Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Avropa Parlamenti Rusiyadan qaz idxalına tam qadağa tətbiqini 2028-ci ildən 2027-ci il yanvarın 1-nə çəkməyi təklif edir.
Bu barədə “Reuters” agentliyi daxili sənədlərə istinadla məlumat yayıb.
Təkliflə Avropa Xalq Partiyasından deputat İnese Vaidere və Yaşıllar Partiyasından Ville Niinistö çıxış ediblər. Vaidere qadağanı pozan şirkətlərə qarşı lisenziyaların geri alınmasına qədər sərt cəzalar tətbiq olunmasını təklif edir. Niinistö isə Rusiyadan neft idxalının da 2027-ci ildən etibarən tam dayandırılmasında israrlıdır.
Ekspertlər bildirirlər ki, bu təklif Avropa İttifaqı ölkələrinin hökumətləri tərəfindən dərhal dəstəklənməyə bilər. Lakin deputatlar bu təşəbbüsü digər danışıqlarda güzəştlər əldə etmək üçün təzyiq aləti kimi istifadə edə bilərlər.
Məsələ ilə bağlı səsvermənin payızda keçiriləcəyi gözlənilir.
Musavat.com
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ