İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İsrail–Suriya vasitəçiliyi: Bakı Yaxın Şərqin güclü aktoruna çevrilir  

Yaxın Şərqdə illərdir davam edən geosiyasi qarşıdurmalar və hərbi toqquşmalar fonunda Azərbaycanın adı bu dəfə tamamilə fərqli bir missiya ilə gündəmə gəlib. Ərəb mediasında yayılan xəbərlərə görə, İsrail və Suriya nümayəndələrinin Bakıda gizli görüşü baş tuta bilər. Hələlik rəsmi səviyyədə təsdiqlənməyən bu məlumatlar, əslində, Azərbaycan diplomatiyasının son illər qazandığı mötəbər mövqenin və artan etimadın real göstəricisidir. Bakı artıq təkcə Cənubi Qafqazın deyil, bütün Yaxın Şərq və Avrasiya regionunun mühüm geosiyasi aktoruna çevrilib.

Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır

Prezident İlham Əliyevin apardığı müstəqil və çoxşaxəli xarici siyasət Azərbaycanın adını bir çox qlobal siyasi proseslərin mərkəzinə yazdırıb. Əvvəllər NATO-Rusiya və İsrail-Türkiyə kimi mürəkkəb tərəflər arasında əlaqələrin qurulmasında diplomatik "körpü" rolu oynayan Azərbaycan indi daha da iddialı və ambisiyalı rol götürür – düşmən münasibətlərdə olan iki ərəb dövlətinin ilk dialoquna ev sahibliyi etmək.

İsrail və İran arasında son hərbi qarşıdurmaların fonunda bu təşəbbüsün Bakıdan gəlməsi təsadüfi deyil. Son müharibədə İranın hərbi sisteminin zəifliyi, texnoloji geriliyi və təhlükəsizlik strukturunun iflası beynəlxalq ictimaiyyətin gözləri önündə baş verdi. Tehran isə bu reallığı xalq qarşısında gizlətmək və rejimin dayaqlarını qorumaq üçün klassik manipulyasiya üsuluna əl atdı – süni "qələbə" təbliğatı və xarici düşmən obrazının yenidən gündəmə gətirilməsi.

 Bu kontekstdə Azərbaycana qarşı səsləndirilən ittihamlar, əslində, daxili auditoriyaya hesablanmış psixoloji təzyiq mexanizmidir.

Iran targets Azeri ethnic minority activists to 'silence dissent,' Human  Rights Watch report reveals | Euronews

İranın rəsmi təbliğatı Azərbaycanın nüfuzunu gözdən salmağa çalışsa da, əksinə, bu ittihamlar Bakının artan gücünün dolayısı ilə təsdiqidir. Regionun sabitlik və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Azərbaycanın apardığı siyasət İranda yaşayan azərbaycanlılar da daxil olmaqla, region xalqları arasında getdikcə daha çox rəğbət qazanır. Bu isə İranın daxili ideoloji nəzarətinə ciddi təhlükə kimi qəbul edilir.

Təhlükəsizlik müstəvisində də mənzərə eynidir. İsrailin son hərbi zərbələri nəticəsində İranın əsas nüvə və hərbi obyektlərinin sıradan çıxması, MOSSAD-ın ölkə daxilində sərbəst fəaliyyət göstərə bilməsi, Tehranın illərlə qorumağa çalışdığı "güc və təhlükəsizlik qalası" mifini yerlə yeksan etdi. Bu həm də İranın dövlət aparatında texnoloji və kəşfiyyat sahəsindəki dərin boşluqları üzə çıxardı.

Bütün bu zəifliklər İran daxilində siyasi parçalanmanı da dərinləşdirib. Yeni seçilmiş prezident Məsud Pezeşkiyanın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri "molla rejimi"nin sərt müqaviməti ilə üzləşir.

Hətta bu cəhdlər "xəyanət" kimi təqdim edilir, prezidentə qarşı həm siyasi, həm də mediada təzyiqlər artır. Bu isə islahatçılarla mühafizəkarlar arasında gedən mübarizənin sadəcə söz savaşı deyil, siyasi rejimin gələcəyi uğrunda ciddi qarşıdurma olduğunu göstərir.

Azərbaycanın bu fonda vasitəçi qismində çıxış etməsi təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan geosiyasi proseslərdə rol oynaya biləcək aktora çevrildiyini göstərir. Bakı artıq enerji və logistika mərkəzi olmaqdan daha irəli gedərək diplomatik masa qurmağı bacaran bir gücə çevrilib. Ölkənin balanslı siyasəti, neytrallıq imici və müxtəlif qütblərlə normal münasibət saxlaya bilməsi bu nüfuzu daha da möhkəmləndirir.

Hizbullah HƏMAS-ın İsrailə hücumunu dəstəklədi - Turkustan.az

İranın Hizbullah və HƏMAS kimi proksi qüvvələrə sərf etdiyi milyardlarla dollar, ölkə daxilində iqtisadi böhran, texnoloji tənəzzül və idarəçilik səriştəsizliyi onu regionda etibarsız və iflasa uğramış bir oyunçuya çevirib. Azərbaycan isə bu xaotik fonda həm dayanıqlı iqtisadiyyat, həm də sabit siyasi sistem üzərində yüksələn diplomatik nüfuzla seçilir. İsrail və Suriya kimi illərlə düşmən mövqedə dayanan ölkələrin belə Bakıda danışıqlara razı olması Azərbaycanın yaratdığı diplomatik mühitin ciddiliyini bir daha təsdiqləyir.

Bu proses, əgər reallaşarsa, region üçün tarixi dönüş nöqtəsi ola bilər. Azərbaycanın təşəbbüsü ilə baş tutacaq dialoq təkcə İsrail-Suriya münasibətlərinə deyil, Yaxın Şərqdə gərginliyin azaldılmasına və diplomatiyanın önə çıxarılmasına da ciddi təkan verə bilər. Bu isə Azərbaycanın sülhə yönəlmiş siyasətinin, geosiyasi rasionalizminin və artan beynəlxalq nüfuzunun bariz nəticəsidir.

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR