Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Çinin moderatorluğu ilə Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci zirvə görüşü keçirildi. Çin Qərb Alyansına qarşı alternativ ŞƏT yaradıb. Amma bu illər ərzində ŞƏT Qərb alyanslarına alternativ ola bilmir. Sadəcə amorf qurum olaraq uzun illərdir fəaliyyət göstərir.
Musavay.com xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə məsələyə bu cür mövqe bildirib:
"Şanxay Əməkdaşlıq Təşkilatı Avropa İttifaqı, NATO kimi təşkilatlar qarşısında kifayət qədər zəifdir. Çünki Avropa İttifaqı demokratik dəyərlərə və liberal iqtisadiyyata əsaslanır. Üzv ölkələr arasında qarşılıqlı etimad və ciddi siyasi koordinasiya var. Ölkələr arasında bütün sahələrdə birgə fəaliyyət var və fəaliyyəti beynəlxalq hüquqa söykənir.
Şanxay Əməkdaşlıq Təşkilatının daxilində Rusiya kimi aqressor ölkə, Hindistan-Pakistan arasında dərin düşmənçilik və Çinlə-Hindistan arasında dərin siyasi böhran təşkilatın yeni dünya siyasi nizamının qurulmasına və təsir etməsinin qarşısını alır.
Xüsusilə, Çin bu problemlər fonunda təşkilat vasitəsilə öz geosiyasi nizamını qura bilməz. Sadəcə Çin öz iqtisadiyyatı ilə nüfuzunu genişləndirə bilər. ŞƏT daxilində qanunun aliliyi və beynəlxalq hüquqa hörmət kimi dəyərlər kağız üzərindədir".
Siyasi şərhçinin fikrincə, Şanxay Əməkdaşlıq Təşkilatının böyüyüb Avropa İttifaqı və NATO kimi dünya siyasi nizamını yönəldəcək kimi təşkilat olması mümkün görünmür:
"Azərbaycan sadəcə Çinlə siyasi-iqtisadi əlaqələri inkişaf etdirmək və Orta Dəhlizin səmərəliliyinin artırılması üçün bu təşkilatla əməkdaşlıq edir. Azərbaycanın marağındadır ki, Çindən gələn yüklər Azərbaycan üzərindən Qərbə və əks tərəfə daşınsın.
Azərbaycan Qərblə əməkdaşlıq etməklə, ABŞ vasitəçiliyi ilə Ermənistanla sülh əldə edildi və regionda təhlükəsizlik təmin edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev prosesləri obyektiv qiymətləndirməklə iki güc arasında ölkəmizin siyasi-iqtisadi maraqlarını uğurla təmin edir. Bir növ Azərbaycan Sakit-Hind okean periferiyası ilə Atlantik okean periferiyası arasında bir dəhliz olmaqla yeni siyasi nizamda regionda mövqeyini gücləndirir".
Xalidə Gəray
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ