İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “Sputnik” işində saxlanılan 5 əməkdaşı sərbəst buraxdı

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

"Report"un əldə etdiyi məlumata görə, onlar Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib. 

Musavat.com-un şərhi: Bakıdan Moskva ilə münasibətlərin həlli istiqamətində xoşməramlı addım

Azərbaycanın “Sputnik” işi üzrə istintaqa cəlb edilmiş beş əməkdaşı sərbəst buraxması həm hüquqi, həm də siyasi baxımdan Bakı ilə Moskva arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılmış xoşməramlı addım kimi dəyərləndirilir. Görünür, son iki gündə intensivləşən proseslər, aparılan danışıqlar və diplomatik təmaslar artıq öz nəticəsini verməyə başlayıb.

İndi növbə Moskvadadır. Son günlərdə Mariya Zaxarovanın timsalında Rusiya Xarici İşlər Nazirliyi, eləcə də Kreml Azərbaycana ünvanlanan ritorikanı xeyli yumşaldıb. Xatırladaq ki, Zaxarova bu gün açıqlamasında “Rusiya və Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir” deyib və əlavə edib:

“…bundan xoşu gəlməyən qüvvələr də var, amma Moskva-Bakı əlaqələri möhkəm təməl üzərində qurulub”.

Bu gözlənilməz gəlişmələr iki ölkə arasında müəyyən təmasların intensivləşdiyini və normallaşma istiqamətində mühüm addımların atıldığını göstərir. Hətta bəzi məlumatlı mənbələr hesab edir ki, Bakı ilə Moskva arasında müəyyən razılıq əldə olunub və bu, “soyuq müharibə”nin bitməsi kimi qiymətləndirilə bilər.

Musavat.com-un müşahidələrinə görə, Azərbaycanın bu addımı həm ölkə daxilində, həm də Rusiyada bəzi media resurslarının ritorikasına təsir etməyə başlayıb. Artıq Azərbaycan mediasında günün ikinci yarısından etibarən Rusiyaya qarşı sərt ifadələr və aqressiya nəzərəçarpacaq dərəcədə azalıb. Rusiyanın öz mətbuatında bu tonda yumşalma hələ tam aydın hiss olunmasa da, mötəbər mənbələr orada da anti-Azərbaycan ritorikasında nifrət və aqressiyanın tədricən səngiməyə başladığını bildirirlər.

Beləliklə, Bakı “Sputnik” əməkdaşlarını sərbəst buraxmaqla, xoş niyyətini ortaya qoydu. İndi gözləntilər növbəti jestlərin və konkret addımların Moskvadan gəlməsi istiqamətindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR