İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda həftəsonu harada piknik etmək olar? – ÜNVANLAR BU REPORTAJDA

Son illərdə Azərbaycanda, xüsusilə də Bakıda piknikə maraq hiss olunacaq qədər artıb. Ən yaxşı avantajı da hər kəs üçün əlçatan olmasıdır.

Piknik sadəcə yeməkdən ibarət deyil, həmçinin sosiallaşmaq üçün əla vasitədir. Azərbaycanda piknik mədəniyyəti pandemiya müddətində evdə dustaq olmuş insanlardan sonra daha da populyarlaşıb. İndi piknik demək olar ki, şəhər həyatının ayrılmaz hissəsinə çevrilib. Artıq insanlar piknik üçün spesifik vaxtı gözləmirlər, nə zaman istəsələr, içində yüngül qidalar olan səbət və süfrə ilə piknikə hazır olurlar. Məhz bu səbəbdən də paytaxt Bakıda həm pullu, həm də pulsuz açıq hava məkanları artmaqdadır.

Piknik mədəniyyətinin şəhər sakinlərinin həyatına necə təsir etdiyini bilmək üçün yollandıq Gənclik parkına.

PİKNİ.jpeg (3.03 MB)

Bir qrup gənc qız yerə açdıqları süfrə ətrafında oturaraq gah gülüşərək xatirələrini paylaşır, gah da süfrədəki atışdırmalıqlardan yeyirdilər.

PİKNİK.jpeg (1.33 MB)

“İmtahan ayı başlamadan qrup yoldaşlarımızla piknik etmək qərarına gəldik. Çəmənlikdə, təbiətdə stressdən uzaqlaşırıq. Bəzən yeməklərimizi elə olduğumuz parka sifariş edirik, bəzən isə mağazadan su, meyvə, atışdırmağa bir şeylər alıb yeyirik. Tələbə olduğumuza görə evdə yemək hazırlamaq çox vaxt apardığından sifariş etmək daha rahatdır.

Piknik bitdikdən sonra isə qalıqları paketləyib evə aparırıq, zibilləri zibil qutusuna atırıq”, - onlar bildirdilər.

Parkda sadəcə gənclərə yox, həmçinin ailələrə, məktəblilərə də rast gəlmək olar. Piknikə gələn valideynlər süfrəni hazırlayır, uşaqlar isə qaçışır, oynayırdılar.

Uzaqdan əlində həsir səbətlə gələn nənə nəvəsi ilə birlikdə vaxt keçirmək üçün bu parka üz tutmuşdu.

“Piknik sadə olmasına baxmayaraq, uşaqların ən sevimli fəaliyyətidir. Hər həftə nəvəmi gətirirəm, o, bunu çox sevir. Həm binada dörd divar arasından uzaqlaşaraq təbiət qoynunda azad hiss edir, həm də özünə yeni dostlar tapır, sosiallaşır.

Bizim zamanımızda belə parklar az idi, olsa da, yaşıllıqlarda oturmaq nədir, daxil olmaq belə qadağan idi. Bu tip parkların çox olması daha yaxşı olardı”, - o qeyd etdi.

PİKNİ SON.jpeg (237 KB)

Parkda bir az gəzişdikcə həm velosiped, həm də skuter sürən gənclərin sevincini hiss etmək olurdu.

Bundan əlavə, park ərazisindəki kiçik göldə katamaranlar da mövcud idi. Parkın qonaqları insanlarla kifayətlənmirdi, eyni zamanda qarğa və quşlar da parkı ziyarət edirdi.

SKUTER SO.jpeg (75 KB)

Məktəblərin bitməsinə az qalmış bir sıra məktəblilər müəllimlərlə birgə parkda piknik üçün süfrə ətrafına yığışmışdılar.

“Məktəb artıq yekunlaşır, çox vaxt ancaq telefonla vaxt keçirirdim, burda heç ağlıma da gəlmədi. Dostlarımızla voleybol oynadıq, müəllimimiz də bizə qoşuldu. İlk dəfə idi müəllimlə oynayırdım. Bu günlər mənim üçün çox özəldir, həmçinin məktəb həyatının ən yaddaqalan günləridir.

Yeməkdən sonra süfrəmizin üzərindəki zibilləri yaxınlıqdakı zibil konteynerinə atırıq. Çünki parkları təmiz saxlamaq bizim borcumuzdur”, - deyə məktəbli bildirdi.

Müəllimin sözlərinə görə, uşaqları belə xoşbəxt görmək onu da xoşbəxt edir:

“Dərs prosesi ciddidir, lakin burada daha sərbəst, daha yaradıcıdırlar. Təbiətlə təmas onların zehnini açır, bir növ yenilənirlər”.

PİKNİ YENİ.jpeg (396 KB)

Təbiətlə iç-içə olmaq uşaqdan böyüyə qədər hamıya xoşbəxtlik bəxş edir. Burada yaşanılan hər şey sadə görünsə də, insanlar üçün yadda qalan xatirədir. Piknik insanları qısa müddətlik olsa da, dərdlərdən və qayğılardan uzaqlaşdırır.

“Gənclik” kimi parklar paytaxt ərazisində çoxluq təşkil edir.

Bakıda tamamilə pulsuz piknik ünvanları isə bunlardır:

- Dədə Qorqud parkı, Mərkəzi park, Nizami Gəncəvi adına park, Heydər Əliyev Mərkəzinin ətrafı, Meşə parkı, Pirallahı adası, Zabitlər parkı, Yasamal parkı, Çəmbərəkənd parkı və s.

Bununla yanaşı, ödənişli piknik məkanları da mövcuddur. Məsələn, Mərkəzi Nəbatat bağına 6 yaşa qədər uşaqlara pulsuz, böyüklər 2 manat ödəməklə, Botanika İnstitutunun ərazisinə hər kəs üçün 2 manat, Balıqlı gölə giriş 5 manat, Mərdəkan Dendrarisinə 2 manat, Ömər Atçılıq Mərkəzinə giriş 3 yaşına qədər pulsuz, böyüklər üçün isə 5 manat nəzərdə tutulub.

İnarə Hünbət,
Mənzər Novruzlu
Fotolar müəlliflərindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR