İnsanlara hürriyət, millətlərə istiqlal!

Aysel Teymurzadə illər sonra səhnədə: “Yeni dövr başlayır!”

2009-cu ildə Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki parlaq çıxışı ilə yadda qalan Aysel Teymurzadə uzun fasilədən sonra yenidən səhnəyə qayıdıb.

Musavat.com xəbər verir ki, müğənni iyulun 23-də təşkil edilən "DreamFest" musiqi festivalında çıxış edərək illər sonra ilk dəfə canlı ifası ilə tamaşaçı qarşısına çıxıb. O, səhnəyə özünün simvolik ritorikasına çevrilən “Yenidən səhnədə” adlı mahnısı ilə çıxaraq, qayıdışını rəmzi şəkildə qeyd edib.

Aysel səhnədəki çıxışından görüntüləri şəxsi sosial media hesabında paylaşaraq izləyicilərinə belə müraciət edib:

“Uzun bir fasilədən sonra yenidən səhnədəyəm. Yeni mahnımla ilk çıxış – və o da ‘DreamFest’ kimi möhtəşəm bir festivalda! Yeni dövr başlayır...”

Xatırladaq ki, Aysel Teymurzadə “Avroviziya” yarışmasından qısa müddət sonra tanınmış pianoçu, Xalq artisti Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuş və sənət fəaliyyətini dayandırmışdı. Uzun müddət ictimai tədbirlərdən uzaq qalan müğənni yalnız dövlət tədbirlərində nadir hallarda görünürdü.

Son zamanlar cütlüyün ayrılığı ilə bağlı mətbuatda müxtəlif iddialar dolaşır. Aysel və Murad Adıgözəlzadə artıq bir müddətdir ki, birgə tədbirlərdə görünmürlər. Jurnalistlər ifaçının səhnəyə dönüşünü izləyərkən bu mövzunu da diqqətdən qaçırmayıblar.

Aysel şəxsi həyatı ilə bağlı yayılan məlumatlara qısa şəkildə reaksiya verərək bildirib:
“Bu gün musiqi festivalıdır, istəyərdim bu haqda danışaq. Çox gözəl gündür. Bu mövzuya başqa vaxt qayıdarıq.”

Qeyd edək ki, Aysel Teymurzadənin 12, 10 və 8 yaşlarında üç övladı var.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR