Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda geosiyasi balans yenidən formalaşarkən, Azərbaycan və ABŞ liderləri münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətlərini açıq şəkildə ifadə ediblər.
Dünyanın bir nömrəli gücü ilə bu statusa malik olmaq, istənilən ölkə üçün mühüm diplomatik və iqtisadi üstünlüklər deməkdir.
Gərginlikdən tərəfdaşlığa
Son illərdə Azərbaycan–ABŞ münasibətləri bəzən gərgin məqamlar yaşadı. Bayden–Blinken administrasiyası, xüsusilə 2023-cü ilin antiterror əməliyyatından sonra, Bakıya qarşı sərt ritorika nümayiş etdirdi. Rəsmi Vaşinqton Azərbaycanın nüfuzunu zəiflətmək, beynəlxalq imicinə zərbə vurmaq cəhdləri göstərdi. ABŞ tərəfi hətta bəzi rəsmi səfərləri təxirə saldı və sanksiya ehtimallarını gündəmə gətirdi.
Lakin Azərbaycan bu təzyiqlərə qarşı möhkəm dayandı. Milli maraqlarından geri çəkilmədi, suveren qərarvermə prosesini qorudu və diplomatiya meydanında balanslı, amma prinsipial mövqe sərgilədi.
Yeni mərhələdə strateji tərəfdaşlıq sadəcə siyasi dialoqla məhdudlaşmır. Enerji, nəqliyyat və ticarətdən tutmuş, süni intellekt və müdafiə sənayesi kimi yüksək texnologiyalı sahələrə qədər çoxşaxəli əməkdaşlıq gündəmdədir. Bu istiqamətdə atılan ilk praktiki addımlardan biri Vaşinqtonda SOCAR və “ExxonMobil” arasında imzalanan əməkdaşlıq memorandumu oldu. Bu sənəd enerji sahəsində qarşılıqlı investisiya imkanlarını genişləndirəcək və Azərbaycanın qlobal enerji bazarındakı mövqelərini gücləndirəcək.
Geosiyasi əhəmiyyəti
ABŞ-la strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da möhkəmləndirəcək. Vaşinqtonla sıx əməkdaşlıq təkcə ikitərəfli münasibətləri inkişaf etdirmir, həm də regiondakı digər aktorlar üçün siyasi siqnal xarakteri daşıyır. Bu, xüsusən enerji təhlükəsizliyi, tranzit marşrutlarının diversifikasiyası və yeni texnoloji sahələrin inkişafında Bakının əhəmiyyətini artırır.
Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi sadəcə diplomatik jest deyil – bu, hər iki tərəfin uzunmüddətli maraqlarına xidmət edən çoxşaxəli əməkdaşlıq platformasıdır. Bakı üçün bu status, həm iqtisadi gücünü, həm də beynəlxalq təsir imkanlarını yeni mərhələyə daşımaq imkanı verir.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ