gün əvvəl anası Aygün xanımla danışıb.
Bu haqda ana bildirib:
"Balam dənizin ortasında olduğundan bəzən danışanda əlaqə kəsilirdi, artıq buna öyrəşmişdik. Həmişəki kimi danışdı, yaxşı olduğunu dedi. Tural dənizə gedəndə yay idi. Havalar soyuduğundan isti geyimlərini ayırmışdım. Fikirləşdim ki, səhər zəng edəndə balama deyim sən oralarda üşüyəcəksən, gəmiyə gələn olacaqsa, geyimlərini göndərim... 63 gün idi, əslində bir ay dənizdə, bir ay evdə olurdu. Başqa həkim yoldaşının yerinə də işə çıxmışdı. Oktyabrın 12-15 arası qayıdacaqdı. Ən çox mənim bişirdiyim şorqoğalı və pirojki istəyirdi. Turalım gələnə sevdiyi yeməkləri bişirib, süfrəyə düzəcəkdim... Məni bu qədər intizarda qoymazdı balam..."
A. Sultan deyib ki, sentyabr ayının 27-si atası işdən evə gələndə Turalın həkim kimi çalışdığı Leyla Şıxlinskaya klinikasından zəng edib, hadisənin baş verdiyini bildiriblər. Turalın işlədiyi gəmi sahilə gələndən sonra ailəyə kamera görüntüləri də göstərilib:
"Arxadan, çox uzaqdan görüntülər var. Biz öndən çəkilən görüntüləri istəyəndə əllərində olan ancaq budur dedilər. Arxadan gedir, göyərtəyə çıxır, dənizə düşür, üzdüyü yer də görünür, 3 dəqiqə sonra xilasedici qayıqlar suya buraxılır... Bizə deyirlər ki, siz öz övladınızı arxadan, geyimindən tanımırsınız?.. Mənim oğlum niyə özünü dənizə atsın, səbəb nə olub? Niyə öndən, yaxından çəkilmiş kamera görüntüləri yoxdur? Balam 17 yaşından xarici ölkələrdə gecəsini gündüzünə qatıb oxuyurdu, özünü inkişaf etdirirdi, dillər öyrənirdi. Ən son 5-ci dili - ispan dilini öyrənirdi. İdmanla məşğul idi, peşəkar üzgüçü idi, dalğada, ən pis hava şəraitində belə dənizdə üzməyi bacarırdı. Paraşütdən tullanırdı, evə alıb qoyduğu yeni idman alətləri olduğu kimi durur, özü gəlib açacaqdı. Evi olsa da, dəniz mənzərəli yeni ev almışdı. Mənə dedi ki, öz zövqünə görə mətbəx mebeli sifariş ver, dənizdən qayıdandan sonra birlikdə gedib, ev əşyaları seçərik...
Turalımın arzuları vardı, bizim arzumuz isə Tural idi. Mən balamın nişanını, toyunu görmək arzusunda idim, indi səsinə, nəfəsinə, özünə həsrət qalmışam. Hava soyuqdur, balam dənizdə üşüyür..."
A. Sultan bildirib ki, Tural hadisədən bir gün əvvəl işlədiyi Leyla Şıxlinskaya klinikası ilə telefonda danışıb:
"Həmin gün orada nə baş verib, Tural niyə klinikaya zəng edib, nə danışıb, sonra nə olub, heç nə bilmirik. Əgər intihar etmək fikrində olubsa, (birmənalı şəkildə bunu rədd edirik) niyə dənizdə geyindiyi ayaqqabıları çıxarıb, telefonu da yanına qoyub? Suallar çoxdur. Bizim Turalımız isə 31 gündür yoxdur”.
Həkimin əmisi qızı, jurnalist Pərvanə Sultanova Musavat.com-a deyib ki, Tural Kazan Tibb Universitetini bitirib, Almaniyada təhsil alıb. 4 xarici dildə danışırmış:
"Əmimə bir ay bundan öncə dedilər ki, oğlu itkin düşüb. Bu müddətdə axtarışlar getdi, ancaq Turalın nə dirisi, nə də ölüsü tapıldı. İndi isə axtarışları dayandırıblar. Deyirlər ki, axtarış müddəti başa çatıb. Ailəsinin ən böyük istəyi Turalın ölüsünün və ya dirisinin tapılmasıdır. Hamının gözü yoldadır.
Onun itkin düşməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülər. Deyirlər ki, dənizdə çox dərinə üzüb gedib və s. Halbuki o, üzgüçülüyü çox yaxşı bacarırdı və fırtınada da üzürdü. Deyilənə görə, itkin düşdüyü gün hava çox pis olub.
Onun axtarışları 27 sentyabrdan, yəni hadisə baş verdiyi gündən bəri davam edir. Xilasetmə əməliyyatları 5 gəmi və helikopterlə həyata keçirilib, amma hələ də xəbər yoxdur".
Şahanə Rəhimli
Musavat.com
28 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ