İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan rəsmisi: Aramızda sülh var, indi Ermənistanın son addımı atmasını gözləyirik

Slovakiya qəzetinə geniş müsahibə verən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistan-Azərbaycan münasibətlərinə və gözlənilən sülh sazişinə dair vacib açıqlamalar da verib.

Musavat.com xəbər verir ki, Hikmət Hacıyev artıq Ermənistanla Azərbaycan arasında faktiki olaraq sülh mövcuddur və bölgədə sabitlik hökm sürür, tezisini səsləndirib.

“İlk növbədə vurğulamaq istəyirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh var. Müharibə bitib. Sərhədlərimizə baxanda hər yerdə sülh və sabitlik görürsən. Hətta deyərdim ki, bölgədə qanuniliyə və legitimliyə əsaslanan yeni status-kvo yaranıb. Təəssüf ki, əvvəlki vəziyyət Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalı faktından irəli gəlirdi. Ancaq bu mərhələni artıq keçmişdə qoymuşuq. Bunun əvəzinə gələcəyə baxırıq. Biz sülh sazişinin mətni barədə razılığa gəldik.”

Prezidentin köməkçisi həmçinin qeyd edib ki, kağız üzərində olan sülhlə ərazidəki real vəziyyətin bəzən fərqli ola bildiyi hallar olsa da, hazırda Azərbaycan-Ermənistan sərhədində bunun əksi müşahidə olunur. Qarabağ artıq heç bir gündəmin mövzusu deyil, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın bütün ərazilərindən tamamilə çıxarılıb.

Bununla belə, sülh sazişinin qüvvəyə minməsi üçün hələ də son addımın atılmasına ehtiyac var. Hikmət Hacıyev bununla bağlı deyib:

“Biz Ermənistanın konstitusiyasının mətnini dəyişdirməsini gözləyirik, orada hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddələr var.”

O, eyni zamanda Ermənistanla birbaşa, vasitəçilərsiz əlaqə kanalının mövcud olmasını müsbət qiymətləndirərək bildirib ki, iki ölkə problemləri açıq şəkildə müzakirə edir:

“Əsas fakt ondan ibarətdir ki, hərbi qarşıdurma elementləri tamamilə istənilən gündəmdən kənarda qalır. Bəli, aramızda mübahisə var. Amma qonşu ölkələr arasında mübahisələr bəzən tamamilə normaldır. Axı biz bunu bəzi Aİ-yə üzv dövlətlər arasında da görürük. Ancaq mübahisələri həll etmək üçün diplomatiyamız və dialoqumuz var və biz Ermənistanla münasibətləri hərbi qarşıdurmadan mübahisəyə çevirə bilmişik. Hesab edirəm ki, bu, yaxşı əlamətdir.”

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR