Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən görüş Cənubi Qafqazda yaranmaqda olan post-münaqişə geosiyasi nizamının konturlarını aydın şəkildə üzə çıxarır. Bu görüş təkcə diplomatik jest deyil, həm də Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin və artan siyasi çəkisinin nəticəsidir. İllərlə davam edən və nəticəsiz qalan danışıqlar formatı - istər ATƏT-in iflasa uğramış Minsk Qrupu, istərsə də müharibədən sonra öz maraqlarını gizlətmədən prosesə qatılmağa çalışan üçüncü ölkələrin vasitəçilik cəhdləri reallıqda problemin həllindən çox, status-kvonu qorumağa xidmət edirdi.
Əbu-Dabi formatı: Azərbaycan-Ermənistan münasibətlərində yeni siyasi mərhələ
İkitərəfli birbaşa danışıqlar üçün Əbu-Dabinin seçilməsi təsadüf deyil. Ən əsası ona görə ki, BƏƏ-nin bu məsələdə heç bir marağı yoxdur, hər hansı tərəf rolunu oynamır, Azərbaycana dost ölkədir, Ermənistanla da yaxşı münasibətləri var.
Əbu-Dabi görüşünü tarixi dönüş nöqtəsi adlandırmaq olar. Hər hansı vasitəçinin iştirakı olmadan baş tutan ikitərəfli təmas Azərbaycan tərəfinin illərdir irəli sürdüyü mövqeyin-sülhün regional çərçivədə, birbaşa və şəffaf dialoqla mümkün olmasının praktiki təsdiqidir. Bu görüş həm də region dövlətlərinin öz talelərinə sahiblənmək iradəsini göstərir. Azərbaycan öz milli maraqlarını yalnız özünün müəyyən etdiyi siyasi trayektoriya üzrə təmin edir və vasitəçilərin manipulyativ təsirini kənarlaşdıraraq, prosesi suveren iradəsi ilə formalaşdırır. Bu, həm də Ermənistan üçün açıq mesajdır: danışıqlar masasındakı qeyri-səmimi oyunlar dövrü başa çatıb. İndi real siyasətin və qarşılıqlı məsuliyyətin zamanıdır.
Etimadsızlıq mühitindən inamlı dialoqa
Sirr deyil ki, regionda sülh prosesini pozmaq və tərəflər arasında etimadsızlıq toxumu səpmək istəyən müəyyən qüvvələr və dairələr mövcuddur. Həm regiondaxili, həm də beynəlxalq müstəvidə müəyyən maraq qrupları uzunmüddətli sabitliyin yaranmasında maraqlı deyillər. Onlar müxtəlif alətlər - informasiya manipulyasiyası, diplomatik təzyiq, təxribatlar və ya daxildə qeyri-sabitlik yaratma vasitələri ilə prosesi ləngitməyə çalışırlar. Azərbaycanla yanaşı, bütün bunlar, eyni zamanda bunu hansı qüvvələrin etmək istəməsi Ermənistana da yaxşı məlumdur. Bu baxımdan İrəvanın bu dəfə belə qüvvələrin təsirindən yayınaraq daha realist və konstruktiv mövqe sərgiləməsi, Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasına açıq yanaşması müsbət haldır.
Əbu-Dabi formatı, əslində, uzun illər ərzində tərəflərə təlqin edilən “vasitəçisiz mümkün deyil” tezisinin iflasa uğradığını nümayiş etdirdi. Bu formatın üstünlüyü ondadır ki, danışıqlar prosesi daha səmimi mühitdə gedir. Tərəflər fikirlərini üçüncü tərəfin təsiri olmadan, açıq və şəffaf şəkildə bir-birlərinə çatdıra bilir. Belə müzakirələr həm də danışıqların effektivliyini artırır.
Bu görüş bir daha sübut edir ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün üçüncü tərəflərin, xüsusilə də prosesi öz geosiyasi maraqları üçün alətə çevirən güclərin iştirakı zəruri deyil.
Vasitəçisiz diplomatiya və sülh gündəliyində iqtisadi dönüş
Azərbaycan tərəfinin uzun müddətdir, irəli sürdüyü “birbaşa dialoq” çağırışının real nəticə verməsi rəsmi Bakının müstəqil və prinsipial siyasətinin uğurlu nəticəsidir.
Bu görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmasa da, onun mahiyyəti sülh müqaviləsinə gedən yolda mühüm addım hesab olunur. Əbu-Dabi görüşü xüsusilə mövcud fikir ayrılıqlarının aradan qaldırılması və ortaq anlayışların formalaşdırılması baxımından önəmli mərhələdir.
Danışıqlarda əsas müzakirə mövzularından birinin Zəngəzur dəhlizi ilə bağlı olacağı gözlənilir. Bu dəhliz isə təkcə Azərbaycanın Naxçıvanla quru bağlantısını təmin etmək deyil, həm də regionda iqtisadi inteqrasiya və logistik əməkdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycan üçün bu layihə 2020-ci il 10 noyabr bəyanatında təsbit olunmuş öhdəliklərin icrası və regionda kommunikasiya xətlərinin açılması istiqamətində prinsipial əhəmiyyət daşıyır. Ermənistan üçün isə bu dəhliz izolyasiyadan çıxış və regional ticarət zəncirlərinə qoşulmaq üçün nadir fürsətdir. Bu baxımdan, Zəngəzur dəhlizinin danışıqlar masasında real siyasi iradə ilə müzakirə olunması, tərəflərin müəyyən anlaşma nöqtələrinə yaxınlaşması kimi qiymətləndirilə bilər.
Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni regional format
Əbi-Dabi görüşü tərəflərin danışıqların gələcəyini öz siyasi gündəmlərinə uyğun şəkildə müəyyənləşdirmək istədiklərini göstərir. Bu isə sülh prosesini xarici təsirlərdən azad etməklə daha dayanıqlı və real nəticələrə gətirib çıxara biləcək formatın əsasını qoyur.
Bu model qorunub saxlanılsa və tərəflər arasında birbaşa dialoq davam etsə, yalnız iki ölkə arasında deyil, bütün regionda dayanıqlı sülhün bərqərar olmasına təkan verəcək. Ermənistan nə qədər tez Azərbaycanın sülh təşəbbüslərini qəbul edib konkret razılaşmalara gəlsə, bir o qədər tez iqtisadi və sosial baxımdan regionda yeni mərhələyə keçid mümkün olacaq. Bu isə regiona yalnız sabitlik və əməkdaşlıq gətirə bilər./apa
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ