Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə dərinləşir. Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.
“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”, -deyə DİN mətbuat xidmətinin yaydığı məlumatda vurğulanır.
Multi-Media Mərkəzinin rəhbəri Osman Gündüz bank kartlarından oğurluqda insan amilini xüsusi vurğulayıb. Bu isə o deməkdir ki, kiberdələduzlarla bank məlumatlarına çıxışı olan şəxslər arasında əlaqə var. Yəni kibercinayətlər mütəşəkkil qaydada törədilir. Nəticədə Azərbaycan vətəndaşlarının pulları oğurlanır, banklara olan inam, etibar isə azalır.
“Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub:
– Maarifləndirmə kampaniyaları güclənib,
– Kibermütəxəssislərin sayı xeyli artıb,
– İnfrastruktur müasirləşdirilib,
– DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada.
– Bu Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud system qurulub və s.
Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kiber cinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır.
Hər gün külli miqdarda talamalar var. Burada nəsə çatışmır – və çox güman ki, bu çatışmazlıq texnologiya deyil, İNSAN amilidir.
Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan “yağlı müştərilər” hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq.
Şübhələr nəyə əsaslanır?
Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması -satışı ola bilməz.
Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər.
Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır.
Nə etməliyik?
1. Fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir.
2. Banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir.
3. Məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s.
Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq.
Hər gün açıqlanan statistikalarla yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq.
Belə davam edərsə vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər.
Bu dolayısı ilə nəqdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə , rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək.
Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbrilər görüləcək”.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycanda bank kartlarından oğurluqlarda bank işçilərinin rolu təsdiqlənərsə, bank işçilərini ağır cəzalar gözləyir:
-Əgər Azərbaycanda bank işçilərinin kiberdələduzlara bilərəkdən yardım etməsi, yəni məlumat sızdırmaları, müştəri məlumatlarını ötürmələri və ya cinayətkar şəbəkələrlə əməkdaşlıq etmələri sübuta yetirilərsə, bu, əməl Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə hüquqi məsuliyyətə səbəb ola bilər.
Belə əmələ yol vermiş bank rəsmisinin əməli Cinayət Məcəlləsinin 272-ci - kompüter məlumatlarının qanunsuz əldə edilməsi maddəsi ilə tövsif oluna bilər.
Əgər bank işçisi sistemdən məlumatları qanunsuz əldə edib ötürürsə, bu halda o, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Cinayət Məcəlləsinin 273-cü - Kompüter məlumatlarının qanunsuz dəyişdirilməsi, silinməsi və ya bloklanması, məlumatların pozulması, məqsədli dəyişdirilməsi hallarına yol vermiş bank rəsmisi eyni müddətə azadlıqdan məhrum edilə bilər. Bundan başqa, Cinayət Məcəlləsinin 178-ci dələduzluq maddəsi ilə də əməl tövsif oluna bilər. Əgər bank işçisi dələduzluğa şərikdirsə, bu, mütəşəkkil dəstə tərkibində törədilmiş dələduzluq kimi qiymətləndirilə bilər. Bu halda 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Bank rəsmisi vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, kiberdələduzlara bu yolla müştərilərin məlumatlarını ötürübsə, bu halda əmələ Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə qiymət verilir.
Yəni vəzifəli şəxs səlahiyyətlərini cinayət məqsədilə istifadə edirsə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə və dövlət vəzifələrindən kənarlaşdırma ilə cəzalandırılır. Belə olan halda onun vəzifə saxtakarlığına yol verib-verməməsi də araşdırma predmeti olur.
Yoxlanılır ki, məlumatların bilərəkdən təhrif olunması və ya sənədlərdə saxtakarlıq olub və ya olmayıb. Təısdiqlənərsə ki, saxtakarlıq olub, bu halda bank rəsmisi cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalana bilər. Əlavə olaraq şəxsin əmlakı müsadirə oluna bilər. Bank sektorunda işləmək qadağası qoyula, zərərçəkmiş vətəndaşlara ödəniləcək maddi təzminat tələb edilə bilər. Əgər sübut edilərsə ki, bank işçisi bilərəkdən kiberdələduzluğa yardım edib və ya müştəri məlumatlarını sızdırıb, onu ciddi cinayət məsuliyyəti gözləyir. Mütəşəkkil şəkildə və külli miqdarda ziyan vurulubsa, bu işçinin illərlə azadlıqdan məhrum edilməsi mümkündür.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ