İnsanlara hürriyət, millətlərə istiqlal!

Yerli bolşeviklərin “şurəvi” xələfinin kələfi– “Son darbeyi vurdun bu son məktubla”...

İndi bəziləri Ramiz Mehdiyevin Kremlə ünvanlandığı “şanlı məktub”un həqiqiliyini şübhə altına alır, “işin içində nəsə başqa iş olduğu”nu iddia edir, amma bunu daha effektiv edə biləcək bir nəfər var – o da Ramiz Mehdiyevin özüdür.

Adam ev dustağıdır, tam təcriddə deyil, ya özü birbaşa, ya da vəkilləri belə bir məktubun real olmadığını bəyan edə bilərlər.

Ancaq məktub mötəbər dairələrdən yayıldığına görə bunun gerçəkliyini şübhə altına almaq üçün əsas yoxdur. Xüsusilə də Ramiz Mehdiyevi çoxdan tanıyanlar, onun Prezident Administrasiyasının rəhbəri olduğu zamanlardakı fəaliyyətini izləyənlər, yüksək dövlət vəzifəsindən kənarlaşdırılmasından sonra zaman-zaman büruzə verdiyi narazılıqdan xəbərdar olanlar bu xüsusda skeptik olmamalıdırlar.

Zatən, dövlət vəzifəsindən, eləcə də AMEA prezidenti postundan getdikdən sonra ilk baxşdan guşənişin qocaya çevrilmiş kimi görünən 87 yaşlı veteran siyasətçiyə, 1993-cü ildən 2019-cu ilə qədər mövcud iqtidarın “qoruyucu mələyi” işləmiş bir şəxsə münasibətin bu qədər kəskin dəyişməsinin yalnız bir səbəbi ola bilərdi. Bir çoxları birbaşa “xəyanət” deyir.

Məktub olduqca ustalıqla, korrekt şəkildə hazırlanıb, ortada akademik təcrübə olduğu dərhal bilinir. Düzdür, namənin kimə ünvanlandığı dəqiq göstərilməyib, ancaq bunu təxmin etmək çətin deyil. Rusiyada bu cür məktubları oxumaq, dərkənar və ya kənara qoymaq səlahiyyəti yalnız bir adamdadır.

Bəziləri düşünür ki, bu məktubda elə bir ciddi şey yoxdur, hətta demokratiyaya dair çağırışlar var.

Məgər 1920-ci ildə bolşeviklər Bakını işğal edəndə “sizi müstəmləkə edəcəyik, yüksək vəzifələrdə ermənilər, ruslar, gürcülər işləyəcək, sərvətlərinizi Rusiyaya daşıyacağıq” deyirdilər? O vaxt da riyakar cümləpərdazlıqlarla əsl niyyətin üstü örtülürdü. Bakını götürən rus bolşeviklər xalqlar dostluğundan danışırdılar, xalqın ən savadlı, ən görkəmli inqilabçı oğlu “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır” deyirdi, o biri milli inqilabçılar “zəhmətkeş kütlələrin üzünə günəş doğur” bağırırdılar.

Amma necə oldu? Rus qoşunu Gəncədə qanı su yerinə axıtdı, yefremovlar, serebrovskilər, kirovlar, stasovalar, mirzoyanlar Azərbaycanı idarə etməyə başladılar, Bakı neftinin üstünə qondular, sümürdükcə sümürdülər. Cəmi bir ildən sonra ermənilərin Bakı sovetində Nərimanovun başına nə oyun açdıqlarından xəbəriniz var yəqin.

Ona görə də R.Mehdiyev və başqa birisi heç vaxt “ey böyük rus qardaş, bizə kömək edin, Əliyevləri devirək, siz bizə hakimiyyət verin, biz isə sizə ölkənin sərvətlərini verək, əl-ələ verib işləyək, müxalifləri əzək, seçki deyənin dilini kəsək” yazmazdı.

Belə hallarda adətən “dərin böhran”dan, xalqın “islahatlar və dəyişikliklər tələb etməsi”ndən, “mövcud idarəetmə strukturunun qeyri-effektivliyi”ndən bəhs edirlər.

İfadələr tanış deyilmi? Bolşeviklərin inqilaba verdiyi tərifə oxşamırmı? O zamanlar Lenin inqilaba belə tərif vermişdi: “İnqilab o vaxt baş verir ki, yuxarı təbəqədəkilər əvvəlki kimi idarə edə bilmirlər, aşağı təbəqələr isə əvvəlki kimi yaşaya bilmir və yaşamaq istəmirlər”.

Yayılmış məktubdan Lenin bolşevizminin ruhu və ritorikası yağır. O zamanlar o da “torpaq kəndlilərə, zavod fəhlələrə, hakimiyyət şuralara” şüarı səsləndirirdi, amma sonra kəndlilərin torpağını əllərindən alıb təhkimli kəndliyə çevirdilər, zavod və fabriklərdə fəhlələri qul kimi işlətdilər, idarəedici şuralara doluşanlar isə amansız bürokratlara çevrildilər.

Mehdiyevin “strateji dövlət orqanlarının rəhbəri kimi topladığı çoxillik idarəetmə təcrübəsi”nə və “daimi elmi tədqiqatları”na əsasən təklif etdiyi dövlət idarəetmə sistemində özü kəşf edibmiş kimi, hakimiyyətin üç qoldan ibarət olacağını (qanunverici, icraedici və məhkəmə) qeyd etməsi bu kateqoriyadandır. Gəlişigözəl sözlərdir.
Əsas məsələ isə bu hakimiyyət qollarının fəaliyyətinə nəzarəti təşkil etmək üçün “cəmiyyətdə nüfuz sahibi olan 50 nəfərlik Dövlət Şurası”nın yaradılmasıdır. Bu şura “görkəmli və təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət” olacaqmış.

Şura məsələsi yeni deyil. Bolşeviklər də şura ilə gəlmişdilər, xalqa Aşura yaşatdılar.

Ona görə də “məktubda çevrilişə aid söz yoxdur” deyənlər özlərini aldatmasınlar, istənilən ölkədə dövləti idarə etmək üçün “Dövlət Şurası” yaradılırsa, bu, artıq dövlət çevrilişinin baş tutmuş olması deməkdir. Tarixən hansısa ölkədə silahlı üsyan yatırılırsa, “qiyam”, baş tutursa, “inqilab” adlanır və dövləti yenicə yaradılmış “Dövlət Şurası” və ya “Müvəqqəti hökumət” idarə edir. Hər yüz “müvəqqəti hökumət”in 99-u sonradan daimi hökumət olur və onun ömrü ya çox uzun çəkir, ya da növbəti “inqilab” zamanı bitir.

Mehdiyevin planına görə, Dövlət Şurasına və parlamentə seçkilərin hər 7 ildən bir keçirilməsi mürtəce islahatdır. 7 il az müddət deyil, üç 7 il bir igidin ömrüdür, demək, hakimiyyəti götürmüş DŞ üzvləri onu tezliklə başqa birisinə verməyəcəkmişlər.

Ancaq planda mütərəqqi bəndlər də var: “Ölkədə icra hakimiyyətinə parlament seçkisinin nəticələrinə əsasən seçiləcək baş nazir başçılıq edəcək. Parlament seçkisinin nəticələrinə görə ən çox səs toplayan partiyanın sədrinə dövlətin sosial-iqtisadi xəttinin həyata keçirilməsinə cavabdeh olan hökuməti formalaşdırmaq hüququ veriləcək”. Bu ki Avropa standartıdır. Daha dəqiq desək, bu, Avropa standartı tətbiq etməyin vədidir. Nəticədə prezident respublikası rejimindən parlament respublikası rejiminə keçiləcəkmiş.

Azərbaycanda “demokratik islahatları bərqərar edəcək ölkə”nin özündə demokratiyanı D-si belə yoxdur. Öz ərazisində demoNkratiya bərqərar etmiş dövlət başqa ölkələrdə haqq-ədalət yaradacaqmış. Absurd!

Əslində məktubda ən şübhəli məqamlar Mehdiyevin demokratik seçkilərin keçirilməsindən, bunun ölkənin beynəlxalq imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağından bəhs etməsidir. Belə şeylər ona ömrü boyu yad olub axı. Birdən-birə nə oldu ki, adam demokratiya aşiqinə çevrildi.

Bunu da onun köhnə bolşeviklərin sadiq xələfi olmasına və insanların gözündən pərdə asmaq qabiliyyətinə bağlayaq.

P.S. Yazının ikinci başlığı məşhur “Son məktub” mahnısındandır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR