İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisinin baş məşqçiliyinə potensial namizədlər - “Əcnəbilərə milyonlar, yerlilərə on minlər…”

Bu gün yerli saatla 20:00-da Azərbaycan milli komandası Dünya Çempionatı 2026-nın seçmə mərhələsində 2-ci oyununa çıxır. D qrupunda mübarizə aparan millimizin rəqibi potensialı kifayət qədər yüksək olan Ukraynadır.

4 gün öncəki İslandiya rəzalətindən sonra komandada və azarkeşlərdə böyük bir ümidsizlik hökm sürür. Bununla belə, “tunelin sonunda bir işıq görünür”... Bu da əvəzedici məşqçi ilə oyuna çıxmağımızdır. Belə ki, sentyabrın 5-də günə “uyğun davranaraq” 0:5 hesabı ilə məğlub olan millimizin portuqaliyalı baş məşqçisi Fernandu Santuş 4 milyon avro təzminatını aldı və postundan qovuldu.

Ukrayna qarşısına isə Azərbaycan futbolçularını çıxarmaq U-21-lərin baş məşqçisi Ayxan Abbasova həvalə olunub.

Futbol mütəxəssisləri hesab edirlər ki, Abbasovun özünü göstərməsi üçün onun karyerasında tarixi şans yaranıb. Qələbənin nə qədər çətin olduğu hamıya bəllidir, azından heç-heçəyə ümid etmək olar. O olmasa belə, yaxşı oyun oynatmaqla da Ayxan Abbasov bu posta ən layiqli olduğunu göstərə bilər.

Onu da bildirək ki, millinin baş məşqçiliyinə ən layiqli namizəd kimi əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun adı daha çox hallanır. Lakin onun buna razılaşacağı real görünmür. Çünki komandası “Qarabağ”la Çempionlar Liqasında ağır döyüşlərə hazırlaşır.

“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovun da adı namizədlər sırasında hallanır və bu bir qədər real görünür.

MUXTAR.jpg (22 KB)

Futbol mütəxəssisi Natiq Muxtarlı Musavat.com-a açıqlamasında Ukrayna qarşısında uğurlu nəticə gözləmədiyini qeyd edib:

“Ukrayna futbolçularının potensialı bəllidir. Bizim olduğumuz qrupda ikinci yerə iddialıdırlar. İlk turda da uduzublar. Onun üçün də Bakıda ikiqat mübarizə aparacaqlar. Bu, birmənalı belədir. Santuşun gedişindən sonra Ayxan Abbasovun gəlişi nəticəsində, eləcə də İslandiya rüsvayçılığından sonra toparlanma cəhdi olacaq. Azından ciddi mübarizə aparmaq olar. Bir də Ukrayna futbolçuları İslandiya oyununa baxıb yuxarıdan-aşağı Azərbaycan futbolçularına yanaşsalar, cəzalanma ehtimalları ola bilər. Amma Ukraynanın belə yanaşacağını gözləmirəm”.

N.Muxtarlı baş məşqçi məsələsindən də söz açıb:

“Futbolumuzun problemi təkcə baş məşqçi məsələsi deyil. İstər yerli, istərsə də əcnəbi məşqçi olsun, fərq etməyəcək. Sadəcə fərq budur ki, əcnəbilərə milyonlar veririk, amma yerli məşqçilərə on minlər. Uşaq futboluna milyonlar xərclənməlidir. AFFA çıxıb etiraf etməlidir ki, Azərbaycanda futbolun inkişafı üçün heç bir iş görülməyib, bu gün problemləri həll etməyə başlayırıq. Əgər biz indi işə başlasaq, qarşıdakı 10 ildə nələrəsə nail ola bilərik. O da yerli məşqçilərə tam etimad göstərilsə. Əks təqdirdə AFFA-nın boz divarları arasında müzakirələr gedəcəksə, gedib xaricdən yenə də əcnəbi məşqçi gətirib ona milyonlar verəcəklərsə, proses dəyişməyəcək”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR