İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Rusiya münasibətlərində yenidən normallaşma: hər şey 7 oktyabrda bəlli olacaq...

Musavat.com xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi Azərbaycan-Rusiya münasibətlərində hazırkı vəziyyəti və perspektivləri təhlil edib. 

Mərkəzin qənaətinə görə, Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsində əsas şərt gözləntilərin yenidən müəyyən olunması və iqtisadiyyatın siyasi-humanitar risklərdən qorunmasıdır: 

Artıq qəti şəkildə demək olar ki, AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından əvvəlki vəziyyətə qayıdış olmayacaq. Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası nəticəsində münasibətlər deqradasiyaya uğrayıb.

Hazırda qarşılıqlı münasibətlərin transformasiyası baş verir - yeni normallığın çərçivələri formalaşır.

Necə idi?

Ən yüksək səviyyədə siyasi dialoq. Liderlər ildə bir neçə dəfə görüşür, operativ şəkildə telefonla zəngləşir və ikitərəfli gündəmin mövzularını koordinasiya edirdilər.

Azərbaycan və Rusiyanın xarici siyasət yanaşmaları əsasən üst-üstə düşürdü və tərəflər beynəlxalq platformalarda qıcıq doğura biləcək hərəkətlərdən çəkinirdilər.

İqtisadi komponenti üç istiqamətə bölmək olar: Əmtəə dövriyyəsi, strateji layihələrin həyata keçirilməsi (Şimal-Cənub, energetika) və qarşılıqlı investisiyalar.

Hərbi-texniki əməkdaşlıq münasibətlərin mühüm tərkib hissəsi idi. Lakin 2022-ci ilin fevralından sonra bu mövzu öz predmetini itirib.

Humanitar komponent - Azərbaycanda ruslar, Rusiyada azərbaycanlılar, rus dili - münasibətlərə emosionallıq qatırdı.

Necə ola bilər?

Bu gün ən yüksək səviyyədə siyasi dialoq yoxdur. Son altı ayda liderlər bir dəfə salamlaşıblar. Dialoq hökumətlərarası komissiyanın iclasında baş nazirin birinci müavinləri səviyyəsində baş tutub. Məhz bu səviyyədə yeni normallığın çərçivələri formalaşır.

7 oktyabr Rusiya Prezidentinin ad günüdür və ənənəvi olaraq Azərbaycan Prezidenti zəng edib onu təbrik edir. Görək bu il necə olacaq.

İlin sonunda isə Rusiyada MDB-nin növbəti sammiti keçiriləcək. Keçən il təyyarə qəzası məhz analoji sammit günü baş verdi. Ehtimal ki, Azərbaycan Prezidentinin sammitdə iştirakı Rusiyanın addımlarından asılı olacaq.

Yeni şəraitdə xarici siyasət yanaşmaları standart olaraq üst-üstə düşməyəcək. Azərbaycanın xarici siyasətində şimal istiqamətinin yeri və rolu artıq bütün digərlərindən geri qalır. Rusiya PA-nın yeni rəhbərliyilə qarşılıqlı əlaqə olmaya da bilər, bütün təmaslar XİN vasitəsilə həyata keçirilir.

Yeni normallıqda iqtisadiyyat aparıcı rol oynamalıdır - çünki burada maraqlar və qarşılıqlı fayda mövcuddur. Düzdür, Rusiyada azərbaycanlılara qarşı etnik əsasda təqiblər ölkələr arasında əmtəə dövriyyəsinə zərbə vuracaq. Bu Rusiyanın seçimidir və Azərbaycan buna reaksiya verəcək. Bu gün bunu dayandırmaq və iqtisadiyyatı qarşılıqlı münasibətlərin əsas tərkib hissəsinə çevirmək olar.

Strateji layihələrdə həm Moskvanın, həm də Bakının marağı var. Onlardan imtina planlaşdırılmır. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Şimal-Cənub layihəsini Zəngəzur dəhlizi ilə də həyata keçirmək olar.

Humanitar sahə ən çox deqradasiyaya uğrayıb. Burada bərpası mümkün olmayacaq qədər çox səhv edilib. Bakıda “Rossotrudniçestvo” və “Sputnik” artıq olmayacaq. Rusiya rəhbərliyinin anti-miqrant siyasəti qonşularla münasibətləri çətinləşdirir. Vəziyyəti bərpa etmək üçün həbs olunmuş Azərbaycan və Rusiya vətəndaşlarının azad olunması vacibdir.

Yeni normallıqda qarşılıqlı münasibətlərin müxtəlif sahələri bir-birinə təsir etməməlidir, əks halda, deqradasiya dərinləşəcək. Bu, çox çətin bir vəzifədir.

İlin sonuna qədər təyyarə qəzası mövzusunda aydınlıq yaranacaq - ya Moskva Bakının ədalətli gözləntiləri üzrə qərar qəbul edib böhranın əsas səbəbini aradan qaldıracaq, ya da "imtina etməyə" davam edəcək, bu da beynəlxalq məhkəmə proseslərinə səbəb olacaq.

Beləliklə, Azərbaycan və Rusiya arasında yeni normallıq daha aşağı səviyyəli siyasi dialoq və xarici siyasət uzlaşmaları şəraitində iqtisadi münasibətlərin davam etdirilməsindən ibarət ola bilər. Humanitar sahə əvvəllər gücləndirici rol oynayırdı, bu gün isə eskalasiya mənbəyidir.

Profil strukturlar iqtisadiyyatın siyasət və humanitar risklərdən qorunmasını nə dərəcədə təmin edə bilsə, yeni normallıq bir o qədər effektiv və davamlı olacaq. Əsas odur ki, normallığın çərçivələr yaradılsın və bir-birindən gözləntilərin yeni səviyyəsi müəyyən edilsin. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2025

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR