İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi - turizm və ticarətdə yeni dövr

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib.

Beləliklə, Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizadan azad edilib.

Xatırladaq ki, Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb.

Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a iki ölkə arasında viza rejiminin ləğv edilməsinin yaratdığı imkanları şərh edib.

NİGAR SON.jpeg (299 KB)

N.Məmmədova hesab edir ki, Azərbaycan və Çin bundan sonra əməkdaşlığı daha da genişləndirəcək:

“Dövlətlər turizm siyasətində iqtisadi artım, iş yerlərinin yaradılması, infrastrukturun inkişafı, mədəni irsin və ətraf mühitin qorunmasına, təşviqinə önəm verirlər. Turizm həm də beynəlxalq əlaqələri gücləndirir, yeni əməkdaşlıq sahələrini genişləndirməyə kömək edir.

Viza rejiminin ləğvi və ya sadələşdirilməsi isə səyahətləri, işgüzar əlaqələri asanlaşdırır, ölkələr arasında mədəni mübadiləni təşviq edir. Eyni zamanda qarşılıqlı potensial investorlar, biznes tərəfdaşları və tədqiqatçılar üçün yeni imkanlar açır.

Təcrübə göstərir ki, səyahət edən şəxslər də bronlaşdırma müddətlərinin qısalmasına, məhdud planlaşdırma tələb edən istiqamətləri seçməyə üstünlük verir. Azərbaycan və Çin arasında viza rejiminin ləğvi də bu mənada turizm sənayesini inkişaf etdirmək, iqtisadi, mədəni əlaqələrin daha da genişləndirilməsinə təkan olacaq. Bu, həm də dövlətlər arasında kadr mübadiləsinin asanlaşdırılmasını daha geniş təşviq edəcək. Hər iki ölkə turizm siyasəti üzrə kommunikasiya və koordinasiyanı gücləndirməyə, turistlərin mübadiləsini birgə təşviq etməyə hazırdır”.

Nigar Məmmədova diqqətə çatdırıb ki, son illər Azərbaycan çinli turistlər üçün cəlbedici məkana çevrilib:

“2024-cü ildə Azərbaycana gələn çinli turistlərin sayı 2023-cü illə müqayisədə 2 dəfə çox olub. Səbəb viza prosedurlarının sadələşdirilməsi, Bakıdan Pekinə və Urumçiyə birbaşa uçuşların çinli turistlərə daha rahat, səmərəli səyahət xidmətləri təqdim etməsidir.

Ölkələrimiz arasında münasibətlər hərtərəfli strateji əməkdaşlıq üzərində inkişaf edir. Bakı və Pekin iki ölkə üçün faydalı olan inkişaf yolunu, daha inklüziv, dinc və davamlı qlobal gələcəyin qurulması istiqamətində addımlar atır.

Hesab edirəm ki, intensiv qarşılıqlı səfərlər vasitəsilə müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi mümkün olacaq. Bu isə qarşılıqlı şəkildə iqtisadi dividendlərin əldə olunması deməkdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR