Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlir. Artıq dövlətimizin Mərkəzi və Şərqi Avropa ölkələri ilə də əlaqələri yeni siyasi mərhələyə qədəm qoyub. Xüsusilə, Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə xarici siyasətimizin mühüm istiqamətlərindən birinə çevrilib. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda, Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Bir neçə gün əvvəl Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə dövlətimizin başçısının Budapeştə işgüzar səfəri zamanı keçirdiyi görüşlər, mətbuata verdiyi açıqlamalar da iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyindən xəbər verir.
Musavat.com xəbər verir ki, bu fikirləri qəzetimizə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O, iki ölkə arasında diplomatik əlaqələrin yaranma tarixindən söhbət açaraq deyib ki, Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və illər keçdikcə dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. Hüquq müdafiəçisi 2014-cü ildə Azərbaycan və Macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalandığını xatırladaraq deyib ki, bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Tanınmış hüquqşünas Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatın dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunu bildirib:
“Azərbaycan Prezidenti dedi ki, Azərbaycanla Macarıstan dost ölkə, strateji tərəfdaşdırlar. İki ölkə arasında bir çox oxşarlıqlar var. Birincisi, tarixi köklərimizdir. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də, demək olar, bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Energetika sahəsində də uğurlu əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Macarıstan şirkətləri Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında - əsas iki neft və qaz layihəsində pay sahibidir. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Təsadüfi deyil ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir”.
Ç.Qənizadə Macarıstanın Avropa İttifaqı daxilində digər üzv dövlətlərdən fərqli olaraq öz suverenliyini və iqtisadi müstəqilliyni qoruyan nadir ölkələrdən biri olduğunu qeyd edib və diqqətə çatdırıb ki, xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti, təbii olaraq, prinsiplərdən biridir. Buna baxmayaraq, ölkə rəhbərliyi həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub.
Hüquq müdafiəçisi dövlətimizin başçısının bəyanatında diqqət çəkən məqamlardan birnin də İkinci Qarabağ müharibəsi barədə məlumat verməsinin olduğunu deyib. Prezident diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı: “BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
“Prezident İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli əlaqələri gücləndirmək yox, həm də Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdəki rolunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”- deyə Ç.Qənizadə bildirib.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ