Onlayn ictimai-siyasi qəzet
Bu gün Suriyanın paytaxtı Dəməşq şəhərində Suriya-Səudiyyə Ərəbistanı Sərmayə Forumu-2025 öz işinə başlayıb. Tədbirdə Suriya tərəfdən keçid dövrü prezidenti Əhməd əş-Şara, Səudiyyə Ərəbistandan isə Xalid əl-Faleh iştirak edib. Həmçinin vəliəhd şahzadə Məhəmməd bin Salmanın tapşırığı ilə 120-dən çox səudiyyəli sərmayəçi də foruma qatılıb.
Forumda bildirilib ki, bu günə qədər Səudiyyə Ərəbistanı ilə Suriya arasında ümumi dəyəri 6,4 milyard dollar olan 47 saziş imzalanıb. Səudiyyə Ərəbistanı sərmayəçiləri Suriyanın bir sıra sahələrinə sərmayə yatıracaq, o cümlədən, Suriyada sement zavodu inşa ediləcək.
Yeri gəlmişkən, dünən Fransa paytaxtında Suriyanın xarici işlər naziri Əsəd Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib. Görüşün təşkilatçısı ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak olub. Görüşdə Suriyanın cənubundakı vəziyyət və iki ölkə arasındakı əlaqələr müzakirə olunub.
Bu gün isə Suriya xarici işlər naziri və Tom Barrakın Fransa xarici işlər naziri ilə görüşü keçiriləcək. Hər iki hadisə göstərir ki, ABŞ Suriya üzərində təşəbbüsü öz əlinə alıb. Apreldə Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əş-Şara ilə görüşən Tramp dərhal Suriyaya qarşı sanksiyaları ləğv etdi, ardınca isə Livan əsilli Tom Barrakı Suriya üzrə xüsusi təmsilçi təyin edərək ona böyük səlahiyyətlər verdi. Hətta bu günlərdə ABŞ hökuməti Suriyada hazırda iqtidarda olan şəxslərin təmsil olunduğu HTŞ silahlı qruplaşmasını “terror təşkilatı” siyahısından çıxarmaqla Suriyanın yeni hakimiyyəti ilə ciddi əməkdaşlığın siqnalını verdi.
Maraqlıdır ki, bu günlərdə bəzi media orqanlarında ABŞ və ərəb dövlətlərinin Suriyada fəallaşması fonunda Türkiyənin arxa plana sıxışdırılacağı haqda xəbər və şərhlər yayılır. Hələlik bunu rəsmi olaraq təsdiqləyəcək hər hansı açıqlama və ya məlumat olmasa da, Türkiyə və İsrail arasında yüksələn gərginlik, habelə kürd məsələsi ilə bağlı prosesin dalana dirənməsi fonunda ərəb dövlətləri, xüsusən də Səudiyyə Ərəbistanının fəallaşması şübhəli görünür.
Məsələ ondadır ki, dekabrda HTŞ liderliyində müxalifətin Suriyada hakimiyyəti ələ keçirməsindən sonra bu ölkədə əsas aktyor kimi Türkiyə önə çıxdı. Çünki Türkiyə uzun müddət Suriya müxalifətini dəstəkləyib, silahlandırıb, habelə ən çox suriyalı qaçqına ev sahibliyi edib, Suriyanın hazırkı xarici işlər naziri Şeybani də daxil olmaqla bir çox dövlət rəsmiləri Türkiyədə yaşayıb və təhsil alıb. Üstəlik, Türkiyə Suriya ilə böyük sərhədə malikdir. Bu da Suriyada siyasi sabitliyin həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb etdiyini göstərir.
Yanvarda prezident kimi fəaliyyətə başlayan Donald Tramp da Suriyanın yenidən qurulması və hökumətə himayədarlığın Türkiyəyə verilməsini dəstəklədi. Məhz bu səbəbdən də apreldə Ər-Riyadda Suriya prezidenti Əhməd əş-Şara ilə Tramp arasında görüşdə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanla yanaşı, telefon vasitəsilə onlayn olaraq Türkiyə prezidenti də qatıldı. O zaman belə bir fikir vardı ki, Suriyanın iqtisadi olaraq dirçəldilməsi Səudiyyə Ərəbistanı, Qətər kimi ərəb dövlətlərinə verilib, hərbi və siyasi himayədarlıq isə Türkiyəyə tapşırılıb.
Aydın məsələdir ki, Suriyanın da Türkiyəyə ciddi ehtiyacı var. Çünki ərəb dövlətlərindən fərqli olaraq, Türkiyənin güclü hərbi sənayesi və ordusu var. Üstəlik, Türkiyə coğrafi olaraq Suriyaya daha yaxındır və Suriyanın hərbi, siyasi və mülki infrastrukturunun yenidən qurulmasında Türkiyə daha çox rol oynaya bilər, nəinki region ərəb dövlətləri.
Lakin son aylarda İsraillə baş verən iki gərginlik, habelə kürd məsələsində prosesin dalana dirənməsi belə görünür ki, Amerika hökumətinin Suriyada təşəbbüsü ələ almasına səbəb olub. Vaşinqton müttəfiqi Türkiyə ilə İsrailin Suriyada qarşı-qarşıya gəlməsi ehtimalından ciddi şəkildə narahatdır. Buna görə də Suriyadakı siyasətini dəyişir.
Ancaq bu yeni dəyişikliyin Türkiyə ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil. Çünki xarici işlər naziri Hakan Fidanın İsraillə bağlı son açıqlaması ciddi narahatlıq ifadə edirdi. Üstəlik, Suriyanın Türkiyədən hərbi yardım istəməsi Suveyda hadisələri fonunda Ankara-Tel-Əviv qarşıdurmasını qaçılmaz edir.
Bu mənada mümkündür ki, sürətlə artan gərginliyi yumşaltmaq üçün Vaşinqton və Ankara razılaşdırılmış şəkildə Türkiyənin müəyyən qədər geri çəkilməsi, diplomatik təşəbbüslərin Vaşinqtonun öz əlinə alınması qərarına gəliblər.
İkinci ehtimal isə İsrailin tələbi ilə Suriyada Türkiyənin təsirinin azaldılması ilə bağlı Vaşinqtonun yeni siyasi həmləsidir. Lakin bu halda Türkiyə Suriyada sıxışdırılmasından narazı qala və Suriya siyasətinə yenidən baxa bilər. Bu isə regionda vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Suriyadakı yeni prosesin Ankara ilə razılaşdırılmış gediş olub-olmadığını isə yaxın günlərdə biləcəyik.
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ