Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar demək olar ki, günaşırı tələbələrin vəfatı ilə bağlı xəbərlərlə qarşılaşırıq.
Rəsmi statistikaya görə, 2024-cü ildə Azərbaycanda 76 tələbə həyatını itirib. Onlardan 54-ü bakalavriat, 5-i magistratura pilləsində, 17-si isə orta ixtisas və tam orta ixtisas bazasında təhsil alırdı.
Xoşagəlməz artımın təhsil sahəsindən ola biləcək səbəbləri haqqında ekspert Ramin Nurəliyevə bir sıra suallar verdik.
Ekspert təhsil yükü, təhsil haqları və həlli yolunda aparıla biləcək addımlar haqqında Musavat.com-a danışdı:
“Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olmaq çətin, bitirmək isə asandır. Bu səbəbdən düşünmürəm ki, təhsil yükü tələbələr üçün ağırlıq təşkil etsin. Sadəcə bəzi tələbələr zamanında dərslərini oxumurlar, imtahan dövründə bütün semestrlik mövzuları oxuduqda onlara ağır gəlir”.
Ekspert təhsil haqlarının Azərbaycanda bəzi ali təhsil müəssisələrini çıxmaq şərti ilə 1500-3500 manat arasında dəyişdiyini bildirdi:
“Azərbaycandakı təhsil haqları Avropa ölkələrindən aşağı, MDB ölkələri ilə demək olar ki, eynidir. Bu, beynəlxalq müqayisədə orta olduğunun göstəricisidir. Dövlət sifarişli yerlərin sayının ödənişli əsaslardan çoxluğu isə digər müsbət haldır. Lakin ödənişli əsaslarda təhsil alan tələbələrə təhsil səviyyəsi yüksək olarsa, təhsil haqlarında müəyyən güzəştlər edilə bilər”.
Ramin Nurəliyev tələbə kartlarının gündəlik ehtiyacları qarşılayacaq vəziyyətdə olmadığını vurğuladı.
O qeyd etdi ki, effektiv güzəştlərin təmin olunması istiqamətində tələbə kartını təsis edən qurumun digər qurumlarla, nazirliklərlə əməkdaşlıq etməsi müsbət nəticələnər:
“İstər dövlət, istər özəl sektorlarla müəyyən əməkdaşlıq etməlidirlər. Bu əməkdaşlıq mağazalar şəbəkələri, idman-turizm sektoru və ən əsası, nəqliyyat sektorunda müəyyən güzəştlər yarada bilər”.
Ramin Nurəliyev təhsil ocaqlarındakı psixoloqlardan da bəhs etdi:
“Ali təhsil müəssisəsindəki tələbələrin psixoloqlara daha az ehtiyacı olduğunu düşünürəm. Beynəlxalq təcrübələrdə də ali məktəblərdə geniş psixoloq fəaliyyəti ilə qarşılaşmamışam. Psixoloji dəstək göstərilməsi üçün ayrılan kadrlara daha çox orta məktəblərdə ehtiyacın olduğunu düşünürəm. Lakin fəaliyyətlərinin qənaətbəxş olduğunu düşünmürəm.
Mütəxəssis ya psixologiya, ya da təhsildə sosial-psixoloji xidmət ixtisasını bitirməlidir. Bu barədə mütləq sertifikasiya aparılmalıdır. İxtisasına uyğun olmayan kadrlar əvəzinə sertifikatlı, gənc, dinamik kadrlar orta ümumtəhsil məktəbində çalışmalıdırlar”.
Fəlsəfə doktoru, sosioloq, pedaqoq Mail Yaqubov isə problemin sosioloji aspektdən səbəblərini Musavat.com-a açıqladı.
Tələbələrin depressiyaya düşməsi, həddindən artıq stress yaşamalarının çox ciddi problem olduğunu vurğuladı:
“Tələbələrin ailədaxili gərginliyə məruz qalması, doğru olmayan valideynlər arasında və ya valideyn-övlad arasında münasibətin qurulmaması nəticəsində depressiya yaranır. Tələbə olan övlada qarşı münasibətlər düzgün istiqamətlərdə olmalıdır. Valideyn olmaq təkcə bioloji akt deyil, valideyn olmaq məharət, bacarıqdır. Övlad tələbədirsə, valideyn onun psixologiyasını bilməlidir, düzgün qayğı göstərməlidir”.
Sosioloq digər səbəb olaraq təhsildə pedaqoqların yanlış münasibətlərini görür:
“Müəllimlər saatına 5-6 manat verilən dərsə ciddi yanaşmır. Mən demirəm ki, az əməkhaqqı alan müəllim tələbəsinə qarşı yanlış davranış göstərməlidir. Lakin bu faktor müəllimin davranışlarına təsir edir. Bir neçə dəfə bu halın şahidi olmuşuq”.
Mail Yaqubov məsələnin həllini tələbəni özünəqapanmadan, tənhalıq və depressiyadan yayındırmaq üçün ali təhsil müəssisələrinin müəyyən tədbirlər keçirməyində görür:
“Psixoloq, alim, tədqiqatçılarla maarifləndirici görüşlər keçirilməlidir. Görüşlər rəsmi, bir-iki foto xətrinə olmamalıdır. Həqiqətən tələbənin o görüşdən nəsə qazanması vacib olmalıdır”.
Mənzər Novruzlu,
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ