İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan uşaq ölümünə görə ön sırada - ŞOK SƏBƏBLƏR

Quru rəqəmin arxasındakı qorxunc gerçək üzə çıxdı; pediatr əsas problemləri sadaladı

Dünya Bankı və "Statista"nın (bazar və istehlak məlumatları üzrə ixtisaslaşan alman şirkəti) məlumatlarına əsasən, Azərbaycan öz qonşuları arasında və Avropa ölkələri ilə müqayisədə ən yüksək uşaq ölümü göstəricisinə malikdir. Bildirilir ki, 2022-ci ildə Azərbaycanda perinatal ölüm göstəricisi hər 1000 doğulan uşağa nəzərən 16,2-yə çatıb.

Database.earth-in hesablamaları bu nisbətin 2023-cü ildə 14,9-a, 2024-cü ildə isə 14,2-yə qədər azaldığını göstərir. “Bununla belə, bu rəqəmlər qonşu ölkələr və Avropa ilə müqayisədə yenə xeyli yüksək olaraq qalır”, - hesabatda vurğulanır.

2022-ci ildə qonşu ölkələrdə aşağıdakı göstəricilər qeydə alınıb: Ermənistan: 1000-ə 10,8, Gürcüstan: 1000-ə 8,3, İran: 12,0, Rusiya: 1000-ə 4,6, Türkiyə: 1000-ə 9,1. 2019-cu ildə Aİ üzrə orta göstərici hər 1000 nəfərə 3,4 təşkil edib (Eurostat). Aİ-də ən yüksək göstəricilər: Malta (6,7), Rumıniya (5,8), Bolqarıstan (5,6). Ən aşağı göstəricilər Estoniya (1,6), Sloveniya, Finlandiya və İsveçdədir (hər biri 2,1).

Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, il ərzində Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 2 395 nəfər olub. Ölən uşaqların 1 329-u oğlan, 1 066-sı isə qız olub. Qeyd edək ki, hər 1 000 diri doğulan uşağa düşən ölüm göstəricisi 21,3 olub. Bu göstərici oğlanlarda 22,2, qızlarda isə 20,2 təşkil edib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə (sonuncu məlumat) 5 yaşadək ölən uşaqlarla bağlı göstərici son 20 ildə qeydə alınan ən yüksək göstərici olub.

Məlumat üçün onu da bildirək ki, dünyada uşaq ölümlərinin qiymətləndirilməsi üzrə BMT-nin Qurumlararası Qrupu (UNICEF, ÜST, Dünya Bankı, Əhali Fondu və s.) tərəfindən açıqlanan statistikaya əsasən, Azərbaycanda bu göstərici hər 1 000 diri doğulan uşağa görə 19 olub. Bu göstəriciyə əsasən, Azərbaycan Avropa və qonşu ölkələr arasında birinci yerdə qərarlaşıb. Avropada 5 yaşadək uşaq ölümü göstəricisi (hər 1000 diri doğulan uşağa): Azərbaycan - 19; Moldova - 15; Türkiyə - 13; Ermənistan - 10; Gürcüstan - 9; Albaniya - 9; Ukrayna - 8; Rumıniya - 7; Bolqarıstan - 6; Bosniya və Herseqovina - 6; Slovakiya - 6; Rusiya - 5; Xorvatiya - 5; Serbiya - 5;  Böyük Britaniya - 5; Polşa - 4; Belçika - 4; Macarıstan - 4; Yunanıstan - 4; İsveçrə - 4; Fransa - 4; İrlandiya - 4; Almaniya - 4; Niderland - 4; Çexiya - 3; Şimali Makedoniya - 3; İtaliya - 3; Monteneqro - 3; İsveç - 3; Litva - 3; Latviya - 3; İspaniya - 3; Portuqaliya - 3; Avstriya - 3; Danimarka - 3; Kipr - 3; İslandiya - 3; Lüksemburq - 2; Belarus - 2; Sloveniya - 2; Estoniya - 2; Norveç - 2; Finlandiya - 2.

Bu rəqəmlər reallığı nə dərəcədə əks etdirir? Burada bir yanlış hesablama yoxdur ki? Doğrudanmı Azərbaycanda uşaq ölümü ən yüksək səviyyədədir? Elə isə səbəb(lər) nədir?  

Qeyd etmək yerinə düşər ki, uşaq ölümü (xüsusən perinatal ölüm - yəni doğuşdan əvvəl və doğuşdan sonrakı ilk 7 gün ərzində baş verən ölümlər) ölkənin səhiyyə sisteminin, sosial rifahının və ictimai sağlamlıq şəraitinin əsas göstəricilərindən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in uşaq ölümlərinin (xüsusilə 5 yaşadək uşaqlar arasında) və perinatal ölümlərin əsas səbəblərini həm bioloji, həm də sosial-ictimai amillərlə bağlı olduğunu bildirir. Yenidoğulmuş dövründə (ilk 28 gün ərzində) əsas səbəblər vaxtından əvvəl doğuşdur (erkən doğum). Körpənin orqanları tam inkişaf etmədiyi üçün həyati funksiyalar (xüsusilə tənəffüs və sinir sistemi) zəif olur. Eləcə də doğuş zamanı ağırlaşmalardır. Məsələn, doğuş zamanı oksigen çatışmazlığı (asfiksiya), çətin və ya travmatik doğuşlar ola bilər. Digər səbəb doğuşdan sonra infeksiyalardır. Neonatal sepsis, pnevmoniya, meningit kimi xəstəliklər vaxtında aşkarlanmadıqda ölümə səbəb ola bilər. Anadangəlmə qüsurlar isə ürək, beyin, sinir sistemi və digər orqanlarla bağlı ciddi qüsurlardır.

Doğuş zamanı və ya əvvəl ananın sağlamlıq vəziyyəti də mühüm rol oynayır. Məsələn, şəkərli diabet, yüksək təzyiq, infeksiyalar (Zika, sifilis, QİÇS, COVID-19 və s.) 1 aydan - 5 yaşa qədər olan uşaqlarda ölüm səbəbləri isə bunlardır. Pnevmoniya-dünyada 5 yaşa qədər uşaq ölümlərinin əsas səbəblərindən biridir. İshal xəstəlikləri əsasən təmiz su və sanitariya çatışmazlığından yaranır. Orqanizmin susuz qalması ölümlə nəticələnə bilər. Qidalanma pozuntuları (malnütrisiya) - həm ayrı səbəb kimi, həm də digər xəstəlikləri ağırlaşdırıcı amil kimi çıxış edir. Malyariya - tropik bölgələrdə çox yayılıb, vaxtında müalicə olunmazsa ölümcül ola bilər. Qızılca, boğmaca, meningit və digər yoluxucu xəstəliklər də peyvəndləmə zəif aparıldıqda ölüm riski artır. Dolayı və sosial səbəblər də bura daxildir. Ananın təhsili və maariflənmə səviyyəsi aşağı olduqda uşaq baxımı və sağlamlığına dair məlumatlar da az olur. Eləcə də səhiyyə xidmətlərinə çıxışın məhdudluğu, xüsusilə kənd və dağlıq ərazilərdə tibbin inkişaf etməməsi, ictimai rifahın və gigiyena şəraitinin zəifliyi, erkən evliliklər və yeniyetmə analar, infrastruktur və nəqliyyat problemləri, təcili yardımın gecikməsi və sairə bu kimi hallar uşaq ölümünə səbəb olan amillərdir.

Aytən İsmayılzadə - Teleqraf

Pediatr Aytən İsmayılzadə “Yeni Müsavat”a deyib ki, bura doğuş zamanı ölüm, doğuşdan sonra ölüm və bətndaxili ölüm aiddir: “Bu üç mərhələ ginekoloqların, neanotoloqaların nəzarətində olan məsələdir. Səbəblər haqqında danışsaq, bu rəqəmlər həqiqəti ehtiva edirsə, burada ekoloji faktorları nəzərə alsaq, qonşu ölkələrlə bizim ekoloji mühit arasında demək olar ki, fərq yoxdur. Xidmət baxımından da vəziyyət eynidir. Sadəcə, bizdə qohum evliliklərinə çox üstünlük verilir. Bu bir çox xəstəliklərə gətirib çıxara bilir ki, bu da ölümlə nəticələnə bilər. Qohum evliliklərin qarşısının alınması məqsədilə Milli Məclisdə artıq  qanun qəbul olunub. Fikrimcə, bizdə başqa amillər yoxdur. Ola bilər ki, açıqlanan rəqəmlər həqiqəti əks etdirməsin. Amma ümumi olaraq ekoloji şəraiti, qidalanmanı, xəstəlikləri, müharibələri, çirklənməni, getdikcə zəifləyən immuniteti nəzərə alsaq, nəinki bizdə, bütün ölkələrdə perinatal ölüm arta bilər. Ölkəmizdə başqa bir xüsusi səbəb görmürəm”.  

Qeyd edək ki, mövzu ilə bağlı səhiyyə qurumlarına da müraciət etmişik, cavablandırıldığı təqdirdə işıqlandıracağıq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR