İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Moskvadan çəkinmir deyə “tərəfdaş” deyilmiş! - Qara siyahıdakı şəxs “ağıl verir”

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulindən qalmaqallı açıqlama gəlib. Rusiyalı deputat “Lenta.ru” saytına verdiyi müsahibəsində bildirib ki, Azərbaycan heç vaxt Rusiya üçün strateji tərəfdaş olmayıb.

Zatulinin sözlərinə görə, Azərbaycanın nə Avrasiya İqtisadi İttifaqında, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı var və məhz bu qurumlara üzv ölkələrə qarşı “strateji tərəfdaş” anlayışı işlədilir.

“Eyni zamanda, belə təşkilatlarda iştirak belə, ölkələrin açıq şəkildə anti-Rusiya siyasəti yürütməsinin qarşısını almır”, – deyə Zatulin qeyd edib.

İQTİSADİ.jpg (84 KB)

Deputat, həmçinin, 2023-cü ilin payızında Qarabağda erməni silahlı birləşmələrinin tərk-silah edilməsindən və bölgənin tam Azərbaycan nəzarətinə keçməsindən sonra rəsmi Bakının artıq Moskvadan çəkinməyə ehtiyac görmədiyini bildirib.

“Qarabağın erməni əhalisindən təmizlənməsindən sonra Azərbaycanın rəhbərliyi üçün Rusiyanın mümkün mənfi reaksiyası ilə hesablaşmaq ehtiyacı ortadan qalxdı. Rusiya ilə xüsusi münasibətləri qabartmaq artıq vacib deyil”, – deyə Zatulin vurğulayıb.

Buna baxmayaraq, Zatulin hesab edir ki, Qarabağ mövzusu olmasa belə, Azərbaycan və Rusiya ticarət və iqtisadi əməkdaşlıqdan faydalanmalıdır. Onun sözlərinə görə, hazırda Rusiyada çox sayda azərbaycanlı miqrant işləyir və Rusiya vətəndaşları arasında da azərbaycanlılar geniş təmsil olunur.

Deputat əlavə edib ki, Azərbaycan heç zaman strateji tərəfdaş olmayıb və bu, Rusiyanın öz səhv yanaşmasının nəticəsidir:

“Azərbaycan heç vaxt strateji tərəfdaş olmayıb – bu, bizim yanlış təsəvvürümüz idi. Onu “Şimal-Cənub” nəqliyyat dəhlizinin elementi kimi istifadə etmək planlarımız da, məncə, çox problematik görünür. Bu istiqamətdə işlər aparılır, amma hələlik ciddi irəliləyiş yoxdur”.

Qeyd edək ki, Konstantin Zatulin Ermənistana dəstək verən mövqeyi və Azərbaycan əleyhinə sərt açıqlamaları ilə tanınır. O, daha əvvəl dəfələrlə Bakı ilə Moskva arasında münasibətləri şübhə altına alıb və Kremlin “Ermənistana daha çox borclu” olduğunu iddia edib.

HİKMET SON.jpeg (40 KB)

Millət vəkili Hikmət Babaoğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Konstantin Zatulin “Böyük ruslar” şovinizmindən zəhərlənmiş, çox kiçik və radikal siyasi fiqurdur:

“Onun fikirləri ilə biz 44 günlük müharibə dövründə tanış olmuşuq və Azərbaycana qarşı etnik nifrətinə də şahidlik etmişik. Hazırda Rusiya-Azərbaycan münasibətləri konteksində şovinist düşüncələrindən çıxış edərək qiymətləndirmə aparır. Əslində bu mövqedə olan tək Zatulin deyil. Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsində aqressivləşən imperialist şüur özünü müdafiə instinkti ilə hər tərəfə hücumlar etməyə başlayıb. Nəticədə imperializmin belə eybəcər təzahürləri ortaya çıxıb.

Azərbaycan hər nə qədər Rusiya ilə münasibətləri yüksək səviyyədə saxlamağa çalışsa da, Rusiya- Azərbaycan münasibətlərini korlamağa çalışan Zatulinlər həmişə olub. Çox təəssüf ki, bu, siyasi fiqurlar səviyyəsində baş verib. Torpaqlarımızın işğal edildiyi vaxtlarda biz çoxsaylı general və müdafiə nazirləri səviyyəsində Zatulinlər gördük. Xocalı soyqırımı zamanı da Zatulin təfəkkürünün daşıyıcıları ilə qarşılaşdıq.

Belə Zatulinlər nə Rusiya dövlətçiliyinə, nə də qonşuluq münasibətlərinə xeyir gətiriblər. Ona görə də əgər Zatulin fikirləri ilə Azərbaycanı KTMT-yə və Avrasiya İqtisadi İttifaqına cəlb etmək məqsədini daşıyırsa, Azərbaycan belə təzyiqlərə boyun əyməyəcək.

Azərbaycan müxtəlif imperialist mərkəzlərin təşəbbüsünə qoşularaq öz təhlükəsizliyini təmin edən ölkə deyil. Azərbaycanın özü regionda təhlükəsizlik çətiri yaradıb, başqa ölkələri ora cəlb edəcək qədər güclüdür”.

Deputat deyib ki, Zatulinin 44 günlük müharibə zamanı çarəsiz çırpıntıları necə nəticəsiz qaldısa, bu gün də Azərbaycana qarşı səsləndirdiyi iddialar nəticəsiz qalacaq:

“Zatulin o qədər ziddiyyətli və savadsız siyasi fiqurdur ki, müdafiə etdiyi Ermənistan tərəfindən də “persona non-grata” elan edilib, həm də hücum etdiyi ölkələr, o cümlədən Azərbaycan tərəfindən qara siyahıya salınıb. Bu, Zatulinçiliyin xəstə təfəkkürlü olduğunu göstərir. Nə Rusiyaya, nə də qonşu ölkələrə xeyir verir. Ona görə də Rusiyanın özündə bu cür düşüncələrə qarşı bir mübarizə cəbhəsi yaradılmalıdır. Nəticə etibarı ilə bu, Rusiyanın xilası olardı”.

Qeyd edək ki, K. Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaq işlərlə məşğul olub, amma Azərbaycana qarşı şər, böhtan atmaqdan, qərəzli fikirlər səsləndirməkdən çəkinmir. Bu insanı daha yaxşı tanımaq üçün onun keçmişinə nəzər salmaq lazımdır. Məsələn, LDPR-in mərhum lideri Vladimir Jirinovski vaxtı ilə onu “heyvan”, “alçaq” adlandırıb, bundan da ağır ifadələrlə təhqir edib.

JİRİN.jpg (81 KB)

Zatulin həm də separatizmə dəstəyi ilə tanınır. Təkcə Qarabağ məsələsində deyil, postsovet məkanındakı digər münaqişələrdə, həmçinin, Gürcüstan məsələsində separatçıların tərəfdarı və müdafiəçisi kimi çıxış edib. Məhz Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən “persona non-grata” elan edilib, 2008-ci ildə Simferopol aeroportunda saxlanılaraq bu ölkəyə girişi birdəfəlik qadağan edildi. Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq aldı. 2010-cu ildə K.Zatulin separatçı Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən “arzuedilməz şəxs” elan edildi. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynadı.

Onun erməni separatizminə olan ehtirası ermənilərin daha çox olduğu Soçidə yaşadığı müddətdə inkişaf edib. Zatulin buradan da deputat seçilib. Ermənilər qarşısında maddi və mənəvi öhdəlikləri olması səbəbindən də Zatulin ermənipərəst mövqe tutur, bununla da tək seçildiyi ərazinin deyil, bütün Rusiya ermənilərinin “etimadını” doğrultmağa çalışır. Zatulin tək Azərbaycana qarşı deyil, digər dövlətlərə qarşı da belə təxribat xarakterli fikirlər səsləndirir. Ötən il o, qırğızların ünvanına təhqiramiz sözlər deyib. Zatulinin ermənipərəst mövqeyi açıq-aydındır və qarşı tərəfin sifarişlərini yerinə yetirməklə məşğuldur.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR