Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərində küçələrdə sıxlıqla bağlı verilən xəbərlərdə daim eyni küçələrin adları çəkilir. Elə bu gün də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində; Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Bundan əlavə həftə sonları dəniz kənarı ərazilərə üz tutan əhali yoldakı sıxlıqdan addım ata bilmir. 1 saatlıq yolu 4-5 saata getmək məcburiyyətində qalırlar. Bu, həm zaman, həm də benzin xərci baxımından ziyandır.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a deyib ki, şəhərsalma və tikintidə olan qüsurlar, yol infrastrukturunun bu günün tələblərinə uyğun hesablanmaması, bir qisim sürücülərin yol hərəkəti və parklanma qaydalarını bilməməsi, piyada səkilərinin və avtomobil yollarının zəbt olunması tıxacların yaranmasına səbəb olur. Ekspert bildirib ki, Bakı paytaxt olmaqla yanaşı, həm də iri sənaye və turizm şəhərinə çevrilir. Qlobal tədbirlərin Bakıda keçirilməsi zamanı yolların bağlanması və məhdudiyyətlər də tıxac yaradır.
Eldəniz Cəfərov əlavə edib ki, yay mövsümündə çimərliklərə gedən yollarda sıxlıqların olması gözlənilən haldır. Çalışmaq lazımdır ki, bu sıxlıq tıxaca çevrilməsin. Müvafiq qurumlar və sürücülər düzgün, vaxtında hərəkətə keçməlidirlər .
Bəzi sürücülər avtobus zolaqlarından şikayətlənirlər. Düşünürlər ki, sıxlığı yaradan amillərdən biri bu zolaqlardır. Məsələ ilə bağlı ekspert bildirdi ki, avtobus zolaqlarının yaradılması zəruridir.
“Avtomobildə olan insanlardan fərqli olaraq, avtobuslarda sərnişin sayı daha çoxdur. Sıxlıq və tıxac zamanı avtobuslardan istifadə etmək məqsədəuyğundur. Lakin təkcə ictimai nəqliyyatın inkişafı ilə sıxlığın qarşısını almaq mümkün deyil. Milyonluq şəhərdə tıxac yaradan əsas amil şəhərsalma ilə bağlıdır və burada müəyyən addımlar atılmalıdır”.
Ekspert qeyd edib ki, tıxacların aradan qaldırılması ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair dövlət proqramı var və bu proqram 2025–2030-cu illəri əhatə edir:
“Proqramda sıxlıq və tıxacların aradan qaldırılması ilə əlaqədar müəyyən müddəalar var. Ümid edirəm ki, müddəaları yerinə yetirən dövlət qurumları öhdəliklərini vaxtında icra etsə, o zaman tıxacların azalmasına və qəzaların sayının da aşağı düşməsinə qismən nail olmaq mümkün olacaq”. Ekspert bildirib ki, son 2 il ərzində ictimai nəqliyyatın avtobus seqmenti gücləndirilib. 400 yeni avtobus marşruta buraxılıb. İlin sonuna qədər ehtimal olunur ki, əlavə 200 yeni avtobus istifadəyə veriləcək. Bu kifayət qədər böyük rəqəmdir və ictimai nəqliyyatı daha cəlbedici edir. Metro sistemi SSRİ dövründə, Bakı şəhərinin əhalisi və iqtisadiyyatı bugünkündən xeyli az olan bir zamanda qurulub. İndi isə metronun daha təhlükəsiz və keyfiyyətli olması üçün yeni tunel və stansiyaların mərhələli şəkildə tikintisinə başlanılıb” - deyə ekspert vurğulayıb.
Mənzər Novruzlu
Musavat.com
16 Iyul 2025
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ