İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı komissar Bakıya niyə gəlmişdi - gözləntilər

Marta Kosun Ağdama səfəri Aİ-nin minatəmizləmədə dəstəyi artıracağına ümid yaradır - iki fərqli rəy

Sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Görüşdə əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi və regionda dayanıqlı təhlükəsizliyin təmin olunması məsələlərinə yönəlib. Marta Kos əldə edilən irəliləyişlərə görə dövlət başçısını təbrik edib və Aİ-nin sülh təşəbbüslərinə, eləcə də Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə bundan sonra da dəstək göstərəcəyini bildirib.

Komissar həmçinin enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıb, nəqliyyat və logistika istiqamətində yeni imkanların açıldığını diqqətə çatdırıb.  O, Ağdam şəhərinə səfəri çərçivəsində Sarıcalı kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti ilə tanış olub, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumatlandırılıb. 

Bildirilib ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində 227 min 713,3 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Piyadaəleyhinə 38 min 600 ədəd mina, tankəleyhinə 22 min 192 ədəd mina və 148 min 376 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə, 209 min 168 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə əməliyyatları əllə minaaxtarma, xüsusi təyinatlı mexaniki maşınların, minaaxtaran itlərin dəstəyi ilə icra edilir.

Avropa İttifaqının genişlənmə siyasəti üzrə komissarı sonra ərazidən tapılan minaların partlayış yolu ilə zərərsizləşdirilməsini izləyib.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı hazırda Azərbaycanda mina əməliyyatlarının ən böyük beynəlxalq donorudur. İndiyədək ayrılan yardımın həcmi 23 milyon avroya çatıb. Lakin bu rəqəm işğaldan azad edilmiş ərazilərin miqyası, minaların yaratdığı faciəvi nəticələr və bərpa planlarının böyüklüyü ilə müqayisədə kifayət qədər kiçik görünür. Son 5 ildə 400-ə yaxın mülki şəxsin mina partlayışları nəticəsində həyatını itirməsi və ya yaralanması, həmçinin ərazilərin tam təmizlənməsi üçün 10 milyardlarla vəsait tələb olunması bunu aydın göstərir.

Burada haqlı suallar ortaya çıxır: Ukraynaya milyardlarla avroluq yardım ayıran Brüssel niyə Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə işlərinə daha ciddi maliyyə ayırmır? Əgər Aİ regionda sülhün və sabitliyin dəstəklənməsində maraqlıdırsa, bu istiqamətdə praktiki addımlar gözlənilmirmi?

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, minaların təmizlənməsində Azərbaycana Avropa İttifaqı və “Team Europe” proqramı çərçivəsində onun 10 üzv dövləti,  Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Böyük Britaniya, ABŞ, Yaponiya və Türkiyə dəstək göstərib: “Müharibə bitdikdən sonra mina problemi ilə bağlı əməkdaşlıq etdiyimiz bütün beynəlxalq təşkilatlara müraciət etdik. Bu fəaliyyət hökumət strukturları tərəfindən də həyata keçirilir.

Hafiz Səfixanov minalarla mübarizədə əməkdaşlıq, ağac əkmə kampaniyasından  danışdı - AÇIQLAMA

Hafiz Səfixanov

Avropa İttifaqının mina problemi ilə bağlı yardımı gözlənilir. Amma bu yardımın konkret məbləğini deyə bilmərəm. Bu səfərdən sonra yardımın məbləğinin artacağına ümid etmək olar. 

Mina təmizlənməsində Azərbaycana Böyük Britaniya, BƏƏ, Macarıstan, Səudiyyə Ərəbistanı, İtaliya böyük yardım edib. Almaniya ölkəmizə bununla bağlı yarım edəcəyini elan etmişdi. Belə dəstəklər var, lakin bizim problemlə müqayisə etdikdə adekvat deyil. Azərbaycan beynəlxalq ictimaiyyətdən problemin həlli üçün tələb olunan vəsaitin indiyə kimi 4-5 faizini ala bilib. Yerdə qalan 95 faiz işlər isə dövlətimizin öz büdcəsi hesabına görülür. 

Bizim problem böyükdür, ona görə də daha çoxuna ümid edirik. 2021-ci ildə hökumət bildirmişdi ki, Qarabağın minalardan təmizlənməsi üçün 21 milyarddan çox pul lazımdır. Güman edirik ki, ölkəmizə bu istiqamətdə yardımlar hər il artacaq. Əgər komissar Ağdama gedirsə, mina təmizlənməsi ilə bağlı yerində məlumatlar alırsa, bu, onu göstərir ki, Avropa İttifaqının mina təmizlənməsinə, Qarabağın bərpasına marağı var.

Doğrudur, mina məsələsi ilə bağlı Ukraynaya daha çox vəsait ayrılır. Hazırda dünyanın prioriteti sayılır. Burada siyasi və geopolitik məsələlər var. Məsələn, Ukrayna Minalar Əleyhinə Konvensiyanın üzvü idi, sonra oradan çıxdı.  Ukraynanın problemi bizdən böyükdür. Minaların sayına görə artıq Avropada birinci yerdədir və orada konfilikt davam edir. 10 gün əvvəl bombalama nəticəsində Ukraynada Danimarkanın mina təmizləmə şirkətinin 7-8 əməkdaşı həlak oldu". 

H.Səfixanov deyib ki, Azərbaycana minatəmizlə ilə bağlı dəstək yetərli deyil: “Təəssüf ki, gözləntilərimiz olmadı. Azərbaycanda minaların təmizlənməsi BMT standartları ilə həyata keçirilir.  Rəsmi səviyyədə bir neçə il bundan əvvəl minaların təmizlənməsi üçün 30 il vaxtın və 25 milyard dolların lazım olduğu bildirilmişdi. Lakin o vaxtdan bu günə kimi canlı qüvvələrin, siçovulların, itlərin və maşın mexanizmlərinin sayı artırılıb. Bu da müddətin azalmasına təsir edən amillərdəndir. Ağdam və Xocavənd rayonlarında minaların təmizlənməsi ilə bağlı intensiv işlər aparılır. Ən böyük problem keçmiş təmas xəttini keçəndən sonra başlayır. Qarabağa insanlar qayıtdıqca, infrastruktur layihələri həyata keçirildikcə həmin ərazilərdəki minalar böyük çətinliklər yaradır. Təəssüf ki, o ərazilərə aid Azərbaycana heç bir sənəd verilməyib.

Azərbaycan Minalar Əleyhinə Konvensiyaya qoşulmalıdır. Əgər həmin konvensiyanın üzvü olarsaq, onun 6-cı maddəsinə əsasən  beynəlxalq birlikdən daha artıq maliyyə vəsaitini tələb edə bilərik. İndiki məqamda Azərbaycan bu konvensiyaya qoşula bilmir. Lakin onu dəstəkləyir və tələblərini könüllü şəkildə yerinə yetirir. Hətta konvensiyaya üzv dövlətlərdən daha çox iş görür.  

Hazırda Azərbaycana verilən vəsaitlər hansısa ölkələrin bu və ya digər maraqları, yaxud da xoşməramlı niyyətləri ilə bağlıdır". 

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd isə qəzetə bildirib ki, yaxın günlərdə Avropa İttifaqı maliyyə dəstəyinin ediləcəyini elan edə bilər: “Bundan əlavə Ermənistandan bəzi mina xəritələri əldə edilib və minaların təmizlənməsi məsələsi Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilə bilər. Bu cür proseslər gedir. Lakin ərazinin geniş, minaların isə həddindən çox olması onu deməyə əsas verir ki, Avropa ittifaqı maliyyə ayırmaqla yanaşı, hansısa minatəmizləmə sahəsində ixtisaslaşmış şirkətləri bu prosesə cəlb edə bilər. Təbii ki, bunun maliyyəsini özləri qarılamalıdır. Nədənsə onların bu prosesdə maraqlı olmadığının şahidi oluruq. Maliyyə ayırmaqla yanaşı, bu məsələyə də diqqət yetirmək lazımdır. Hər ay, hər il mina partlaması hadisəsi baş verir, insanlar həyatlarını itirirlər.  Əslində Aİ-nin ayırdığ maliyyə də işin həcmi ilə müqayisədə azdır.  Aİ əgər Cənubi Qafqazda var olmaq və Azərbaycanla yaxınlığını davam etdirmək istəyirsə, minatəmizləmə məsələsinə ciddi şəkildə maliyyə ayırmalı və ya bu sahədə ixtisaslaşmış şirkətlərin Azərbaycana gətirilməsini təşkil etməlidirlər. Bu iş təkcə Azərbaycanın öz qüvvəsi ilə aparılsa, çox uzun illər çəkəcək”.  

Şahanə RƏHİMLİ,

“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR