İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının yeni üçlüyünün favoriti – Fotolar, VİDEO

İndi Bakıda 3 şey sürətlə artır. Yollarda taksilər, küçələrdə apteklər, metro stansiyalarının həndəvərində lombardlar.

Lombardın niyə “yağışdan sonra göbələyə” çevrilməsinin səbəbini öyrənmək üçün üz tutduq metronun “Neftçilər” stansiyasının ətrafına.

Bir az ümid, bir az qızıl, əl əsdirən faizlər...

Lombardların müştəriləri danışmağa həvəsli deyillər. Danışanlar da kasıbçılıqdan qəvi düşmən kimi bəhs edir.

LOMBAR.jpeg (97 KB)

“Kasıbın dərdi toy-bayram olar, bizim toy-bayramımız heç bitmədi”, - lombarddan çıxan orta yaşlı həmsöhbətim belə deyir.

Əlavə edir ki, borclular borc alıb borclarını odəmək üçün ünvan tapmayanda üz tutacaqları yeganə ünvan buradır.

Əgər “Neftçilər” və ya “Xalqlar dostluğu” metro stansiyalarının ətrafında bir gününüzü keçirsəniz, gözünüzə ən çox dəyən “Lombard” sözü olacaq.

Lombardland - bankların qovduğu xalqın son ünvanı

Lombardlar ilk dəfə 15-ci əsrdə İtaliyada, xüsusilə Lombardiya bölgəsində meydana gəlib. Adını da buradan götürüb. Orta əsrlərdə zadəgan ailələrə məxsus olan bu kredit müəssisələri ilkin olaraq zənginlərin ehtiyat mallarını girov götürərək borc vermək üçün istifadə olunurdu. Amma bu sistem tədricən kasıbların, təcili pula ehtiyacı olanların “xilas qapısı”na çevrildi.

Avropanın bir çox ölkəsində lombardlar bir dövr dövlət nəzarətində fəaliyyət göstərsə də, sonradan özəlləşdirilib və indi dünyanın bir çox yerində, xüsusilə də iqtisadi çətinliklərin hökm sürdüyü ölkələrdə geniş yayılıb.

LOMBA SON.jpeg (95 KB)

Bəs Bakıda lombard bolluğuna ehtiyac hardan qaynaqlanır?

Azərbaycan paytaxtında son illərdə lombardların sayı təkcə iqtisadi göstərici deyil, həm də sosial durumun rəmzinə çevrilib. Aylıq gəliri inflyasiyaya uduzan, banklardan kredit ala bilməyən və ya daha sadə dillə desək, “qapıdan qaytarılan” insanlar üzünü lombarda tutur. Çünki banklar insanlara etibar etmir. Gəlir arayışı, kredit tarixi, zamin tələbi, bircə ayaqda “qribki” olub-olmamasını istəmirlər.

Bütün bunlar bankı əlçatmaz edir. Bankdan əliboş çıxan da üz tutur lombarda. Burada sadəcə əlindəki qızılı verirsən, borcunu alırsan. Vəssalam. Nə sorğu var, nə zamin, nə də arayış.

Bankdan qovulub, lombardda məskunlaşıb - kasıbçılıq

“Neftçilər” metrosu ətrafında həmsöhbət olduğumuz lombard müştəriləri arasında kimlər yoxdur?

Yaşı 60-ı ötmüş Teymur Məmmədlinin sözlərinə görə, saç ustasıdır. Gözləri zəifləyib deyə, daha əvvəlkitək işləyə bilmir. Təqaüdə isə hələ uzun illər var.

Teymur lombarda üz tutmasını qazancının azlığı ilə izah edir:

“500-600 manatla ayı başa vura bilmirəm. Qaz, işıq, su, zibil, ev, bələdiyyə, internet pulu evimizi yıxıb. Kimdən pul istəyim? 500-600 manatı qazanana qədər pulu lombarddan alırıq, pul gələndə də veririk bura, qızılı geri alırıq. Özü də elə faiz yazırlar ki, elə bil Mərkəzi Bank bizik. Çarə yoxdur eee dərdimizə…”

“Qızılların ancaq fotoları qalıb. O da ailə albomunda”

Orta yaşlı, geyim-kecimindən “cin ürkən” Natiq Şərifov da pulsuzluqdan şikayətlənir:

“Əllərimə bax, görürsən bu qabarları? Səhərdən axşama kimi işləyirəm, pul çatmır ki, çatmır. Mən artıq bu lombarda o qədər girib-çıxmışam ki, elə bil kartla mağazaya girib yemək-içmək alıram. Kassir də bilir ki, arvadın bircə dənə qızıl qolbağı qalıb. Qalan qızılların ancaq fotoları qalıb. O da ailə albomunda”.

LOMBARDD.jpeg (113 KB)

Zümrüd Məmmədovanın 70 yaşı var. Bir vaxtlar Bakı Trikotaj Fabrikində işləyib. Sonradan isə günəmuzd işlərdə çalışıb, çörəkpulunu qazanıb, övlad böyüdüb:

“Kişini sovetin dövründə maşın vurdu öldürdü. Yetimlərimlə qaldım. Əvvəllər uşaqlar savadlı olmalıdır deyirdilər, mən də oxutdurdum uşaqları. Nə olsun? Məktəbdə müəllimdir, 800-900 manat maaş alır. 2 toy, bir yas düşdü, evimiz yıxıldı. İndi oxuyan da, oxumayan da lombarda düşür. Bu necə işdir, baş açan da yoxdur”.

Murad Həsənov elektrikdir. Lombarddan pul götürməsini prosesin tez başa gəlməsi ilə izah edir:

“Qızılın da üzü qaralıb. Ayda iki dəfə “içəri” girir, çıxır. Elə bil işə düzəlib burda... Adam olsaydı, girov qoyulmaqdan bezərdi qızıllar…”

Kimisi nişan üzüyünü, kimisi anasının sırğasını, toyda gözqamaşdıran boyunbağını bura gətirir.

Hər tində bir lombard…

Bu gün Bakıda borc pulun ünvanı lombardlardır. Bu yerlərdə müşahidə olunan lombard sıxlığı Nizami rayonunda yaşayan əhalinin iqtisadi durumunun göstəricisidir həm də.

LOMBA YENİ.jpeg (197 KB)

İnsanların aylıq gəliri qəfil tibbi xərcləri, məktəb ödənişlərini və ya kirayə haqqını qarşılamağa bəs etmir. Çarə bir gecəlik “qızıl pulu”dur. Lombard isə həmin qızılı dərhal pula çevirir.

Maraqlıdır ki, bu ərazilərdə lombardların sayı aptekləri üstələyib. Qapılarda ucuz kağızda çap olunmuş “girovla pul verilir” yazıları, içəridə isə soyuq, rəsmi bir stul, bir masa, bir də çəki tərəzisi binəva müştərini gözləyir.

Banka düşməyən kasıb lombarda düşər

Azərbaycanın rəsmi statistikasına görə, işsizlik səviyyəsi stabildir. Amma lombardların çoxalması reallığın başqa üzü olduğunu göstərir. Lombardlara axın edən insanlar statistikaya daxil olmur. Onlar nə bank müştərisidir, nə də sosial yardım alanlar. Onlar “arada qalanlar”dır. Cəmiyyətin görünməyən, amma hər addımda hiss edilən təbəqəsidir.

LOMBAR EN SON.jpeg (124 KB)

Lombardlar rəsmi maliyyə qurumlarından fərqli olaraq çox yüksək faizlə kredit verir. Aylıq 3-5 faiz deyil, bəzən 10-15 faizə qədər yüksələn faizlər var. 1000 manat alırsınızsa, bir ay sonra 1100 manat qaytarmalısınız. Gecikmə olduqda isə qızılınız satışa çıxarılır. Çox zaman da dəyərindən qat-qat aşağı qiymətə.

Amma insanlar bu riskə gedirlər. Onlar bilirlər ki, bank onlara inanmayacaq, 100 dəfə kömək etmiş dostlar 101-ci dəfə kömək etməyə həvəs göstərməyəcək. Lombardların qapısı isə “qızıl udan əjdaha”dır, 7/24 açıqdır. 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR