İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayındır xanın qara çadırı və Rusiyanın qara reyestri

Gözəl xəbərdir. Çoxdan lazım idi. Hətta son illərdə bu, bir ilkdir. Axır vaxtlar Rusiyada hələm-hələm pozitiv təşəbbüslər irəli sürülməz. Bu, çox yaxşı oldu.

Söhbət şimal qonşumuzda subay kişilərin adının “qara qiyahı”ya salınması ideyasından gedir.

Biz qısaca “qara siyahı” deyək, amma rusiyalı deputatları “subay kişilərin reyestri” deyirlər. Aşağı-yuxarı, eyni şeydir. Şimal elində “reyestr” deyilən hər şeydə mütləq qara nəsə var.

Bu xüsusda qərar qəbul edilsə, üç aydan artıq müddətdə heç bir eşq-məşq görüşünə çıxmayan, rəsmi nikahda olmayan kişilər nəzarətə götürüləcək, sonra isə onlar ya islah işlərinə, ya da məcburi hərbi xidmətə göndəriləcəklər.

Biz bu təşəbbüsü anlayışla qarşılamalıyıq. Çünki bizim folklorumuzda, dastanlarımızda da var. O vaxt, Dədə Qorqudun dövründə Bayındır xan övladı olmayan Alparuzu qara çadıra yerləşdirməmişdimi? Həmin məsələdir.

Halbuki Alparuzun subaylığı, yəni övladsızlığı kefindən deyildi, tibb elmi inkişaf etmiş olsa, müalicə olunar, ən pis halda süni mayalanma nəticəsində övlad sahibi olardı və Bayındır xanın reyestrinə daxil edilməzdi. Nəticədə sonradan Oğuz elində qanqaraçılıq olmaz, qardaş-qardaşa qılınc çəkməzdi. (Hələ də var ki, bəlkə problem Alparuzda deyilmiş, zövcəsindəymiş. Bayındır xan kimi ağsaqqal gərək bu işə qol qoymayaydı).

İndi bir-birinə qılınc çəkmək növbəsi slavyan qardaşlarda – ruslar və ukraynalılardadır. Artıq qabağa verib qırdırmağa əsgər tapılmır, bəzi məsuliyyətsiz gənclər isə veyil-veyil gəzirlər, evlənmirlər, romantik görüşə çıxmırlar, döl kampaniyasında iştirak etmirlər.

Bu gedişlə cəmi 18 ildən sonra nə olacaq, bilirsiniz? Federasiyada milli əsgər olmayacaq. Ona qədər başqa qara reyestrdə olan miqrantlar da ya qırılıb qurtaracaqlar, ya da sonuncusuna qədər ölkədən qovulacaqlar. Bəs kim döyüşəcək? Məmurların, oliqarxların patsanları da xaricdədir. Onların reyestri ayrıdır.

Rus strateqlər uzaqgörəndirlər, ona görə də bəri başda tədbir görürlər ki, potensial dölçülər araqdan-pivədən vura-vura gün keçirməsinlər, əllərini daşın altına, dizlərini yerə qoysunlar, etnosun gələcəyini fikirləşsinlər. “Özgə şamına ümid olan ac yatar” deyib atalar.

Amma plandakı “üç aydan artıq müddətdə heç bir romantik görüşə getməyənlər” söhbəti bir balaca qaranlıqdır, hətta sürüşkən haqq-hesabdır. Birdən “qara siyahı”ya düşmək istəməyən gənclər romantik görüşə getdilər, amma sonra evlənmədilər və övlad sahibi olmadılar, onda necə olacaq?

Bu variantda gərək orqanlar görüşə çıxanları izləsinlər, görəndə ki, onlar eləcə oturub pivə içə-içə laqqırtı vururlar, xüsusi təyinatlılara əmr etsinlər, onlar da içəri təpilib gəncləri danaboyun etsinlər, desinlər, yaramazlar, iki saatdır burda nə boş-boş danışırsınız, xalq sizdən hərəkət gözləyir.

Özü də limit var: üç romantik görüşdən sonra məsələ evliliklə bitməlidir. Yoxsa oğlanı basacaqlar hərbi xidmətə, gəlinliyə namizəd də ya oturub romantik-romanrik ağlayacaq, ya da gedəcək gecə barında kimisə “qara siyahı”dan xilas etməyə.

Göründüyü kimi, çox insanpərvər, eləcə də vərənpərvər təşəbbüsdür. O vaxt Hitler də ari irqinin gələcəyi üçün belə təşəbbüslər üzərində düşünürmüş, başqa millətlərə könül verməyi təqdir etmirmiş.

Amma həmişə olduğu kimi, gül kimi təşəbbüsə dodaq büzən, göz qıyan, burun çəkənlər var, deyirlər, bu, insan hüquqlarına zidd və şəxsi həyata kobud müdaxilədir.

Belə deyənlər strateji düşünmürlər, heç mühəndisdən də çox bilmirlər. Rusiyada doğum səviyyəsi ildən-ilə azalır, demoqrafik durum bərbad olub gedir. Necə olsun bəs?

O vaxt Çingiz xan dizini qatdalayıb öz oymağında otursaydı, Macarıstana qədər alaçqıq tikə-tikə, müxtəlif ulusları fəth (eləcə də məhv) edə-edə getməsəydi, bu gün dünyada onun genetik kodlarını daşıyan 18 milyon insan olardımı? Olmazdı. Hələ əcdadlarının o qədər əziyyətinin qabağında müasir monqollar bu qədər azalıblar, Sulutəpədən Mərdəkana qədər olan ərazini güclə doldura bilərlər.

Əslində bu işin məsuliyyətini öz üzərinə götürmək istəyən etnik qruplar var, intəhası, son il yarımda onları dəhmərləyib Rusiyadan çıxarırlar və yerinə yeni, işgüzar və həvəskar erkəkləri qəbul etmirlər. Çox yox, ikicə il onlara dəyməsələr, yerli əhali ilə yaxınlaşmalarına mane olmasalar, bir az stimul, bir az da qaz versələr, Rusiyanın “qara çadır” quraşdırmasına ehtiyac qalmaz.

Yenə özləri bilər. Atalar deyib ki, zər qədrini zərgər bilər, çörəyi də çörəkçiyə vermək lazımdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR