Onlayn ictimai-siyasi qəzet
Bakı küçələrində, sosial şəbəkələrdə gənclərin və valideynlərin xəyalını qarışdıran elanlar bir xeyli gənci bu gün çətin duruma salıb.
“Türk seriallarında pulsuz iştirak! Ulduzluğa aparan yol buradan keçir!” kimi qulağa xoş gələn elanları oxuyub göstərilən ünvana gedənlər az olmayıb. Amma bütün bunların arxasında onlarla insanın aldadıldığını iddia etdiyi böyük bir fırıldaq sxemi dayanırmış.
Musavat.com-a müraciət edənlər əsasən gənclər və onların valideynləridir.
Bu ilin fevralından etibarən “Ekol Media” MMC adlı şirkət Instagram səhifəsində “təmənnasız türk serialı çəkilişlərində iştirak” elanları paylaşmağa başlayıb. Onlarla vətəndaş bu elanlara inanaraq şirkətlə əlaqə saxlayıb, şəxsi məlumatlarını verib və Bakı şəhəri, Süleyman Rüstəmov küçəsi 205 ünvanında yerləşən ofisə dəvət olunub.
Ofisdə vətəndaşlara kino təlimləri, çəkilişlərdə iştirak, diplom, hətta bəzilərinə baş rolda çəkilmək kimi cazibədar vədlər verilib. Üstəlik, tanınmış sənət adamları, məsələn, aktyor Rəşad Kəsəmənli də dərslərə cəlb olunub. Bu da iştirakçıların inamını daha da gücləndirib.
Lakin təmənnasız elan edilən bu layihənin əslində ödənişli olduğu ortaya çıxıb: vətəndaşlardan 600-1000 manat pul tələb edilib. Ödənişlər nağd və ya Zeynalova Nubar Mahir qızı adına köçürmə yolu ilə aparılıb. Müqavilələr isə “Ekol Media” MMC adından Akman Murat tərəfindən imzalanıb.
İştirakçılara bildirilib ki, əvvəlcə iki ay tədris keçiriləcək, üçüncü aydan çəkilişlər başlayacaq və diplomlar veriləcək. Amma vaxt bitib, tədris mərhələsi yekunlaşıb, çəkilişlər olmayıb, diplomlar verilməyib, bütün vədlər havada qalıb.
İndi həmin insanlar dəfələrlə şirkətə zəng etsələr də, cavab ala bilmirlər. Ofis isə bağlıdır.
Redaksiyamıza müraciət edən 17 nəfər arasında azyaşlı övladlarını da bu serial xəyalına qoşan valideynlər var.
Məsələn, Xaçmazdan olan Cəlalə Süleymanlı yazır ki, oğlu Ömərin Türkiyəyə aparılıb serialda baş rolda çəkiləcəyi barədə hətta imzalı, möhürlü vədlər verilib. Bu ailə ümumilikdə 600 manat ödəyib.
Başqa bir şikayətçi – Yeni Yasamaldan Aygün Mirzəliyeva 9 yaşlı qohumunun çəkilişlərdə iştirakı üçün 500 manat verdiyini deyir.
Müraciət edənlərin hər biri 400-1000 manat məbləğ ödəyib, amma qarşılığında heç bir nəticə görməyib.
Aldadıldığını iddia edənlər “Azad İstehlakçılar” İctimai Birliyinə müraciət edərək məsələnin ictimailəşdirilməsini və hüquqi addımlar atılmasını istəyiblər.
Birliyin sədri Eyyub Hüseynov məsələni nəzarətə götürdüklərini və hüquq-mühafizə orqanlarının da məlumatlandırılacağını bildirib.
Hazırda “Ekol Media” şirkəti və müraciətdə adı çəkilən direktor Akman Murat mətbuatın və vətəndaşların suallarına cavab vermir. Aldadıldığını bildirən vətəndaşlar ödədikləri pulların geri qaytarılmasını və aidiyyəti qurumların məsələni araşdırmasını tələb edirlər.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ