Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) 2025-ci ilin may ayında "Avropanın Təhlükəsizlik Fəaliyyəti" (SAFE) adlı 150 milyard avroluq müdafiə fondu yaradıb. Fonddan Aİ üzvü olan ölkələr və seçilmiş qeyri-Aİ dövlətləri, o cümlədən Ukrayna, müdafiə layihələri üçün kreditlər ala biləcəklər.
Fonddan istifadə edən ölkələr üçün əsas şərtlərdən biri odur ki, alınan hərbi texnikanın və komponentlərin ən azı 65%-i Aİ ölkələrində, Ukrayna, İslandiya, Lixtenşteyn, Norveç və ya İsveçrədə istehsal olunmalıdır.
Musavat.com bildirir ki, politoloq Aqşin Kərimovun fikrincə, Avropa İttifaqının silahlanma üçün militarizasiya fondu yaratması, onun büdcə həcmi üçün 150 milyard avro təyin etməsi Transatlantik mənzərədəki ziddiyyətlərdən qaynaqlanır.
"Avropa İttifaqında ABŞ-yə münasibətdə nisbi əks cəbhədə dayanan Fransa, Almaniya, Polşanın maraqlarını Böyük Britaniya idarə edir. Bu isə ABŞ-nin Ukrayna münaqişəsi arasında təhlükəsizlik nizamını müəyyən etmək planları ilə uzlaşmır.
Nəticə olaraq, Avropa İttifaqı sürətli və genişmiqyaslı transformasiya fonunda ABŞ prezidenti Donald Trampla mövqe uyğunluğu qurmaqda çətinlik çəkir.
Ukraynadakı müharibəyə yanaşmada özünü göstərən ixtilaflar Avropanın təhlükəsizlik düşüncəsini yenidən formalaşdırır. Çünki Avropa İttifaqı Tramp administrasiyası zamanında ABŞ-nin həlledici təhlükəsizlik yardımlarının azalacağı riskini təhlil edir. Buna görə də, Avropa İttifaqı boş dayanmır, üzv dövlətlər səviyyəsində müdafiə və təhlükəsizlik xərclərini əhəmiyyətli dərəcədə artırmaq üçün qəti addımlar atmağı hədəfləyir.
Hərçənd nəzərə almaq lazımdır ki, ABŞ Avropanı Rusiyanın strateji maraqlarına bütövlükdə qurban verməyi prioritetləşdirmir. Vaşinqton üçün əsas məsələ Avropanı Transatlantik norma və prinsiplərdən kənara çıxan yeni meyarlara tabe etdirməkdir.
Görünür ki, bu, Avropa İttifaqında da ciddi təhlükəsizlik narahatlıqları yaradır".
Politoloq qeyd edib ki, bununla belə, məsələnin maliyyə yükünə Avropanın məsuliyyət daşıması ABŞ üçün sərfəlidir:
"Çünki Donald Trampın iqtisadi-ticari şüuru Avropa üçün ABŞ-nin izafi xərclərə getməməyə hesablanmışdı. Beləliklə, ABŞ ortaya çıxan təşəbbüsü izafi xərclərin azaldılması və Rusiyanın ambisiyalarının cilovlanması baxımından alqışlayır. Digər tərəfdən ABŞ Avropa ilə Rusiyanı üz-üzə qoyaraq onların eskalasiya risklərini kənardan izləyir və idarə edir.
Ancaq ABŞ Avropa İttifaqının bundan sonra hansı oyun qaydası quracağına şübhə ilə yanaşa bilər. Buna görə də, ABŞ qısa və uzunmüddətli çağırışları təsvir edən variantlar təklif edəcək. Ehtimalla ABŞ bunu Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətindəki prioritetlərlə uyğunlaşdıracaq".
Xalidə Gəray
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ