Onlayn ictimai-siyasi qəzet
Avstraliyada yaranmış bu şəhər rəsmi olaraq bütün xəritələrdən silinib. Ondan kədərli hekayət qalıb.
1930-cu illərdə kiçik bir şirkət Qərbi Avstraliyada faydalı qazıntı yataqları aşkarlayıb və şaxtalar düzəltməyə başlayıb. Daha sonra həmin şaxtalar 1943-cü ildə digər böyük bir şirkət tərəfindən alınıb və nəticədə istehsalın səviyyəsi artıb. Artıq 1947-ci ildə mədən sahəsindən cəmi 10 kilometr aralıda mədənçilərin məskunlaşdığı Vittenum şəhəri salınıb. Şaxtalarda isə krosidolit çıxarılıb. Məhz bu mineral “Avstraliya Çernobılı”na səbəb olacaqdı.
Vittenumda həyat
Zaman keçdikcə şəhərdə otel, məktəb, poçt şöbəsi, mağazalar və hətta kiçik bir çörək sexi də yaranıb. 1950-ci illərdə şəhər əhalisinin sayı 20 000 nəfərə çatıb. Avstraliyada krosidolitin yeganə mənbəyi burada olduğu üçün 10 il ərzində mədənlərdən 160 min ton mineral hasil edilib. Mədənin istismarı zamanı yaxınlıqda istehsal tullantılarından dağlar yaranıb. Sivilizasiyadan uzaq olmasına baxmayaraq, şəhər daim böyüyüb və inkişaf edib.
Vittenum yeni torpaqlarda salınıb və tikinti üçün sakinlər əlində olandan istifadə etməyə çalışıblar, istehsal tullantılarından yollar və səkilər çəkilib. Üstəlik, sakinlər bu materialın kiçik mavi qranullarını istilik izolyasiyası kimi istifadə ediblər.
Tezliklə bütün şəhər - yollar, damlar, uşaq meydançaları qalın krosidolit təbəqəsi və onun tullantıları ilə örtülüb. Material Avstraliyanın isti iqlimi üçün ideal olub. Mineral tikintidə o qədər faydalı olub ki, 70 il ərzində onun toksikliyinə məhəl qoyulmayıb.
Əslində hasil olunan material təkcə adi asbest yox, onun ən təhlükəli, ən zəhərli növü olub. Asbest çox asanlıqla xırda toz halına gəlib. Material demək olar ki, çəkisizdir, ona görə də havada qalıb: asbest olan yerdə havada asbest tozu da mövcud olur. Təhlükəli olan da həmin tozdur. Asbest heç bir mürəkkəb kimyəvi proseslərə səbəb olmur: hər şey daha sadədir! Bir dəfə nəfəs alsanız, onlar sizin bədəninizə hopacaq. İndi təsəvvür edin, bütün şəhər belə materialdan tikilib.
Bir insan, əlbəttə ki, müəyyən miqdarda asbestlə yaşaya bilər. Amma illərlə belə bir atmosferdə yaşamaq yalnız ölümlə nəticələnəcək. Onun təhlükələri artıq 1930-cu illərdə məlum olub, lakin mineralın istehsalı və çıxarılmasının arxasında duran iri korporasiyalar, milyarderlər və hökumətlər susmağa üstünlük verib. Alimlər həyəcan təbili çalıb: asbest çox zərərlidir, qadağan edilməlidir, ondan istifadə etmək olmaz. Amma həmin “güclərin” maraqlarını təmsil edən lobbiçilər qadağanın qanun olaraq qüvvəyə minməməsi üçün hər şeyi ediblər.
İllərin fəsadı
Avstraliyada Vittenum kimi yerlər üçün “uçan həkimlər” xidməti olub. Onlar kiçik və ucqar şəhərlərə səyahət edib və yerlilərə kömək ediblər. 1948-ci ildə, şəhərin "kəşfindən" cəmi bir il sonra doktor Erik Sent oraya gedib. O görüb ki, qəsəbə asbestdən tikilib. O, dərhal bütün orqanlara məktublar yazaraq qarşıda böyük bir faciənin olacağı barədə xəbərdarlıq edib. Heç kim ona qulaq asmayıb. Bir neçə il sonra başqa bir həkim Cim Maknulti həyəcan təbili çalsa da, məktubları cavabsız qalıb.
Növbəti beş il ərzində yüzlərlə şaxtaçı bədxasəlli şişlə həkimə müraciət edib. Onların bəziləri mədəndə cəmi bir neçə mövsüm işləyiblər, bəziləri isə heç vaxt mədən yaxınlığında olmayıb, sadəcə, şəhərdə yaşayıblar. Bütün bu müddət ərzində həm şirkət (adı CSR), həm də hökumət susub. 1966-cı ildə şirkət mədəni sərf etmədiyinə görə bağlayıb. İnsanlar yeni iş axtarmaq üçün şəhəri tərk etməyə başlayıblar, lakin çoxları hələ də orada qalıb.
Müəyyən müddətdən sonra problem, nəhayət, hər kəs üçün aydın olub. Ancaq nəsə etmək üçün çox gec olub. Asbest yavaş-yavaş hərəkət etdiyi üçün, nəticədə onun nə qədər insanın həyatına təsir etdiyini müəyyən etmək mümkün olmayıb.
Ən azı 4 000 insan üçün müalicə artıq gec olub. Ancaq tarixçilər və həkimlər deyirlər ki, çox güman ki, bu say 10-20 dəfə çoxdur. Çünki qısa müddət ərzində şaxtada işləyən insanlar da güclü radiasiyaya məruz qalıblar. Mədənin sahibi olan CSR şirkətinin rəhbərliyi məhkəməyə verilib. Müəyyən olunub ki, direktorlar və əksər “bosslar” təhlükəni mükəmməl biliblər, amma qazanc bütün gözləri yumub.
Bu gün dünyada asbestin ən çox səbəb olduğu xəstəlik Qərbi Avstraliyada qeydə alınıb. 2006-cı ilin dekabrında şəhər rəsmən xəritələrdən və yol nişanlarından silinib. Asbest tullantılarının 3 milyon tonu hələ də mədənlərin yaxınlığındadır. Bunlar hündürlüyü 40 metrə çatan təpəliklər yaradıb, külək isə tozu kilometrlərlə uzaqlığa aparır.
Artıq 1994-cü ildə ekspertlər belə qənaətə gəliblər ki, bu çirklənmə aradan qaldırılmalı və şəhərə gedən yol bağlanmalıdır. Külək onu daha da irəli aparıb və zaman keçdikcə çirklənmiş ərazi yalnız böyüyüb. Yerli tayfalar, onların qalıqları da bundan əziyyət çəkiblər. İndiyədək 46 min hektar ərazi “çirklənmiş” və yaşayış üçün yararsız elan edilib. Bu, cənub yarımkürəsində insanlar tərəfindən çirklənmiş ən böyük ərazidir.
Amma nə şirkət, nə də Avstraliya hökuməti heç nə etməyib: problem yenə eynidir. Bəzi yerli sakinlər sona qədər şəhəri tərk etməkdən imtina ediblər: qalmağı və təcrid olunmuş vəziyyətdə yaşamağı seçiblər. 2022-ci ildə onlardan yalnız ikisi sağ qalıb.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ